Cəmiyyət

Məhkəmə hakimindən aşkar rüşvət TƏLƏBİ – VƏKİL AÇIQLADI

Tanınmış vəkil İkram Abdullayev müdafiə etdiyi şəxsin hüquqlarının istintaq ortanında və məhkəmədə necə pozulduğu barədə sərt məqalə ilə çıxış edib. Vəkil səbəblər barədə «Təzadlar»a göndərdiyi məqaləsində yazır:

-…Məndə çox maraqlı, çox biabırçı, əlimi bu ölkənin bəzi sahələrdə hüquq sisteminin indisindən və gələcəyindən üzən, məni mat qoyan, az qala məni Dədə Füzulinin heykəlinin qabağına dartaraq “Belə gözəl məmləkəti niyə günə qoyurlar?» sualı ilə haykırmağa çağıran bir aqibət yaranmışdır.

Yadınızdadırsa, mən Sizlərə facebook səhifəmdə “Birinci yazı” kimi təqdim etdiyim yazıda Cəlilabad Rayon Məhkəməsində rayonun Buravar kənd sakini İsmayılov Vasif Rövşən oğlunun barəsində Azərbaycan Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə, yəni satış məqsədi ilə psixotrop maddə olan metamfetamin əldə etməsi və satması barədə hakim Qalib Paşayevin icraatında cinayət işi olması haqqında məlumat vermişdim. Yazını bir daha təkrar oxumağınızı vacib bilirəm. Cinayət işində olan biabırçılıq ondan ibarət idi ki, Cəlilabad RPŞ-nin müstəntiqi Elməddin Əsmətov İttiham aktının əsaslandırıcı hissəsində yazib ki, güya Vasif İsmayılov vəkilinin, yəni mənim iştirakımla ifadə verib ki, psixotrop maddəni 02 iyun 2021–ci il tarixdə saat 12 radələrində yaşadığı Buravar kəndində həmkəndlisi Şahmarov Elmar Qurban oğlundan almışdır.

Müstəntiq İttiham aktının nəticə hissəsində isə yazıb ki, İsmayılov Vasif Rövşən oğlu AR Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə ona görə təqsirli bilinir ki, 02 iyun 2021-ci il tarixdə istintaqla müəyyən edilməyən mənbəədən 1,181 qram psixotrop maddə əldə edərək, 04 iyun 2021-ci il tarixdə Əzizəliyev Dəyanətə satmışdır. Şahidlərin dediklərindən və işin hallarından məlum olmuşdur ki, müstəntiq əvvəlcə müəyyən etmişdir ki, həqiqətən psixotrop maddəni satan Buravar kənd sakini Şahmarov Elmar Qurban oğludur. Sonradan sənədləri dəyişərək onu aradan çıxarmışdır, hüquqlarını müdafiə etdiyim yetimim Vasif İsmayılovu itələmiçdir onun yerinə, işi ötürmüşdür məhkəməyə.

Bu saxtakarlığa hamı göz yummuşdur. Bunların hamısını məhkəmədə aşkar edərək 17 mart 2022-ci il tarixli məhkəmə iclasında işə baxan hakim Qalib Paşayevə və ittihamçı prokuror Elçin Nağıyevə yazılı vəsatətlə təqdim etmişəm. Məhkəmə 17 martdan bu günə kimi gizlənib. Amma altdan-altdan mənə qarşı hərəkətə keçib ki, məni müdafiədən kənarlaşdırsın, Vasifin həyat yoldaşından 5000 manat alsın, ona 1 il cəza versin. Bu məqsədlə hakimin köməkçisi Abbascan yetim Vasifin yetim həyat yoldaşının mobil telefonunun votsapına 28 aprel 2022-ci il tarixdə belə mesaj göndərib: “Vasifi qurtarmaq isdəyirsənsə mənim dediyimi eşit. Beş min ver, 1 il yatsın sonra buraxay”.

Bundan sonra bir 5 dəfə yetimi Buravar kəndindən rayona- məhkəməyə çağırıb 5000 min manat düzəldib verməsini təkid edib. Bildirib ki, 5000 manat gətirməsə Vasifə 5 il həbs veriləcək. Eyni zamanda tələb edib ki, Vasifin işinin düzəlməsini istəyirsə mən vəkildən imtina etsin, məhkəmə ona öz vəkilini versin.

Məhkəmə hakimindən aşkar rüşvət TƏLƏBİ

Mən bu biabırçılıq barədə 16 may 2022-ci il tarixdə Məhkəmə Hüquq Şurasına və Baş Prokuror Kamran Əliyevə yazılı müraciət ünvanlamışam. Bu günə qədər səs yoxdur. Yetim Vasifin yetim, fədakar həyat yoldaşından hakimin adından votsapla 5000 manat tələb edən hakim köməkçisi Abbascan iyunun 3-də mənə zəng edib ki, İkram müəllim, cədvəlinizə baxın görək işi nə vaxta təyin edək? Mən də elə bilirdim ki, yəqin Məhkəmə Hüquq Şurası hakimin də, köməkçinin də barəsində ciddi tədbir görmüş olar. Burada “bu da bu” deyimindən başqa söz demək olmaz. Sadəlovhcəsinə düşünürdük ki, Qarabağ Azərbaycandır hisindən sonra bir nəfər bir yetimin haqqını tapdaya bilməyəcək. Səsimizi ağzımızı dəsmalla tutub çıxartsaq belə Cənab Ali Baş Komandan, şöhrəti dünyaya yayılan Sərkərdəmiz İlham Əliyev cənabları eşidəcək. Amma hələlik belə deyil. Sən demə elə biz çax-çaxıq ki, çax-çaxıq, dəyirman öz bildiyini edir. Bizə vicdanımızı tapdalatmaq qalır.

Dostum, ölməz şairimiz Bəxtiyar Vahabzadə tələbələrinə həsr etdiyi “Qiymət” poemasında vicdana belə ağı deyir:

(Ağı qadınların ölünü ağlaması halıdır)

Vicdan, yazıq vicdan bəzən həyatda

Yaşamaq naminə səni əzmişik.

Bizdən güclülərin ayağı altda

Səni istəmədən qurban kəsmişik.

Ölüm hədələyib dərd gülən zaman,

Demişik bəxtimiz yenə yatıbdır,

Əlimiz hər yerdən üzülən zaman,

Gücümüz yenə də sənə çatıbdır…

Bu da azadlıq, bu da müstəqillik, bu da İstiqlal!

Amma mən nə azadlığı nə müstəqilliyi nə də istiqlalı belə arzulamamışam! Çünki onu indi Azərbaycan vətəndaşının hüquqlarını qorumalılar nəinki qorumur, hətta əzir, ayaq altına atır… Amma ümidimi də üzmürəm. Yəqin bir gün ölkə Prezidenti bu qanunpozan zümrənin yerində oturdulması ilə məşğul olacaq. Necə ki, işğalçı ermənilər birdəfəlik yerində oturdulub…

Hörmətlə: İkram Abdullayev,
vəkil //tezadlar.az//

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir