Siyasət

Azərbaycan Yazıçılar Birliyində tatar şairi Razil Vəliyevin “Payız yağmurları” adlı şeirlər məcmuəsi təqdim edilib

Bakıda, Azərbaycan Yazıçılar Birliyinin “Natəvan” klubunda Tatarıstanın Xalq şairi, Tatarıstan Respublikası Dövlət Şurasının deputatı, Tatarıstan Dövlət Şurasının Komitə başqanı, Dövlət Mükafatı Laureatı, görkəmli ictimai xadim və dövlət xadimi Razil Vəliyevin “Payız yağmurları” adlı şeirlər məcmuəsinin Azərbaycan dilində nəşrinin təqdimat mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, təqdimat mərasimində Milli Məclisin deputatları, türkoloqlar, şairlər və yazıçılar, QHT və KİV nümayəndələri iştirak ediblər.

İctimai və siyasi xadim, jurnalist, şair, Azərbaycan Respublikasının Milli Məclisinin deputatı Qənirə Paşayeva qonağı təqdim edərək bildirib ki, “Payız yağmurları” məcmuəsi Xalq şairi Razil Vəliyevin Azərbaycanda nəşr edilmiş ilk kitabıdır.

Layihənin rəhbəri və baş redaktoru Əkbər Qoşalı şairin yaradıcılığı barədə söhbət açaraq, qeyd edib ki, məcmuədə toplanmış şeirlər iki dildə (Azərbaycan və tatar dillərində) təqdim edilib. Şeirləri rus və tatar dillərindən şair-publisist Həyat Şəmi çevirib.

Nəşrin məsləhətçiləri Milli Məclisin deputatı, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü Nizami Cəfərov və İsmət Orucəliyevdir (Kazan).

Kitaba “Ön söz”ü yazıçı-publisist, “Ustad” jurnalının baş redaktoru Şəmil Sadiq yazıb. Kitab Azərbaycanın aparıcı kitabxanalarına, tatar ədəbiyyatına dair tədqiqatlar aparan alimlərə paylanacaq.

Qənirə Paşayeva Razil Vəliyevə təşəkkürnamə və xatirə hədiyyəsi təqdim edib.

R.Vəliyev onun kitabının nəşrində iştirak etmiş hər kəsə – Əkbər Qoşalıya, tərcüməçi Həyat Şəmiyə, Şəmil Sadiqə və digərlərinə təşəkkürnamələr təqdim edib.

Tatarıstan Respublikasının Qabdulla Tukay adına Dövlət və Musa Cəlil adına Respublika Mükafatı laureatı, Rusiya Federasiyasının Əməkdar mədəniyyət işçisi, Tatarıstan Respublikasının Əməkdar mədəniyyət işçisi Razil Vəliyev 2000-ci ildən Tatarıstan Respublikasının Milli Kitabxanasının Qəyyumlar Şurasının başçısıdır. 2009-cu ildə “Tatmedia” ASC-nin Direktorlar Şurasında Dövlət Şurasının nümayəndəsi, Tatarıstan Dövlət Şurasının mədəniyyət, elm, təhsil və milli məsələlər komitəsinin sədri təyin edilib.

Gənc şairin yaradıcılığı sovet şairi Lev Oşaninin diqqətini cəlb edib. Bu məşhur şəxsiyyətlə söhbətlər Vəliyevin ədəbi istedadına təzə notlar bəxş edib: o, mahnı mətnləri yazmağa başlayıb. Müəllif, eyni zamanda, dramaturgiya janrında qələmini sınayıb. Razil Vəliyevin pyesləri Tatarıstanın teatr mədəniyyətində ciddi iz qoyub. Bu əsərlərdə müasir cəmiyyətin problemli məsələləri qaldırılıb, onları tamaşaya qoymaq asan, bu tamaşalara baxmaq maraqlıdır.

Razil Vəliyev ədəbi yaradıcılığının əvvəlində “Yalkın” (“Alov”) jurnalının ədəbi işçisi kimi fəaliyyətə başlayıb. Həmin dövrdə o, uşaq ədəbiyyatı ilə işləyirdi. B alacalar üçün bir neçə kitab buraxıb, dünya klassiklərinin nağıllarını tatar dilinə tərcümə edib. R.Vəliyev nəsr sahəsində də tanınmış müəllifdir. Onun “Yaşamaq istəyirəm!” adlı povesti bir neçə dilə tərcümə edilib və Moskvada nəşr olunub. 1982-ci ildə bu əsər tatar şairi, Sovet İttifaqı Qəhrəmanı Musa Cəlil adına Tatarıstan Muxtar Sovet Sosialist Respublikasının Mükafatına layiq görülüb.

Razil Vəliyev həm də ictimai fəaliyyətlə məşğuldur. O, bir neçə il Naberejnıye Çelnı Yazıçılar İttifaqının katibi olub. Onun həmin vəzifədə işlədiyi dövrdə tatar yazıçılarının əsərləri mətbuatda çap edilməyə başlayıb, o, ədəbi görüşlər və disputlar təşkil edib. Sonrakı dövrdə Vəliyev SSRİ Yazıçılar İttifaqının İdarə Heyətinin üzvü və Şəhər Sovetinin deputatı seçilib.

R.Vəliyevin adı Tatarıstanın hüdudlarından kənarda da məşhurdur. O, beynəlxalq simpoziumlarda çıxış edir. 1993-cü ildə Razil Vəliyev ABŞ Bioqrafiya İnstitutunun versiyasına görə XX Əsrin Adamı seçilib.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir