Azərbaycan Milli Elmlər Akademiyası hələ də Ramiz Mehdiyevin nəfəsindən qurtula bilmir. Cari ilin fevralın 14-də istefa verib elm məbədindən təmtəraqla yola salınmış “boz kardinal” iş otağında öz yaxını olan akademik Arif Həşimovu əyləşdirməklə, faktiki olaraq AMEA-nı əvvəlki gücü ilə kənardan idarə edə bilir. İdarəetmə dedikdə, bu Mehdiyev üçün təbii ki, elmin inkişafına töhfələr, alimlərə akademik yönümlü xoş məsləhətlər, vacib islahatlar demək deyil. Tam əksi, Ramiz Mehdiyevin nəfəsi hələ də AMEA-nın zəruri inkişafını əngəlləyir.
Demokratik.Az-a AMEA-dan daxil olan məlumata görə, hələ Mehdiyevin prezidentliyi dönəmində öz həllini gözləyən vacib elementlər, elm ictimaiyyəti tərəfindən qabardılaraq Ramiz Mehdiyevin yarıtmaz idarəetməsi kimi qəbul edilən çoxsaylı nöqsanların həlli məqsədli şəkildə dondurulub. Elm adına hazırda heç bir iş görülmür, elmimiz adına faydalı iclas-müzakirələr çağırılmır, AMEA-nın inkişafı istiqamətində uzaq və yaxınmənzilli konsepsiya hazırlanmasına maraq göstərilmir. AMEA-ya ayrılan və illərdir talan edilmiş milyonlarla dövlət vəsaitinin hesabatı aparılmır, institutlarda alimlərin və elmin inkişafı üçün rəsmiyyətdə mövcud olan mühitin yaradılması heç yada düşmür. Bu isə aylardan bəri AMEA-nın Mehdiyevin uzaqlaşdırılması ilə əslində heç nəyə nail olunmadığı təəssüratını yaratmaqla, ictimaiyyətə ümidsizlik aşılayır.
Hələlik, bir sıra dəqiqləşdirmələr apardığımız üçün AMEA-da hələ də baş verən konkret özbaşınalıqlar barədə əldə etdiyimiz faktları ictimailəşdirmədən söyləyək ki, Ramiz Mehdiyevin “təhlükəli ruh”u AMEA prezidenti vəzifəsini icra edən Arif Həşimovun cisminə siraət edib. Arif Həşimov hazırda demək olar ki, Mehdiyevin kənar göstərişi ilə öz vəzifə öhdəliklərini, prezidentlik funksiyalarını dondurub. Yəni, akademik Həşimov indi alimlərə nəinki lokomotivlik etmək iqtidarında deyil, yalnız Ramiz Mehdiyevin ifşa ediləsi əməllərini, ölkə elminə vurduğu dərin yaraları malalamaqla məşğuldur. Mənbənin sözlərinə görə, Həşimov hər gün Ramiz Mehdiyevlə telefon əlaqəsi yaradır, sonuncu istədiyi zaman onunla gizlin görüşlərə gedir, Mehdiyevin imzaladığı köhnə sənədlərə (xüsusilə mühasibatlıq sənədlərinə-red) göz gəzdirərək həyəcan-qorxu hissləri keçirir.
AMEA üçün Arif Həşimov bir susqundur, passivləşmiş alimdir və sadəcə Mehdiyevsevər bir müqəvvadır! “Mehdiyevsiz AMEA”-da son aylarda bir irəliləyişə nail olunubsa, onu da buyursun, akademik Arif Həşimov özü desin..
Osman Nərimanoğlu
Demokratik.Az