Cəmiyyət

Mil-Muğan Hidroqovşağı İstismarı İdarəsi satınalma müqaviləsi bağlayanda hara baxır – BU DA FAKT!!!

 

Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin Mil-Muğan Hidroqovşağı İstismarı İdarəsi avtomobil, maşın-mexanizmlər üçün ehtiyat hissələrinin və sürtgü materiallarının” satın alınması üzrə 09.03.2022-ci ildə müsabiqə yolu ilə başladığı kotirovka sorğusuna yekun vurub və 19.05.2022-ci il tarixdə “AVTO BAKU İN GRÜNDÜNG LTD” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə 36 007.7 manat məbləğində satınalma müqaviləsinin bağlanılması barədə dövlət satınalmalarının vahid internet portalına məlumat yerləşdirib.

Kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “AVTO BAKU İN GRÜNDÜNG LTD” Məhdud Məsuliyyətli Cəmiyyətinin İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində 28.12.2006-cı il tarixdə dövlət qeydiyyatına alındığı bildirilir. Nizamnamə kapitalı 100 manat olan MMC-nin hüquqi ünvanının BAKI ŞƏHƏRİ, NƏRİMANOV RAYONU, TEYMUR ƏLİYEV, ev 54, qanuni təmsilçisinin isə OZKAN CAKAR oğlu olduğu göstərilir.

Açıq mənbələrdə 2010-cu ilin 30 iyulunda yayılmış məlumatlarda bildirilir ki, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin 1 saylı Ərazi Dövlət Nəzarəti İdarəsinin əməkdaşları məhsulların satışı zamanı istehlakçıların və dövlətin qanunvericiliklə müəyyən edilmiş hüquq və mənafelərini qorumaq, məhsulların keyfiyyəti, insanın həyatı, sağlamlığı və ətraf mühitin təhlükəsizliyi sahələrində tələblərin pozulmasının qarşısını almaq məqsədi ilə Bakı şəhəri, Teymur Əliyev küçəsi, 54 ünvanında yerləşən “Avto Baku in Gründüng Ltd” Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus ticarət müəssisəsində araşdırma aparmışlar.

Qurumdan bildirmişlər ki, araşdırma zamanı müəssisənin rəhbəri Çakar Özkan İsmayıl oğlu və digərləri yoxlamaların və digər nəzarət tədbirlərinin keçirilməsinə mane olmuş və həmin məqsədlə onların qanuni tələblərini yerinə yetirməmişlər. Bununla əlaqədar Azəbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 317.1 maddəsinə əsasən “Dövlət standartlarının tələblərinə riayət edilməsinə dövlət nəzarətini, habelə dövlət metroloji nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının vəzifəli şəxsləri tərəfindən səlahiyyətləri daxilində yoxlamaların və digər nəzarət tədbirlərinin keçirilməsinə maneçilik törədilməsinə və ya həmin məqsədlə səlahiyyətli şəxslərin qanuni tələblərinin yerinə yetirilməməsinə görə” müəssisənin rəhbəri Çakar Özkan İsmayıl oğlu barəsində inzibati xəta haqqında Protokol tərtib olunmuş, müəssisə rəhbəri 4 min manat məbləğində cərimə edilmişdir.

Müəssisə tərəfindən idxal olunan və keyfiyyəti, təhlükəsizliyi müvafiq sertifikatlarla təsdiq olunmayan malların rəsmiləşdirilməməsi barədə məktub Dövlət Gömrük Komitəsinə göndərilmişdir.

Buna baxmayaraq “Avto Baku in Gründüng Ltd” Məhdud Məsuliyyətli Cəmiyyəti 2020-2021-ci illərdə “Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar Cəmiyyətinin tərkibində olan müəssilərin keçirdiyi minik avtomobillərin təmiri və ehtiyyat hissələri, yük maşınları üçün ehtiyat hissələri, minik avtomobillərinə servis və texniki xidmətlərin göstərilməsi üzrə onlarca tenderin qalibi olub. Bu kimi satınalmalardan MMC-nin hesabına ümumi olaraq 490 548 manat dövlət vəsaiti ödənilib. Hazırki günə isə MMC-nin 35 601.11 manat vergi borcu var.

Mil-Muğan Hidroqovşağı İstismarı İdarəsi avtomobil mexanizmlərin ehtiyyat hissələrinin, sürtkü yağlarının satın alınması üzrə ötən il keçirdiyi tenderdə “AVRASİYA-T” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə 13.07.202-ci il tarixdə 50121.75 manat məbləğində satınalma müqaviləsi bağlayıb.

Sözügedən idarə cari və əsaslı təmir işlərinin görülməsi üçün mal-materialın satın alınması üzrə 232 129.27 manat məbləğində satınalma müqaviləsini də “AVRASİYA-T” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə 13.07.202-ci il tarixdə bağlayıb.

Qeyd edək ki, Hidroqovşaq Baş-Mil kanalı, Yuxarı-Mil kanalı və Yeni Xanqızı kanalları vasitəsilə 5 rayonun torpaq sahələrinə xidmət edir. Məlumatlara görə idarəyə Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin keçmiş sədri Əhməd Əhmədzadənin kadrlarından sayılan Süleyman Əliyev rəhbərlik edir. Bu idarə də su təsərrüfatı sistemində külli miqdarda dövlət vəsaitlərinin silindiyi bir məkan sayılır. Göründüyü kimi Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətində rəhbər dəyişikliyi olmasına baxmayaraq İstismar İdarəsi köhnə ampulasında qalmaqdadır. Dövlətə 35 601.11 manat vergi borcu olan, adı keyfiyyəti, təhlükəsizliyi müvafiq sertifikatlarla təsdiq olunmayan malların satışında hallanan bir MMC ilə 36 007.7 manat məbləğində satınalma müqaviləsinin bağlanılması heç də şəffaflıqdan xəbər vermir.
Aktualinfo.org

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir