Ukraynadakı “qaçaq səfir” Bakıda dələduzluq işində izlərini itirməyə çalışır – sensasion təfərrüat
Rusiya-Ukrayna müharibəsinin ikinci günü Kiyevdən qaçan səfir Elmira Axundova Bakıda pul davasına başlayıb. Belə məlum olur ki, qaçaq səfir Bakıya çatar-çatmaz məhkəmə icraçıları ilə əlaqəyə keçib və cinayətə bərabər məhkəmə hökmü üzrə pul qazanmağa çalışır.
Elmira Axundova və oğlu Həbibovun adları illərdir ki, 8 milyonluq dələduzluq işinin əsas fiqurantları kimi hallanır. Məsələni mahiyyəti budur ki, hələ deputat olarkən Elmira Axundova tanıyıb-bildiyi şəxslərə oğlu Həbibin qurduğu katric biznesinə pul yatırmağı və divident qazanmağı təklif edib. Deputatın çağırışı özünü çox gözəltməyib və oğlu Həbib Axundova yatırım olaraq külli miqdarda vəsait verilib. Pul verənlərdən biri də Elmira Axundovanın “qardaşım” deyib 2 dəfə parlament seçkilərində səlahiyyətli nümayəndə seçdiyi müharibə veteranı Fərman Məmmədov olub. Bir neçə aylıq divident ödənişindən sonra Elmira Axundova tanıyıb-bildiyi şəxslərə “biznes batdı” deyib.
Həmin gündən sonrakı müddət ərzində Elmira Axundova və oğlunun əmlak siyahısı olduqca sürətlə artmağa başlayıb. Ana-balanın ümumilikdə 100 min manat civarında olan varidatları “biznes batdı” elanından sonra az qala 50 milyon manata yaxınlaşıb.
Elmira Axundova Bakının mərkəzində 5 mərtəbəli, ümumi sahəsi 10 min kvadrat metri aşan biznes mərkəzi, “Port Baku Residence” yaşayış kompleksində ümumi sahəsi 375 kvadrat metr olan 1109 B saylı mənzil, 228 və 233 saylı dayanacaq yerləri, Qəbələ şəhəri, S.Ə.Şirvani küçəsi 112 ünvanında mülkiyyətində olan 0.14 ha torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evi, Bakıda çoxsaylı evlərə və bir-birindən bahalı maşınlara sahiblənməyə başlayıb.
Oğlu da anasından geri qalmayıb. Həbib Axundov Bakı şəhəri, Nərimanov rayonu, Aşıq Alı küçəsi, 3 A ünvanında yerləşən 0.0225 hektar torpaq sahəsi və üzərində 4 mərtəbəli ofis, “Port Baku Residence” yaşayış kompleksində 509 B saylı mənzil və əlavə olaraq dayanacaq yerləri alıb və bahalı maşınların kolleksiyaçısına çevrilib.
03.10.2013-cü ildə 2012-ci ildə istehsal olunan “Porsche Cayenne” minik avtomobili, Az 90 CF 900 nömrə nişanı;
19.05.2014-cü ildə 2012-ci ildə istehsal olunan “Porsche Cayenne” minik avtomobili, həmin avtomobilə Az 10 HH 111 nömrə nişanı;
02.07.2014-ci ildə 2013-cü ildə istehsal olunan “Jeep Wrangler” minik avtomobil, Az 90 XX 111 nömrə nişanı;
8 gün sonra, 15.02.2014-cü ildə 2013-cü ildə istehsal olunan “Porsche Panamera” minik avtomobili, Az 90 RR 111 nömrə nişanı;
“K-45″ adlı ABB 1278 bort nömrəli ”Yamaha 242 Limited S” tipli gəzinti kateri – yaxta 01 iyul 2016-cı il tarixdə keçirilmiş texniki baxışın nəticələrinə əsasən Həbib Axundovun adına dövlət qeydiyyatına alınıb.
Bundan başqa, bir neçə skuterə də sahiblənib. Bu, Həbib Axundovun əmlaklarının tam siyahı deyil. Bütün bu əmlaklar Elmira Axundovanın məlum elanından sonra əldə olunub. Həmin günlərdə Elmira Axundovanın məsləhəti ilə oğlu Həbib Axundova külli miqdarda pul verən zərərçəkənlər hüquq-mühafizə orqanlarına müraciət edib dələduzluğa məruz qaldıqlarını yazırdılar.
O günlərdə Elmira Axundova və oğlu Həbib Axundov onları ölkə prezidentinə şikayət yazmaqdan çəkindirmək üçün məhkəmələrlə hədələyirdi. Nəhayətdə Elmira Axundovanın evinin daimi qonağı Elnur İbrahimovu “günah keçisi”nə çevirib ortalığa çıxardılar. Milyonlarla manat pulu Elnur İbrahimovun təkbaşına mənimsəməsi “nağılı” ortaya atıldı. Elnur İbrahimov Qəbələyə Elmira Axundovanın yanına aparıldı və oradan izləri itdi. Azərbaycan hüquq-mühafizə orqanları Elnur İbrahimovu 1 ildən artıq axtardı. Sonda məlum oldu ki, Elnur İbrahimov Qəbələdə Elmira Axundova ilə məsləhətləşəndən sonra Gürcüstana, oradan da Elmira Axundovanın doğulduğu Rusiya paytaxtına qaçıb, orada gizlənib.
