Paytaxtın Bakıxanov qəsəbəsində yerləşən “Sevgi Evi” Qadın və Uşaq sığınacağında uşaqlara işgəncə verilməsi ilə bağlı araşdırmalar ölkəmizdə sığınacaqların fəaliyyətinə icazə məsələsini aktuallaşdırıb.
Zirveyolu.info xəbər verir ki, Sputnik Azərbaycan sığınacaqların hansı əsaslarla fəaliyyət göstərdiyini, bu məkanlara nəzarət məsələsini araşdırıb.
Dövlət və bələdiyyələrin yaratdığı uşaq evlərinə dair tələblər
Sosial Xidmətlər Agentliyinin Sosial Müəssisələrlə iş departamentinin müdiri Sara Ağayeva Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, dövlət və bələdiyyələr tərəfindən yaradılan uşaq evləri və sosial xidmət müəssisələri ilə bağlı Nazirlər Kabinetinin müvafiq qərarı var. Sözügedən müəssisələrin fəaliyyəti də məhz həmin qərarla tənzimlənir.
Qeyd edək ki, “Dövlət və bələdiyyə tərəfindən yaradılan uşaq evləri sosial xidmət müəssisələrinin Nümunəvi Nizamnaməsi”nin təsdiq edilməsi və “Uşaq evləri sosial xidmət müəssisələrinin Nümunəvi Nizamnaməsi”nin təsdiq edilməsi barədə” Nazirlər Kabinetinin Qərarına görə, belə müəssisə dövlət qurumu və bələdiyyələr tərəfindən yaradıla bilər.
Uşaq evlərinin vəzifələri və hüquqları çoxşaxəlidir. Bura uşaqları uşaq evinə qəbul etmək, uşaqlara ödənişsiz sosial xidmət göstərmək, uşaqlar üçün müvafiq yaşayış şəraitini, keyfiyyətli sosial xidmətin həyata keçirilməsini təmin etmək kimi tələblər daxildir.
S.Ağayeva bildirir ki, həmin müəssisələr uşaqların təhsil almaları məqsədilə təhsil müəssisələrinə müraciət etməli, bacarığı və istedadı ilə fərqlənən uşaqların musiqi məktəblərinə, uşaq və gənclər yaradıcılıq evlərinə göndərilməsini, habelə olimpiadalarda, festivallarda, müsabiqələrdə, yarışlarda, sərgilərdə iştirakını təmin etməlidir:
“Bura uşaqlara peşəyönümü ilə bağlı məsləhətlər vermək, əmək qabiliyyətli olduqda onların məşğulluğunun təmin edilməsi məqsədilə məşğulluq qurumları ilə əməkdaşlıq etmək də daxildir. Uşaq müəssisələri inkişafında qüsur, ləngimə olan və təhsildə çətinlik çəkən uşaqlara isə sosial-psixoloji və pedaqoji yardım göstərməlidir. Həmçinin uşaqların hüquq və mənafelərinin müdafiəsini təmin etməli, uşaqlar barədə məlumatların konfidensiallığını təmin etməlidir”.
Uşaq sığınacaqları uşaqlara zorakılığa qarşı olmalıdır, amma…
Onun sözlərinə görə, uşaq evi aşkarlıq və şəffaflıq prinsipləri əsas tutulmaqla, “Publik hüquqi şəxslər haqqında” və “Sosial xidmət haqqında” Azərbaycan Respublikasının qanunlarına və uşaq evinin nizamnaməsinə uyğun olaraq idarə edilir.
Bu cür müəssisələrdə uşaqlara qarşı zorakılıq, istismar, sui-istifadə hallarının qarşısının alınması üçün konkret tədbirlər görülür, belə hallar olduqda daxili işlər və yerli icra hakimiyyətinin qəyyumluq və himayə orqanlarına, habelə Nazirliyə məlumat verilir. Uşaq evinin fəaliyyət istiqamətləri ilə bağlı komissiyalar və işçi qruplar yaradılır.
QHT-lər sığınacaq aça bilər
O ki qaldı müxtəlif QHT-lər tərəfindən yaradılan uşaq və qadın sığınacaqlarına, S.Ağayeva hamını narahat edən bu müəssisələrin fəaliyyətinə də aydınlıq gətirib.
S.Ağayeva bildirir ki, QHT-lər Ədliyyə Nazirliyində qeydiyyatdan keçir. Onlar öz nizamnamələrində hansı fəaliyyətlə məşğul olacaqlarını göstərirlər:
“QHT-lər öz əsasnaməsinə uyğun sığınacaq aça bilərlər. Nazirliklər, dövlət qurumları isə həmin sığınacaqlar akreditasiyadan keçdikdə orada monitorinqlər həyata keçirə bilər”.
S.Ağayevanın sözlərinə görə, QHT-lərə maliyyə dəstəyi göstərən təşkilatlar da layihənin icrasına nəzarət edə bilər.
Həmsöhbətimiz deyir ki, qanunvericiliklə dövlət müəssisələrinə uşaqların yerləşdirilməsi üçün müvafiq qurumun icazəsi lazımdır.
“Dövlət uşaq müəssisələrinə icra hakimiyyətinin sərəncamı olmadan yerləşdirmək mümkün deyil. Amma QHT-lərin sığınacağına uşaq qəbulu zamanı isə bu qayda işləmir. QHT-lərin nəzdində olan sığınacaqlara polis, icra hakimiyyətləri və sair yerlərdən uşaqlar yerləşdirilə bilər”.
Sığınacaqlar akreditasiyadan keçməlidir
“Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, QHT rəsmi qeydiyyatdan, sığınacağı isə akreditasiyadan keçməlidir.
“Sığınacaq yaradacaq QHT-lərin əsasnaməsi olmalıdır. O əsasnamədə sığınacağın neçə yerlik olduğu, işçi sayı göstərilməlidir”.
Onun sözlərinə görə, sığınacaqların akreditasiyadan keçməsi üçün Sosial Xidmətlər Agentliyinə müraciət olunur:
“Qurumum mütəxəssisləri gəlib sığınacağa yerində baxış keçirirlər. Əgər sığınacaq bütün tələblərə cavab verirsə, orada lazımi sayda işçi, sığınacağa üz tutacaq insanların saxlanılması üçün şərait varsa, akreditasiyadan keçməsi barədə qərar verilir”.
M.Zeynalovanın sözlərinə görə, məişət zorakılığı qurbanları ilə işləyən sığınacaqların akreditasiyadan keçməsi şərtdir:
“Məişət zorakılığı haqqında” qanunun 19.6. bəndində qeyd olunur ki, yardım mərkəzlərinin fəaliyyət qaydası və qeyri-dövlət yardım mərkəzlərinin akkreditasiyası qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Qanundan da göründüyü kimi hətta yardım mərkəzlərinə də akreditasiya tələbi var”.
Sığınacaq açan QHT-nin təcrübəsi olmalıdır
Qurum rəhbəri onu da bildirir ki, sığınacaq açmaq üçün QHT-nin müəyyən təcrübəsi olmalı, sığınacağın əməkdaşları məişət zorakılığı qurbanları, həssas qruplarla işləmək bacarığına malik olmalıdır.
O ki qaldı sığınacaqlara nəzarət məsələsinə, M.Zeynalova artıq son illər bu istiqamətdə müəyyən işlərin aparıldığını söyləyir:
“Mən çox sevinirəm ki, dövlət qurumlarından ibarət monitorinq komissiyaları artıq QHT-lərin sığınacaqlarında da monitorinq təşkil edirlər. Biz dəfələrlə müraciət edirdik ki, bu komissiyalar gəlib monitorinq keçirsinlər, burada təşkil olunan işə baxsınlar. Artıq ötən ildən başlayaraq Nazirlər Kabinetinin və Sosial Xidmətlər Agentliyinin nəzdində yaradılan monitorinq qrupları sığıncaqlarda monitorinq keçirir”.
“Sevgi Evi” Qadın və Uşaq sığınacağına gəldikdə isə qeyd edək ki, bu sığınacaq akreditasiyadan keçməyib. Bunu Sığınacağı təşkilatçısı Könül Qasımova Sputnik Azərbaycan-a təsdiqləyib. “Sevgi Evi” Qadın və Uşaq sığınacağı isə “Könüldə Nur” İctimai Birliyinin nəzdində yaradlıb. Ədliyyə Nazirliyindən Sputnik Azərbaycan-ın sorğusuna cavabda bildirilib ki, bu İctimai Birlik 2021-ci ildə rəsmi qeydiyyatdan keçib.
“Sevgi Evi” sığınacağının işi istintaqda
Qeyd edək ki, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən sığınacaqda 10 may 2022-ci il tarixində keçirilmiş monitorinq zamanı uşaqlara işgəncə verilməsi faktları üzə çıxıb. Hadisə ilə əlaqədar prokurorluq tərəfindən cinayət işi açılıb, araşdırma aparılır. Aparılan araşdırmalarla qeyd edilən sığınacaqda 2022-ci ilin fevral ayının sonundan may ayının əvvəlinə qədər saxlanılan Cəmilə Məmmədovanın (ad, soyadı şərti) sığınacaqda qaldığı müddətdə müxtəlif psixi və fiziki zorakılığa məruz qaldığı, həmçinin onun sığınacaqdakı digər azyaşlılara da psixi və fiziki zorakılıq göstərilməsinə şahid olduğu müəyyən edilib. Eyni zamanda sığınacaqda saxlanılan digər iki nəfər azyaşlının bədəni üzərində orada saxlandıqları tarixlərə yetirilməyə uyğun gələn xəsarət izləri aşkarlanıb.
Fakta görə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 309.1 (vəzifəli şəxs tərəfindən xidməti səlahiyyətlərinin hüdudlarından açıq-aşkar surətdə kənara çıxan hərəkətlər etməsi dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurduqda), 133.2.1 (iki və ya daha çox şəxsə qarşı əzab vermə) və 133.2.4-cü (təqsirkar şəxs üçün aşkar surətdə yetkinlik yaşına çatmayan, habelə köməksiz vəziyyətdə olan şəxsə qarşı əzab vermə) maddələri ilə cinayət işi başlanılıb. Hazırda istintaq davam edir.