Cəmiyyət

“Ailə Park MMC” şirkətindən ÖZBAŞINALIQ… – NARAZILIQ!

Haqqında yazmaq istədiyimiz “Ailə Park MMC “ şirkəti ilə bağlı axtarış verən kimi nə çıxsa yaxşıdır..?
Şirkət Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin müvafiq Fərmanı ilə yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna 20 000 manat kömək ayrılması ilə bağlı qərar verib.
Şirkət deyib ki, “COVİD 19” virusunun yaratdığı iqtisadi çətinliklər səbəbindən “Ailə Park”MMC tabeliyində bütün iş yerlərində heç bir ixtisar aparmayacaq. Bu müddət ərzində işçilərin xərcləri şirkət tərəfindən qarşılanacaq.
Görürsünüz, nə qədər gözəl sözlərdir.
Amma, yaxşı olar ki, şirkət nə pandemiya, nə digər məsələlərə pul köçürməsin. Və əvəzində qanunlarımızı pozmasın.
Məlumdur ki, Bakı şəhərində 3 mindən artıq yararsız, qəzalı vəziyyətdə olan bina var.
Bunu nəzərə alan möhtərəm Prezidentimiz İlham Əliyev cənablarının göstərişi ilə Nazirlər Kabinetinin 25 fevral 2016-cı il tarixli, 86 saylı qərarı ilə paytaxtın bir çox rayonlarında istismar müddətini tamamlamış, qəzalı vəziyyətdə olan evlərin söküntüsü davam edir. Qərarda 3 mindən artıq binanın yararsız olduğu bildirilib və bu günə kimi 1200-dən çox yaşayış binası sökülərək müasir tipli binalarla əvəz edilib. Sözügedən ünvandakı binalar 1960–cı illərdə inşa olunmuşdur və artıq istismar müddətini başa vuraraq yararsız vəziyyətə düşüb.
Çox təəssüf ki, cənab Prezidentin bu xoş məramlı təklifindən istifadə edən bəzi işbazlar, MTK rəhbərləri vətəndaşlara qənim kəsilir, onların hesabına milyonlar qazanırlar.
Belə MTK-lardan biri də “Ailə Park” tikinti şirkətidir.
Təsəvvür edirsiniz, Nərimanov rayonu ərazisində yeddi yaşayış binası qəzalı olduğu üçün sökülməlidir.
Və bu binaların sökülməsi və yerində yeni göydələnlərin tikiliməsi “Ailə Park” tikinti şirkətinə verilib.
Bu 100 milyonlar deməkdir. Bu binalarda yaşayan sakinlər üçün tikinti müddətində kirayə evlər, üstəgəl 25 faiz əlavə mənzil və daha nələr.
Yəni söhbət böyük miqyasda korrupsiyadan gedir.
“Ailə Park” MMC-nin rəsmi nümayəndəsi Kamil Məmmədlinin sözlərinə görə, həmin ərazidəki binalar yaşayış üçün tamamilə yararsızdır. Ərazidə artıq hasarlama işləri başlanılıb. Sakinlərlə notarial qaydada müqavilələr bağlandıqdan sonra onlara müvəqqəti kirayədə qalmaq üçün rüb hesabı olaraq 3 aylıq ödənişlər ediləcək.
Bəli, dəqiq məlumat üçün qeyd edək ki, Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 55 № -li, 11 mart 2020-ci il tarixli Sərəncamına əsasən, Bakı şəhəri, Nərimanov rayonu, Təbriz və Həsənoğlu küçələrinin kəsişməsində yerləşən yaşayış üçün yararsız vəziyyətdə olan, istismar müddəti başa çatmış, şəhərin və ərazinin ümumi görünüşünə xələl gətirən köhnə tikililərin sökülərək yerində müasir tipli yeni yaşayış binalarının inşası “Ailə Park“ MMC-yə həvalə olunub.
Bütün bunların qarşılığında “Ailə Park” şirkəti əmək qanunvericiliyini pozub.
Ona görə də Dövlət Əmək Müfəttişliyi Xidməti əmək qanunvericiliyinin pozulmasına görə “Ailə Park” MMC barədə inzibati protokol tərtib edib.
Nərimanov Rayon Məhkəməsi bu protokola əsasən, şirkəti İnzibati Xətalar Məcəlləsinin 192.1-ci (Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə) təqsirli bilərək 20 min manat cərimə edilməsi barədə qərar çıxarıb.
Qərardan narazı qalan şirkət apellyasiya şikayəti verib. Şikayətə Bakı Apellyasiya Məhkəməsində baxılıb və təmin edilməyib.
İndi gördünüzmü, koronavirusa görə pul keçirən şirkət öz işçilərinin əmək hüququnu pozub.
Bütün bunlar azmış kimi, şirkət sənədləri saxtalaşdıraraq vətəndaşların evlərini, mənzillərini ələ keçirib.
Sonda onu qeyd edək ki, “Ailə Park” MTK adlı tikinti şirkətinin Nərimanov rayonu ərazisində tikinti işləri aparmağa səlahiyyəti yoxdur.
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq. //gundelik-baku.com//

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir