Cəmiyyət

Vasif Talıbovun ABSURD TƏBİƏTSEVƏRLİYİ… – NARAZILIQ VAR!

Naxçıvanın bir çox kənd və qəsəbələrində həyətlərə çəkilmiş içməli suyun verilişi dayandırılıb.
Zirveyolu.info  xəbər verir ki, bu barədə “Gündəlik Naxçıvan”a sakinlərin özləri məlumat verib.
Şikayətçilər iddia edirlər ki, onlardan alınan su iməciliklərdə yol kənarlarına əkilmiş ağaclara verilir.
Şahbuz rayon Sələsüz kənd sakini B. Xanayev deyib ki, bununla bağlı şikayət edəndə, onlara polislə hədə-qorxu gəlirlər:
“Dövlət vəsaiti hesabına 2014-cü ildə kəndimizdə hər həyətə kaptaj üsulu ilə su çəkdilər. Bu suyu həm içməyə, həm çimməyə, həm də əkinə istifadə edirdik. Havalar qızan kimi, yay boyu suyumuzu kəsib, rayon boyunca əkilmiş ağaclara verirlər. Bu səbəbdən içmək və çimmək üçün suyu kilometrlərlə məsafədən əlimizdə daşımalı oluruq. Əkinimiz isə yanıb, məhv olur. Çünki, həyəti də bu su ilə suvarırıq. Belə ədalətsizlik olmaz axı. İcra Hakimiyyətinə müraciət edirik, bizi polislə hədələyirlər. Deyirlər ki, iməcilikdə əkilən ağaclar hər kəsdən vacibdir. Vacibdirsə, gedin onlara ayrıca su çəkin dağlardan. Bizim suyumuzu niyə kəsirsiniz? Təkcə Sələsüz deyil, Şahbuz kəndlərinin əksəriyyəti bu gündədir”.
Şərur rayon sakini Faxrəddin Əliyev isə deyib ki, onların da içməli suyu tez-tez kəsilir:
“İnsanları zorla, qul kimi iməciliyə aparıb, ağac əkdirirlər. O ağacları suvarmaq üçün isə su tapa bilmirlər. Bunu da bizim canımızdan çıxırlar. Bütün yay həyətlərin suyunu kəsib, ağaclara verirlər. Elə olur ki, içməyə su tapa bilmirik. Biz ağac əkilməsinin əleyhinə deyilik, əksinə. Ancaq öncə suvarmaq üçün mənbə tapsınlar, sonra. Həyətlərə gələn suyu həm də əkin üçün istifadə edirik. Şərur camaatı həyətdə əkdiyi əkin-biçinlə dolanır. Ona da imkan vermirlər”.
Məsələyə münasibət öyrənmək üçün Şahbuz rayon İcra Hakimiyyəti ilə əlaqə saxlanılıb. Qurumdan bununla bağlı onlarda informasiya olmadığı, iddiaları araşdıracaqlarını bildiriblər.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir