v
Dünən Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçirilib. İclasın gündəliyinə “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsi, “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsinin icrasına dair illik hesabat”ı və “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsinin icrası haqqında” Azərbaycan Respublikasının Qanun layihəsinə və “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsinin icrasına dair illik hesabat”a Hesablama Palatasının rəyi daxil edilib.
İclasda maliyyə naziri maliyyə naziri Samir Şərifov, maliyyə nazirinin müavini Azər Bayramov, iqtisadiyyat nazirinin müavini Sevinc Həsənova, Dövlət Statistika Komitəsi sədrinin müavini Yusif Yusifov, Hesablama Palatasının sədri Vüqar Gülməmmədov və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəis müavini İlkin Vəliyev iştirak edib.
İclasda nazir Samir Şərifovun “Qaz üzrə qiymətləri 2 dəfəyə qədər artırdıq, amma bu, indi dünyada qazın qiyməti ilə müqayisədə çox aşağıdır” deyə verdiyi açıqlama ictimaiyyətin müzakirəsinə səbəb olub. İnsanlar qiymətlərin bahalığından, gəlirlərinin isə bunun əksinə az olduğundan şikayətlənir və hesab edirlər ki, nazirin bu müqayisəsi düzgün deyil.
iqtisadçı ekspert Toğrul Vəliyev AYNA-ya açıqlamasında deyib ki, nazirin sözügedən bəyanı heç də təəccüblü deyil: “Çünki hökumət nominal rəqəmləri müqayisə etməyi sevir. Tarifləri müqayisə etdikdə görürük ki, bu, mümkün olan bir şeydir, burada problem yoxdur. Lakin bu müqayisə nə dərəcədə düzgündür? Məsələ bundadır. Hökumət nominal rəqəmləri müqayisə etməyi sevsə də, bu müqayisə reallığa heç nə vermir. Müqayisəni gəlirlərə nisbətdə etmək lazımdır, nəinki nominal rəqəmləri”.
“Bizdə keçən il ərzində qazın limitində bir neçə dəfə dəyişmə olub. İşığın qiyməti qaldırılıb. Bunlar əhalinin gəlirlərinə uyğun deyil. Keçən il əhalinin gəlirləri aşağı düşüb, amma qiymətlər qalxmağa davam edir. Bizdə ictimai nəqliyyat 30 qəpik, başqa ölkədə 1 avro ola bilər. Amma həmin ölkədə maaş 1500 avrodursa, bizdə 350 avrodur (700 manat) və median əmək haqqı da bundan iki dəfə azdır. Bunu nəzərə alıb müqayisə etmək lazımdır, yoxsa nominal rəqəmlərlə müqayisə aparmaq bizə nəsə qazandırmır”, – deyə həmsöhbətimiz bildirib.
Ekspertin sözlərinə görə, burada təəccüblü olan məqam sözügedən açıqlamanı maliyyə nazirinin səsləndirməsidir: “Bu fikri “Azəriqaz”ın nümayəndəsi səsləndirsəydi, müəyyən qədər başa düşmək olardı. Çünki o, öz vəziyyətinə uyğun bir əsaslandırma verə bilərdi. Amma maliyyə nazirinin bu barədə danışması absurddur. Əgər bu barədə sual ünvanmışdısa, nazir bildirə bilərdi ki, qazın qiymətinin artırılmasını “Azəriqaz” əsaslandırır, qərarı da Tarif Şurası verir. Burada Maliyyə Nazirliyinin heç bir rolu yoxdur. Maliyyə naziri başqa suallara cavab verməlidir. Məsələn, niyə bizdə qazın satışında vasitəçi yaranıb? Bunun əsaslandırılması var idimi? Vasitəçinin yaranması qiymətin bahalaşması deməkdir”.
“Ümumilikdə, bu gün Azərbaycan əhalisinin gəlirini xərcləri ilə müqayisə edəsi olsaq, kommunal qiymətlərin qaldırılmasından söhbət açmaq xətalıdır. Hazırda ölkədə inflyasiya səviyyəsi çox yüksəkdir. Dövlət Statistika Komitəsi yalnız minimal əmək haqqının artımını nəzərə alaraq əhalinin gəlirlərinin artdığını göstərib. Lakin realda artım yoxdur. Xərclərin artımını, son iki-üç ilin qiymət artımını nəzərə alsaq, faktiki olaraq heç bir artımın müşahidə olunmadığını görürük. Statistika da təsdiqləyir ki, əhalinin real gəlirləri aşağı düşüb. Bu halda kommunal qiymətlərin qaldırılması barədə danışmaq gülməlidir”, – deyə Vəliyev vurğulayıb.