İyunun 2-də bir qrup qazi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) binası qarşısında etiraz aksiyası keçirib. İkinci Qarabağ müharibəsində döyüşmüş və yaralanmış qazilər əlillik dərəcələrinin verilməməsi ilə bağlı etirazlarını bildiriblər. Qeyd ediblər ki, komissiyadan keçmələrinə baxmayaraq, əlillik dərəcəsini ala bilmirlər.
Qazi Qadir Cəfərov deyib ki, Qarabağ uğrunda gedən döyüşlərdə iştirak edib və iki dəfə yaralanıb, lakin əlillik dərəcəsini hələ də ala bilməyib: “Əsəblərim yerində deyildi. İntihar həddinə çatmışdım. Komissiyadan keçdikdən bir həftə sonra imtina cavabı gəldi. Deputat Aqil Abbasa müraciət etmişəm ki, vəziyyət yaxşı deyil, kirayə pulunu verə bilmirəm, mənə yardım edin, əlillik dərəcəmi vermirlər. Deputat dedi, “mənim imkanım yoxdur, kirayə pulunu filan verə bilmərəm”. Kartıma 60 manat pul atıb. Mən dilənçiyəm?! Seçkilər vaxtı gələndə hamısı rayonlara düşürlər, səs istəyirlər. Belə olmaz axı!”.
Qazi Hacı Vəliyev isə bildirib ki, Nazirliyin qarşısında toplaşmaqlarının səbəbkarı birbaşa nazir Sahil Babayevdir: “Şəkidən, Qəbələdən, Yevlaxdan, Xaçmazdan, Qazaxdan, Hacıqabuldan buraya gələn qazilər var. Qazi yoldaşlar fevral ayında komissiyadan keçməklərinə baxmayaraq, əlillik dərəcəsinin verilməsi gecikir. Qanunvericilikdə göstərilir ki, 14 iş günü ərzində ona cavab verilməlidir, amma aylar keçməsinə baxmayaraq, cavab verilmir. Zəng edəndə deyirlər ki, alt sistemdədir. Bunu nəyin altına salıblar ki, çıxarda bilmirlər?! Elə sistem yaratsınlar ki, qanunvericilikdə göstərilmiş müddətdə cavab verilsin. Özüm dəfələrlə gəlmişəm, siyahı təqdim etmişəm, Anar Bayramovdan (Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İdarə heyətinin sədri – red.) cavab gözləyirik, amma səs-səmir yoxdur. Adamlar bezib. İnsanları bu vəziyyətə salan birbaşa Sahil babayev və onun yandaşlarıdır”.
Qazi bu cür etirazlara görə onları qınayanlara səslənib: “Dəfələrlə dost əlimizi uzadırıq, əlimizi kəsirlər, biləyimizi uzadırıq, biləyimizi kəsirlər. Deyirik, xahiş edirik, Anar Bayramovun qəbuluna yazılırıq, bizi köməkçisinin köməkçisi qəbul edir. Özü qəbul etmir. Niyə?! Bu insanlar nə etməlidirilər?! Sonra deyirlər ki, düşmən görür. Mən də bilirəm ki, düşmən görür. Düşmənin görməyinə vadar edən səbəbkar Sahil Babayevdir. Biz də istəmirik ki, düşmən bunu görsün, sevinsin. Nəinki xarici düşmən, heç içimizdəki daxili düşmənlərin də bu cür halları görüb sevinməyini istəmirik. Amma ölkədə buna vadar edən qüvvələr var. Onlar cəzalanmalıdırlar. Niyə onlar cəzalanmırlar, amma qazi cəzalanır?! Hansısa qazi ictimai əsayişi pozan kimi dərhal çəkir, bütün saytlarda verirlər”.
Qazi H.Vəliyev ƏƏSMN-in məhkəmənin qərarını icra etmədiyinə diqqət çəkib: “İmtina cavabı gələn qaziyə deyirlər ki, “get məhkəməyə ver”. Ali Məhkəmənin qərarı var ki, adamın əlillik dərəcəsi təyin edilsin. Lakin bu gün Sosial Müdafiə Nazirliyi Ali Məhkəmənin, Bakı Apellyasiya Məhkəməsinin qərarını icra etmir. Bu adamın bu gün əlilliyini sistemə vurmurlarsa, biz necə əmin olaq ki, məhkəmənin qərarını sayacaqlar, digər qazilərin məsələləri ilə bağlı da qərar icra olunacaq?!”
“Bu gün düşmən Ermənistana mesaj ötürürlər ki, Azərbaycanın qeyrətli oğullarını süründürməklə, incitməklə, uşaqlarını ac qoymaqla onların ölmüş əsgərlərinin qisasını alırlar. Dəfələrlə gəlir, dost əli uzadırıq ki, bu məsələ öz həllini tapsın. Amma həll olunmur. Gündə bir qazi intihar edir. Bunu görümürlər?! Bizi nə qədər sındırıcaqlar? Erməniyə mesaj ötürürlər ki, sizinlə savaşanları, sizin əsgərləri qıranları biz burada sındırırıq, incidirik. Şərəf ləyaqətimizi alçaldırlar. Sonra da deyirlər ki, hər kəsin borcu idi getmişdi. Biz xalqdan heç nə istəmirik, dövlətdən istəyirik”, – deyə qazilər etiraz səslərini ucaldıblar.
Qazi Samir Məmmədov da ona gecikmiş imtina cavabı verildiyini söyləyib: “2021-ci ildən göndərilmiş sənədlərə hələ də cavab gəlməyib. İki dəfə komissiyadan keçmişəm. O gün zəng ediblər, demişəm ki, iki dəfə komissiyadan keçmişəm, deyiblər ki, onda sizin komissiyadan keçməyinizə ehtiyac yoxdur. Sənədi yoxladım ki, imtina cavabı gəlib. 2021-ci ildən göndərilən sənədə indi imtina cavabı verərlər?! Mən hələ də dərmanla yaşayıram. 100 gün dəlixanada yatmışam. Bizə düşən budur?! Biz Vətən uğrunda qeyrət borcumuzu yerinə yetirmişik. İndi də sıra onlardadır”.
Nazirlik önündə etiraz edən qazilər onlara qarşı laqeydliyə etiraz ediblər. Üzlərinə bağlı olan qapını açmaqlarını istəsələr də, qapını açan olmayıb. Nəticədə emosiyalarına hakim ola bilməyən bir neçə qazi qapının şüşəsini sındıraraq içəri daxil olub. İçəridə qazilərdən bir neçəsinin halı pisləşib, polislər və digər şəxslər onları sakitləşdirməyə çalışıblar. Bu zaman isə polis Fazəddin Əliyevin içəri daxil olan qazilərdən birini qucaqlayaraq sakitləşdirməyə çalışması kadrlara düşüb.
Qazilərin etirazı, eləcə də polis əməkdaşının qaziyə yanaşması sosial mediada xeyli müzakirə olunub. Məsələn, “Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı polis əməkdaşının kimliyini yazaraq bu fikirləri qeyd edib: “Eşq olsun belə polislərimizə! Qazilər bağra basılmalı, qazilər səbrlə dinlənilməli, problemləri həllini tapmalıdır. Qaziləri təxribata cəkib dövlətə, dövlətçiliyə qarşı qoymaq olmaz. Kim bunu edirsə, deməli, cildini dəyişmiş Azərbaycan düşmənidir”.
Daha sonra ƏƏSMN-in İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Fazil Talıbov qazilərin və media nümayəndələrinin qarşısına çıxıb. Bildirib ki, baş verən hadisə ilə bağlı araşdırma aparılır: “Qazilər nazirliyin rəhbər vəzifəli şəxsləri tərəfindən qəbul edilir. Buradakı qazilərin bir neçəsini tanıyıram. Onların əlilliklə bağlı müraciətləri olub və biz onlara dəfələrlə izah etmişik ki, sağlamlıq vəziyyətləri əlillik təyinatına əsas vermir. Buna baxmayaraq, tanıdıqlarımdan bir neçəsi dəfələrlə nazirliyə gəlib və hazırkı xoşagəlməz vəziyyət yaranıb. Hər bir müraciət qeydə alınacaq, araşdırılacaq, məlumat veriləcək”.
Onun sözlərinə görə, müharibə iştirakçılarının hər gəlişinə, müraciətinə nazirlikdə həssaslıqla yanaşılır: “Nazirliyin nümayəndələri tərəfindən onların məşğulluq, əlilliyin təyin olunması və digər məsələləri mütəmadi şəkildə həll olunur və bundan sonra da həll olunacaq”.
Nazirliyin sözçüsü onu da söyləyib ki, əlilliyin təyini bir neçə qurumun fəaliyyətinə aiddir və məhkəmə komissiyaya müdaxilə edə bilməz: “Əgər sağlamlıq vəziyyəti əlillik təyinatına imkan vermirsə, heç bir müdaxilə, heç bir narazılıq, bu cür mənzərənin nəticəsində əlillik təyin edilməyəcək. Bunu biləsiniz. Əlilliyin təyinatı bir neçə qurumun fəaliyyətinə aiddir. Təkcə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyətinə aid deyil. Müharibə iştirakçıları birinci növbədə, Müdafiə Nazirliyinin tabeliyində fəaliyyət göstərən Hərbi Həkim Komissiyasına müraciət edirlər. Orada sağlamlıq vəziyyəti şadətləndirilir, hazırkı sağlamlıq vəziyyətinin müharibə ilə əlaqədər olduğunu həmin sənəd sübut edir. Bundan sonra İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin müvafiq xəstəxanalarında forma 88 rəsmiləşdirilir və bundan sonra sonuncu istansiya olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi həmin sənədlərə uyğun olaraq və əyani müayinə həyata keçirərək əlilliyin təyin edilməsi ilə bağlı qərar qəbul edir”.
Talıbova əlav edib ki, bütün xəstəliklərə əlillik təyinatı aparılmır: “Bununla bağlı Nazirlər Kabinetində həmin xəstəliklərin təsnifatı var”.
Müəllif: Banu Çiçək //AYNA//