Cəmiyyət Manşet Siyasət

Ulu Öndər Azərbaycan üçün ən çətin anda ən düzgün qərarlar qəbul etdi

Niyazi Bayramov
Gəncə şəhər İcra Hakimiyyəti başçısı 

10 may Azərbaycan xalqı üçün xüsusi önəm daşıyan günlərdəndir. Həmin gün dünyaya göz açan Ulu Öndər Heydər Əliyev Allahın Azərbaycan xalqına bəxş etdiyi tarixi şəxsiyyətlərindən biri, deyərdim ən birincisidir.

Ümummilli Liderin siyasi portretinin ən əsas cizgilərindən biri onun zamanı və prosesləri düzgün qiymətləndirməyə imkan verən dərin zəkaya sahib olmasıdır. O, dünyada və regionda cərəyan edən proseslərin təhlükəli məcraya yönəldiyi vaxtda sanki zamanı dayandırmaqla hər şeyi ilkin nöqtədən başlamağı bacardı, Azərbaycan üçün ən çətin anda ən düzgün qərarlar qəbul etdi və SSRİ-nin süqutu nəticəsində dağılan geosiyasi konfiqurasiyada hələ formalaşmamış bir dövləti düşdüyü fəlakətli vəziyyətdən çıxarmağa müvəffəq oldu. Heydər Əliyevin siyasi müdrikliyi ona beynəlxalq münasibətlər sisteminin institusional əsaslarının sarsıldığını görməyə, beynəlxalq arbitr kimi dünya nizamını qorumaq missiyasını üzərinə götürmüş müxtəlif təşkilatların öz funksionallığını itirdiyini dəqiq müəyyən etməyə və dünyanın gündəmini diktə edən güc mərkəzləri ilə bərabərhüquqlu tərəfdaşlıq münasibətləri qurmağa imkan verdi.

Azərbaycan xalqının Böyük oğlu, milli-dövlətçilik və Azərbaycançılıq məfkurəsinin banisi Heydər Əlirza oğlu Əliyev haqqında fikir bildirmək, Onun haqqında düşüncələri bölüşmək çətin və məsuliyyətli bir işdir. Belə ki, ömrünü siyasi fəaliyyətə, dövlət maraqlarına, xalqına həsr edən Heydər Əliyev faktoru dünyanın nüfuzlu siyasətçiləri fonunda daim zirvələrdə yer alıb. Məhz bu baxımdan, Heydər Əliyev deyərkən, ilk olaraq xarizmatik Lider faktoru önə çıxır. Və bu gün Onun böyüklüyü, əbədiliyi özünü daha qabarıq, daha geniş fonda əks etdirməkdədir. Əbəs deyil ki, bu gün Azərbaycan xalqının xoşbəxtlik meyarlarından biri də Heydər Əliyev kimi Liderə, xilaskara malik olmaq amili ilə ölçülməkdədir. Belə bir meyar isə hər xalqa, hər millətə nəsib olmur. Və əgər bu gün xalqımızın Ümummilli Lideri, Ulu Öndəri Heydər Əliyev barədə fikirlərimizi bölüşürüksə, ilk növbədə Onun Böyük Azərbaycanlı olduğunu məxsusi olaraq vurğulamalıyıq. Əbəs deyil ki, Heydər Əliyev deyərkən Azərbaycan, Azərbaycan deyərkən isə Heydər Əliyev gerçəkliyi parlaq günəştək aydın səmalarımızdan üzərimizə nur yağdırır – O, yaşayır, yaşadılır və öz əbədiliyi ilə, atalıq nuru ilə gələcək yollarımıza işıq saçır. Bu yolu müəyyən etmək üçün, bu gələcəyi təmin etmək üçün Heydər Əliyev bütün mənalı həyatı boyunca sözün əsl mənasında çarpışdı, mübarizə apardı, dünyaya qətiyyətin, fədakarlığın nə olduğunu sübuta yetirdi. Bizlər – Vətən sevdalısı olaraq Heydər Əliyevin bizlərə miras qoyduğu Azərbaycançılığı, milli-mənəviyyatın qorunub-saxlanılması ideologiyasını, dövlətçilik ənənəsini yaşatmaqdayıq.

Rəhbəri olduğum ADAU ailəsi ilə birgə dahi rəhbəri, Ulu Öndəri 99-cu ildönümündə hörmətlə anır, ehtiramla yad edir, xatirəsinə sayğımızı bildiririk.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir