Cəmiyyət

AZAL-ın QAZINI KİM ALACAQ? – HƏQİQƏTƏN DƏ…

Xəbər verildiyi kimi, Nazirlər Kabineti “Bakı-Naxçıvan və Naxçıvan-Bakı hava xətti ilə uçan şəxslərə güzəştlərin edilməsi haqqında” qərarda dəyişiklik edib. Baş nazir Əli Əsədovun imzaladığı yeni qərara əsasən, 6 iyun tarixindən Bakı-Naxçıvan və əks istiqamətdə uçan Azərbaycan vətəndaşı olan hər bir sərnişinə aid edilən güzəşt məbləği 10 manata endirilib.

Beləliklə, Bakı-Naxçıvan və Naxçıvan-Bakı istiqamətlərində aviabiletin dəyəri 60 manat məbləğində müəyyən edilib.

Xatırladaq ki, bundan əvvəl Bakı-Naxçıvan marşrutu üzrə bir sərnişin üçün gediş haqqı 50 manat təşkil edirdi və Azərbaycan Hava Yolları Dövlət Şirkəti (AZAL) Bakı-Naxçıvan-Bakı reysinə görə hər sərnişin üçün dövlətdən 20 manat kompensasiya alırdı.

Sözügedən istiqamətdə bilet qiymətinin bahalaşması təbii ki, vətəndaşların böyük narazılığına səbəb olub. Çünki 30 ilə yaxındır blokada vəziyyətində yaşayan Naxçıvan əhalisinin böyük bir qismi Bakıya və əks istiqamətə səfər edərkən, hava nəqliyyatından istifadə edir.

Onsuz da yüksək olan bilet qiymətinin bir qədər də bahalaşması aztəminatlı ailələr üçün Naxçıvana ailəvi səfərləri bir qədər də çətinləşdirib.

Yeni qiymətlərə əsasən, hazırda “AZAL” vasitəsilə 4 nəfərlik bir ailənin Naxçıvana gediş-dönüş xərci 480 manata yüksəlib. Bura taksi və digər xərcləri də əlavə etdikdə, bu məbləğ bir qədər də artır.

Məsələnin maraqlı tərəflərindən biri də odur ki, ötən ilin oktyabr ayından “AZAL” Naxçıvan Muxtar Respublikasına uçuşlar edərkən, Ermənistan hava məkanından da istifadə edir. Bu halda həm uçuş məsafəsi qısalır, həm də səfərin müddəti azalır.

Belə ki, hazırda İran üzərindən baş tutan Bakı-Naxçıvan reysinin məsafəsi 421 km, müddəti 1 saat 10 dəqiqədirsə, Ermənistan üzərindən baş tutan uçuşda bu məsafə 50 km qısalaraq 371 km, müddət isə 10 dəqiqə azalaraq 1 saat təşkil edir.

Ona görə də vətəndaşlar güman edirdilər ki, məntiqlə məsafənin qısalması daşıma xərclərini azaltdığından, bu, bilet qiymətlərinə müsbət təsir edəcək. Ancaq təəssüf ki, gözlənilməz bir qərar açıqlandı və “AZAL” növbəti dəfə vətəndaşlara “xoş olmayan” sürpriz yaşatdı.

Bu mövzuyla bağlı millət vəkili Fazil Mustafa “AzPolitika.info”-ya şərhində bildirib ki, bu qərar “AZAL”-ın varlanması üçün tətbiq olunan yeni bir metoddur: “Müvafiq qərardan sonra dövlətə milyonlarla manat borcu olan “AZAL” bir qədər də varlanacaq. Bu gün minlərlə vətəndaşımızın bilet alıb Naxçıvandan Bakıya gəlməyə pulu yoxdur. Məsələn, mənim onlarla qohumum bu səbəbdən illərdi ki, Bakıya gələ bilmir. Bu gün 100-200 manat pensiya alan bir şəxs necə Naxçıvana və ya əksinə səfər edə bilər? Bu, böyük bir biabırçılıqdır. Düşünürəm ki, bu qərar Naxçıvan əhalisinə qarşı edilmiş ən böyük ədalətsizliklərdən biridir.

Müharibədən sonra Naxçıvanın strateji əhəmiyyəti xeyli artdı. Biz əhalinin Naxçıvana geri qayıtması üçün ciddi işlər görməliyik. Hesab edirəm ki, Bakı-Naxçıvan aviareysinin qiyməti 50 manatdan 30 manata qədər endirilməli idi. Çünki Naxçıvana səfər etmək üçün insanların alternativ variantları yoxdur”.

Millət vəkili qeyd edib ki, yalnız alternativ yollar hazır olduqdan sonra qiymət artımına getmək mümkündür: “İlk növbədə Naxçıvanı Azərbaycanla birləşdirən marşrutlar hazır olmalıdır. Daha sonra bilet qiymətlərini artırmaq olar. Ancaq bu gün Bakı-Naxçıvan aviareysinin qiymətini 5 manat qaldırmaq belə olmaz. Mən bu addımı qətiyyətlə pisləyirəm. Və hesab edirəm ki, bu məsələ təcili surətdə həll olunmalı, yaranan problem aradan qaldırılmalıdır”.

Qeyd edək ki, Bakı-Naxçivan marşrut xətti üzrə sərnişinlərə “AZAL”-ın 150 yerlik “Airbus A 320” təyyarələri xidmət göstərir. Hər bir sərnişinə 30 kiloqramlıq ödənişsiz baqaj aparmaq imkanı verilir. 1 saat təşkil edən səyahət müddətində sərnişinlərə 30 qəpiklik meyvə şirəsi və 20 qəpiklik bulka paylanılır. Bununla da “AZAL”-ın 60 manata satdığı biletin xidmət xərcləri yekunlaşır…

İqtisadçı-ekspert Xalid Kərimli isə “AzPolitika.info”-ya şərhində bildirib ki, Bakı-Naxçıvan marşrutu üzrə daşıma xərcləri əvvəlcədən 70 manat müəyyən edilmişdi: “Azərbaycan vətəndaşları üçün bunun 20 manatı dövlət büdcəsi tərəfindən ödənilirdi. Yeni dəyişikliklərdən sonra bu məbləğ 20 manatdan 10 manata endirilib. Naxçıvana səfər edən əcnəbi vətəndaşlar isə hər il olduğu kimi bu il də 70 manat ödəyəcəklər”.

Ekspert qeyd edib ki, dünyanın bir çox ölkələrində təyyarə qiymətləri kəsin bahalaşıb: “Məsələn, ABŞ-dakı inflyasyanın əsas elementlərindən biri də təyyarə qiymətləridir. ABŞ-da son bir ildə təyyarə biletinin qiymətləri 33 faiz bahalaşıb. Bunun əsas səbəbi təyyarədə istifadə olunan yanacağın bahalaşmasıdır. Yanacaq təyyarənin ümumi əməliyyat xərclərinin təqribən 30 faizini təşkil edir. Digər tərəfdən bura ümumi xərcləri də aid etmək olar. Bütün bu amillər avişirkətlərin daşıma xərclərinin də artmasına səbəb olur. Həmçinin “AZAL“-ın təklif etdiyi xidmətlərin də dəyərini bahalaşdırır”.

“AZAL”-ın bilet qiymətlərilə bağlı hər dəfə minbir bəhanə uydurmasına gəlincə, bu ifadələrin sadəcə söz yığınından ibarət olduğunu anlamaq elə də çətin deyil. Bunun üçün digər ölkələrdə fəaliyyət göstərən aviaşirkətlərin bilet qiymətlərinə nəzər salmaq kifayət edir.

Məsələn, hazırda Türkiyənin ən ucqar şərq və qərb nöqlərini birləşdirən və Bakı-Naxçıvan (371 km) marşrut xəttindən 4 dəfə uzun olan Iğdır-İstanbul (1277 km) reysinin daşıma xərci bir sərnişin üçün 75-90 manat aralığında dəyişir. İstanbul-Adana (922 km) reysi 70 manat, Ərzurum-İstanbul (1048 km) reysi 60 manat təşkil edir. Müqayisədən də aydın olur ki, məsafə baxımından Bakı-Naxçıvan marşrutunun daşıma xərci real qiymətindən dəfələrlə baha qiymətə təşkil olunur. Bu onu göstərir ki, “AZAL” nəinki xarici səyahətlərdə, ölkədaxili uçuşlarda da “şişirdilmiş qiymət”lərlə xidmət göstərir. Əminliklə deyə bilərik ki, bu cür idarəetmə nəticəsində bir neçə ildən sonra ölkədaxili səyahətlər imkansız təbəqə üçün “Kosmosa uçmaq” qədər çətin olacaq.

Hər halda bundan sonra “AZAL”-dan Bakı-Naxçıvan istiqamətində qiymət siyasətində müsbətə doğru dəyişiklik gözləmək sadəlövhlük olardı. “AZAL”-dan ümidini üzən Naxçıvan sakinlərinin indi əsas istəyi, qısa zaman ərzində Zəngəzur dəhlizinin və İran ərazisindən keçəcək yeni marşrut xəttinin istifadəyə verilməsidir. Bəlkə bundan sonra naxçıvanlıların “AZAL”-ın monopolist siyasətilə 30 illik mübarizəsinə son qoyula və Muxtar Respublikaya səfərlər müəyyən qədər asanlaşa bilər…

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir