“Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC tərəfindən jurnalistin evinin əlindən alması qalmaqalı davam edir.
Söhbət 13 ildir içində yaşayan, öz hesabına təmir etdirən, mənzilinin ödənişi ilə bağlı yaranmış problemə görə “Akkord STİK” ASC –nin iddiası ilə məhkəməyə verilən tanınmış jurnalist və rejissor Zahir Əliyevdən gedir.
Zirveyolu.info xəbər verir ki, Bizim.Media-ya bu barədə müraciət edən Zahir Əliyevin sözlərinə görə, iki məhkəmə onun xeyrinə qərar çıxarsa da, “Akkord” Prezidentin ona hədiyyə etdiyi evi əlindan almaq üçün mübarizəsini davam etdirir:
“2008-ci ildə Ulu Öndərin 85 illik yubileyi ilə bağlı 40 jurnalistə ev hədiyyə edildi. Mayın 10-da Prezidentin hədiyyəsi kimi mənzillər bizə verildi. 39 jurnalistin mənzil ödənişi müxtəlif vaxtlarda bağlandı. Bu pul “Lider” televiziyası tərəfindən ödənildi. 2017-ci ildə bütün mənzillərin qiymətini 55 min 380 manat civarında bağladılar. Məndə isə mənzilin ödənişi bağlanmadı.
Halbuki “Lider” televiziyası tərəfindən mənim ödənişim artqlaması ilə, 60 min manat müqabilində ödənilib. İki ildən sonra mənə “Akkord”dan məktub gəlib ki, “evdən çıx”. Şirkətə bildirirəm ki, sizə artıq da pul ödənilib və ödəniş bağlanmalıydı.
Evin ödənişini bağlamaq əvəzinə, ödənilən pulu aylığa bölüblər, hər ay 450 manat çıxıblar və mənə təqdim olunan sənəddə isə 2 il gecikməm olduğunu bildirirlər. Ödəmirdimsə, 3 və ya 5 ay keçəndən sonra axtarılardım. 2 il sonra niyə məlumat verirlər?”
Şikayətçi şirkətin başqa bir qanunsuz addımından da söz açıb. O, deyib ki, “Akkord” 2008-ci ildə mənzilin kvadratını 1650 manata hesablayıb və müqavilədə də həmin məbləğ göstərilib.
Halbuki indi yaşadığı ərazidə evin kvadratı 600 manatdır və təmirli evin qiyməti 60 mindir. Ona isə ev təmirsiz verilib:
“Evdən çıxmaq tələbilə məhkəməyə verildim. Mən isə bildirdim ki, on üç ildir həmin mənzildə yaşayıram, evi öz hesabıma təmir etdirmişəm. Bu mənzil mənə Prezident tərəfindən verilib, niyə çıxmalıyam ki? Məhkəmə onların iddiasını rədd etdi. Bundan sonra onlar məni Apellyasiya məhkəməsinə verdilər. Apelyasiya şikayəti geri qaytarıb. İndi ikinci məhkəmə olmalıdır. Məktub göndəriblər ki, 60 mindən əlavə 80 min də ödəməliyəm ki, məsələ qapansın. Evin qiyməti 60 mindir və 2017-ci ildə ödəniş tam olaraq bitib. Şirkətin nümayəndəsinə bildirmişəm ki, ödənilən 60 mini özümə verin, təmirli evi qaytarıram. Bununla da razılaşmırlar.
“Akkord” STİK” ASC-in hüquqşünası Zamiq Abdullayev Bizim.Media-ya açıqlamasında bildirib ki, sözügedən məsələdə nə şirkətin, nə də şikayətçinin günahı var:
“Şirkətlə Zahir Əliyev arasında bağlanmış müqavilə var. Müqavilədə isə mənzilin dəyəri və qiyməti qeyd olunub. Zamir Əliyev yerdə qalan qalıq borcunu ödəməlidir. İndi həmin ərazidə evin kvadratmetri 600 manat ola bilər. Zamir Əliyev o evi 20 illik kreditlə alıb. Nağd ödənişlə, kredit arasında fərq var. Əlbəttə ki, evin dəyəri nağd satışla eyni olmayacaq. Dediyinə görə ödənişi “Lider” TV ödəyirdi. Kanal isə bağlanandan sonra ödənişi dayandırıb. Burada nə “Akkord”un, nə də Zamir Əliyevin günahı var. Şirkət olaraq “Akkord” pulunu tələb edir. Yəni şirkətə heç ev lazım deyil. Digər 39 jurnalistin müqaviləsinin bağlanmasına gəlincə, bu “Lider” TV-nin öz işidir. Kimi istəyib müqaviləsini tez bağlayıb, kimi istəyib saxlayıb. Şirkətlik burada bir şey yoxdur”.
Hüquqşünasın sözlərinə görə “Akkord” məsələ ilə bağlı növbəti dəfə apelyasiya şikayəti verib və yaxın günlərdə daha bir məhkəmə prosesi keçiriləcək. O, məhkəmənin verdiyi qərarı icra edəcəklərini deyib.
Qeyd edək ki, Zahir Əliyev 2006-cı ildən “Lider” televiziyasında Analitik Proqramlar Departamentinin rejissoru işləyib. Həmin müddətdə efirə gedən müxtəlif ictimai-siyasi layihələrin rejissoru olub. Ulu Öndər Heydər Əliyev haqqında filmlərin hazılanmasında zəhmət çəkib. Fəaliyyəti dövründə bir çox yerli və beynəlxalq festivalların qalibi olub.
Hazırda Azərbaycan Respublikası Kinomatoqrafçılar ittifaqının üzvüdür. Bütün bu fəaliyyətini nəzərə alaraq, 2008-ci ildə Ulu Öndər Heydər Əliyevin 85 illik yubileyi ilə əlaqədar İlham Əiyevin adından Lider TV-nin bir qrup əməkdaşı ilə yanaşı, ona da mənzil hədiyyə edilib.
Xatırladaq ki, 70 media təmsilçisi həmkarlarına dəstək məqsədilə “Akkord STİK”ASC-nin direktoru Vüqar Süleymanova müraciət ünvanlayıb.
Jurnalistlər həmkarları, Xırdalan şəhəri, Abşeron Gənclər Şəhərciyi, blok 39, 17 saylı mənzildə yaşayan Zahir Əliyevin mənzili ətrafında yaranmış problemin onları ciddi şəkildə narahat etdiyini və bununla bağlı köməklik göstərilməsini xahiş ediblər.