Torpaqlarımızın azadlığı uğrunda canını fəda edən vətən oğullarının xatirəsi hər birimiz üçün əzizdi, dəyərlidir. Onların adlarının əbədiləşdirilməsi üçün bir çox işlər görülür. Adlarına küçələr verilir, ehsan bulaqları açılır, bağlar,parklar salınır. Bu cür təqdirəlayiq addımlardan biri də şəhidlərimizə həsr olunmuş film çəkilişlərinin həyata keçirilməsidir. Növbəti belə filmin təqdimatı 05 may 2022-ci il tarixində saat 12-00 da Y.Məmmədov adına Ağcabədi rayon Mədəniyyət Mərkəzində keçirilib.
Öncə şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunub, Azərbaycan respublikasının Dövlət Himni səsləndirilib.
Tədbiri açan Qarabağ qazisi, Müharibə Veteranı Qadınlarına Sosial Yardım İB sədri Rada Abbas film haqqında tədbir iştirakçılarına məlumat verib.O, bildirib ki, Azərbaycan Respublikasının Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Həqiqət” Tarixi Araşdırmalar İctimai Birliyinin həyata keçirdiyi Dədə Qorqud yurdunun igidləri haqda “ Yuva” filminin çəkilməsi adlı layihə əsasında ərsəyə gələn filmdə Ağcabədi rayonun Qaraxanlı kəndindən olan 3 Vətən müharibəsi şəhidinin – Məmmədov Ceyhun Qafar oğlu, Quliyev Nurlan Şükür oğlu, Allahverdiyev Rövşən Fərrux oğlunun həyat və döyüş yolları işıqlandırılıb. Filmdə şəhidlərin valideynləri, yaxın qohumları, döyüş yoldaşlarının xatirələri yer alıb.
Sonra tədbiri layihə rəhbəri Elnarə Abbasova davam etdirib. Filmin adı ilə bağlı fikirlərini bölüşən E. Abbasova bildirib ki, hər 3 şəhidin eyni kənddən, eyni yurd-yuvadan olması onun belə adlandırılmasına səbəb olub.
Daha sonra istər adı filmdə yer alan, istərsə də digər şəhidlərimizin valideynləri, yaxın qohumları çıxış edərək layihə rəhbərinə, tədbirin keçirilməsində dəstək olanlara öz minnətdarlıqlarını bildirib, bütün şəhidlərin onların övladı olduğunu qeyd ediblər.
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağcabədi Rayon Şöbəsinin rəisi Qabil Rzayev, Ağcabədi RİH başçısı aparatında vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Şöhrət Orucov, Vətən müharibəsi qazisi Zülfü Baxışov, şair İxtiyar Dönməz və digərləri öz çıxışlarında 44 günlük müharibədə qazandığımız Zəfərdən, Ordumuzun qüdrətindən, xalqımızın bir yumruq kimi Ali baş Komandanın ətrafında sıx olmasından fəxarət hissi ilə söz açıblar.
Sonda “Yuva” filmi nümayiş etdirilib. Kövrək xatirələrlə zəngin olan film alqışlarla qarşılanıb.