Zərərçəkənlər pullarının geri qaytarılması üçün Elmira Axundovaya, oğlu Həbib Axundova dəfələrlə müraciətlər etsələr də, xeyri olmadı. Elmira Axundova Ramiz Mehdiyevin əlindən medal alma ərəfəsində Fərman Məmmədovan aldığı 250 min manatın 125 min manatını qaytardı. Qalan hissəsini isə qaytaracağına söz verdi. Oğlu da ayrılıqda öz ünvanına nalayiq söyüş söyüb pulun qaytarılacağını dedi.
Elmira Axundovanın Fərman Məmmədovla səs yazısı var. Orada qaçaq səfir Fərman Məmmədova “sənin pulunu qaytaracağıq” deyir. Oğlu Həbib Axundovun da “Fərman əmi, sənin pulunu qaytarmasam oğ… olaram” dediyi səs yazısı mövcuddur. Amma 2013-cü ildə dələduzluqla ələ keçirilən pul bu günə qədər Fərman Məmmədova qaytarılmayıb. Fərman Məmmədov Bakı Ağır Cinayətlər Məhkəməsində dəfələrlə bildirdi ki, o, pulu Elmira Axundovanın məsləhəti ilə onun oğlu Həbib Axundova verib, Elnur İbrahimova pul verməyib.
Pulun məhz Həbib Axundova verilməsini təsdiqləyən sənədlər, səs yazıları ilə yanaşı Elnur İbrahimovla Həbib Axundov arasında SMS yazışmalar da var. Həmin yazışmalardan o da aydın olur ki, Elnur İbrahimov günaşırı Elmira Axundovaya 5 min manat pul göndərirmiş.
Sənədlər, səs yazıları, SMS yazışmalar cinayət dosyesində olsa da, nə ibtidai istintaqda, nə də məhkəmədə araşdırıldı, müvafiq hüquqi qiymət verildi. Cinayət işində Fərman Məmmədov tərəfindən pulun Həbib Axundova verilməsini təsdiq edən sənədlər ola-ola, Elnur İbrahimov 9 il müddətinə azadlıqdan məhrum olundu. Elmira Axundova Kiyevdən Bakıya qaçandan sonra xəbər çıxdı ki, məsləhət verdiyi Elnur İbrahimovun cəzası da endirilib.
Bu qalmaqallı məhkəmə işində 8 milyon manatın dələduzluqla ələ keçirilməsi təsdiqlənsə də, ələ keçirən şəxs kimi yalnız Elnur İbrahimov məhbəsə yola salınıb. Faktiki isə dələduzluq işi üzərindən 30 milyon manatın ələ keçirilməsi haqda təkzib olunmayan məlumatlar var.
Məhkəmə Elnur İbrahimov haqda hökm çıxarana qədər isə Elmira Axundova və oğlu Həbib Axundova zərərçəkənlərin susdurulması istiqamətində hərəkətə keçmişdilər. Ana-bala Axundovlar Binəqədi Rayon Məhkəməsinə iddia verib zərərçəkənlərin prezidentə müraciətlərinin yasaqlanmasını, dələduzluq işində olan Elmira Axudovanın səs yazılarının yayılmasının qadağan edilməsinə çalışırdılar. Binəqədi məhkəməsində 3 hakimin dəyişdirilməsi və 3 ilə yaxın davam edən məhkəmənin sonunda Elmira Axundova ondan pullarını geri tələb edən zərərçəkənləri 10 min manat cərimələtməyə nail oldu. Bu hökmün verilməsinə o zaman Elmira Axundovanın bəy tərifi vurduğu PA rəhbəri Ramiz Mehdiyevin adı da qarışmışdı. Belə iddialar vardı ki, qərəzli məhkəmə hökmü “telefon zəngi hüququ” ilə verilib.
Gələn məlumatlara görə, Elmira Axundova Kiyevdən Bakıya qaçıb yerini rahatlayandan sonra burada köhnə işləri yekunlaşdırmaq qərarına gəlib. O, Fərman Məmmədovdan 10 min manat cərimənin alınması üçün məhkəmə icraçılarına təzyiq göstərir. Artıq Fərman Məmmədova məhkəmə icraçıları zəng edib qaçaq səfirin bank hesabını da təqdim ediblər. Fərman Məmmədov “Yeni Müsavat”a bu məlumatı təsdiqləyib. Bildirib ki, qanunsuz və əsassız məhkəmə hökmü üzrə cəriməni səfirə 5 qəpiklərlə ödəmək fikrindədir.
Zərərçəkən üzləşdiyi dələduzluq cinayətinin yenidən araşdırılmasını istəyir.
“Yeni Müsavat”