İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Mahmud Süleymanov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, İsmayıllı Rayon Ticran kəndi “Soltanlıq” adlanan ərazidə su ilə təmin edilir. Kənd ilə su mənbəyi arasındakı məsafə 6 km olduğu üçün yay aylarında içməli su təminatından çətinliklər yaşanır.
“Ticran kəndi İsmayıllı Sukanal Sahəsinin xidməti ərazisi olmadığı üçün içməli su ilə təminat bələdiyyənin səlahiyyətlərinə daxildir. Lakin buna baxmayaraq, Rayon İcra Hakimiyyəti tərəfindən bu məsələ daim nəzarətdə saxlanılır” – deyə müavin bildirib. Onun sözlərinə görə, 28 aprel 2022-ci il tarixində Rayon İcra Hakimiyyəti başçısının “Ticran” kəndində səyyar qəbulu zamanı kənd sakinləri bu problemi qaldırmış və kənd ərazisində subartezian quyusunun qazdırılması üçün icra başçısından xahiş etmişlər. Kənd sakinlərinin xahişini nəzərə alan rayon rəhbərliyi “Ticran” kəndinə subartezian quyusunun qazılması və əlaqədar qarşılıqlı aidiyyatı qurumlar arasında məsələ qaldırmış və bu problemin həlllini nəzarətə götürmüşdür. İcra Hakimiyyətinindən həm də bildirilib ki, hazırda bu sahədə tədbirlər görülür.
Xatırladaq ki, bir müddət əvvəl ismayıllı Rayon Ticran Kəndinin skainləri Bizimyol.info xəbər portalına müraciət edərək, kəndin uzun illər davam edən su problemindən şikayət etmişdilər. Sakinlər bildirirdi ki, su kəndə uzaq su mənbəyindən verildiyi üçün, sakinlər ayay aylarında demək olar ki, su üzünə həsrət qalırlar. Bununla bağlı müxtəlif qurumlara müraciət edən kənd sakinləri belə düşünürmüş ki, onların problemi ilə maraqlanan, onların dərdinə əlac edəcək heç kimsə yoxdur. Amma İcra Hakimiyyətindən verilən açıqlamadan görünür ki, müvafiq qurum məsələni nəzarətə götürüb.
Qeyd edək ki, İsmayıllı icra hakimiyyətinin rəsmi saytında bildirilir ki, “Azərbaycan Respublikası regionlarının 2019–2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Tədbirlər Planında İsmayıllı rayonunda içməli su təchizatı, torpaqların su təminatı və meliorativ vəziyyətinin yaxşılaşdırılması sahəsində işlərin davam etdirilməsi nəzərdə tutulur. Bu məqsədlə bir neçə kəndi ilə birlikdə Tircan kəndində subartezian quyularının qazılması sənəddə yer alır.
Xüsusi olaraq, İsmayıllı Azərbaycanın gəzməli-görməli, istirahət etməli ən gözəl bölgəsidir. Rayon turizmin inkişafı üçün də böyük əhəmiyyət daşıyan ərazilərdən hesab edilir. Belə gözəl bölgədə yaşayanların su problemi ilə qarşılaşması arzuedilməzdir.
Ümid edirik ki, yaxın zamanlarda icra başçısının birinci müavini Mahmud Süleymanovun da dediyi kimi, kənd sakinlərinin içməli su – subartezian quyusu qazılması arzusu reallaşacaq. Məsələni diqqətimizdə saxlayacağıq.