Vətən müharibəsində Füzuli, Hadrut və Şuşanın azad olunması əməliyyatlarında iştirak edən hərbçi Azər Əliyev müdafiə nazirinə müraciət edib.
Zirveyolu.info moderator.az-a istinadla xəbər verir ki, onun şikayət məktubunu hərbi ekspert Ədalət Verdiyev ictimailəşdirib.
Azər Əliyev məktubunda 29 sentyabr 2020-ci ildə könüllü olaraq müharibəyə getdiyini, “N” saylı hərbi hissənin tərkibində müxtəlif döyüş əməliyyatlarında iştirak etdiyini, ordudan Şuşa şəhərində təxris olunduğunu bildirib. Hərbçi məktubunda xidmətlərinin müqabilində heç bir təltifə layiq görülməməsindən narahatlığını ifadə edib.
“Müdafiə Nazirliyinin Təltif şöbəsində oturaraq, müharibə zamanı kabinetindən çıxmayaraq özünü təltif siyahısına əlavə edən Günel xanım mənə absurd cavab göndərir. Məni yola verməyə çalışır… Atamı itirmişəm. Bu medal mənə daha çox anama təsəlli vermək, onu döyüşdüyümə inandırmaq və az da olsa ovundurmaq üçün lazımdır”, – Azər Əliyev nazirə məktubunda belə yazıb.
Ümid edirik ki, bu məsələ Müdafiə Nazirliyi rəhbərliyinin diqqətindən kənarda qalmayacaq, Şuşaya qədər döyüşən hərbçimiz mükafatlandırılacaq.