“Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri”… Bu ünvan və təşkilatın ismi ilk baxışdan cazibədar görünə bilər. Amma, sadəcə, ilk baxışdan.
“Xalq”, “Cəbhə” və “Partiya” kəlmələrini bir araya gətirmək ötən əsrin 90-cı illəri üçün normal, bəlkə də lazım idi. Çünki vətəndaşlar xalq olduğunu anlamalı, müstəqillik uğrunda cəbhə qurmağın vacibliyini dərk etməli və bütün bunlardan sonra partiya adlı strukturda birləşməyin gərəkdiyinin fərqinə varmalıydılar.
Anladılar, dərk etdilər, vardılar.
20-ci əsr bitdi və artıq 19 ildir ki, 21-ci əsrdir. Di gəl, bəhs etdiyimiz söz birləşməsinin mənasını və kəsərini itirdiyini anlasalar da, bunu anlamamış kimi göstərməyə çalışan və anlamayanlardan yararlanmağa çalışanların naqisliyi davam edir.
Onlar siyasəti çirkin sayırlar, çünki hər kəs ətraf aləmi öz düşüncəsi çərçivəsində görür və qavrayır. Təəccüblü heç nə yox.
Xalq, Cəbhə və Partiya kəlmələrini sıralayaraq xalqdan sui-istifadə etməyə, cəbhə qurduğunu deyərək siyasətin məntiq müstəvisindən çoxdan fərarilik etməyə haqq qazandırmağa, partiyaya başçılıq etdiyini vurğulamaqdan usanmayaraq bloqerlik edən Əli Kərimli maraqlı, sirli və əslində, araşdırılası insandır.
Sirlidir, çünki sirlərini ən yaxın ətrafından belə özlədir və daim danışmaqla mübhəmlərini pərdələməyə çalışır.
Maraqlıdır, çünki bir insanın bunca maskalardan istifadə etməyi və üzdən üzə düşərək üzə salmağı peşəyə çevirməsi nonsens ola bilərdi, amma AXCP sədri bu nonsesi də adiləşdirdi.
Araşdırılası adamdır, çünki 26 ildən bəri heç bir yerdə çalışmasa da, rəsmi gəlir yeri olmasa da, gəlirlərini ustalıqla gizlətsə də, bəzən kobud səhvlər edir və varidatının görüntülərinin ayinə olmasının qarşısını ala bilmir.
İlf və Petrovun “Qızıl dana” əsərində Aleksandr İvanoviç Koreyko adlı personaj var. Gizli milyonçudu, fırıldaqlar və saxtakarlıqla milyonlar qazanıb, amma bunu ciddi-cəhdlə gizlədir. Adi həyat yaşayır, hətta yoxsul ömür sürür, dövlət qurumlarından birində mühasib çalışır.
Onun kimliyini Ostap Bender faş edir, Koreykodan 1 milyon rublu alır və Rumıniya ilə sərhədi keçərək aradan çıxmağa çalışır.
AXCP adlı uduzulmuş cəbhənin və sadəcə, adı qalmış partiyanın lideri Əli Kərimli də eynən Koreyko kimi gizli milyonçudur.
Varidatını deməyə, açıqlamağa utanır, yəqin.
“Axı niyə məmurların varidatlarını araşdırmır, Əli Kərimlidən yapışıbsınız?”, ” Çörəyiniz oradan çıxır, eləmi?!”, “Görəsən, Əli Kərimli olmasaydı, nədən yazacaqdınız?!”, “Nə istəyirsiniz liderimizdən?! Məmur deyil, nazir deyil, iş adamı deyil – siyasətçidir, nə haqla soruşursunuz necə və nəyin hesabına yaşadığını?!” sualları səslənəcək, yazılacaq. Və mütləq “hakimiyyətə satılmış”, “rejimin nökəri” ifadələri sıralanacaq.
Adi haldır, daha doğrusu, Əli Kərimlinin sosial şəbəkədəki trol yığnağının nominal yaşam tərzidir. “Azadlıq!” ,” İstefa!” deyib və yazıb siyasi mübarizə apardıqlarını düşünən, məntiqləri primitivliklə xaos arasında avaralanan bu “igid”lərin geniş qapanmış gözlərinin açılma vaxtı çatıb.
Buyursunlar, oxusunlar və dərk etməyə çalışsınlar.
Əvvəla, bütün normal ölkələrdə olduğu kimi, Azərbaycanda da istənilən vətəndaş iqtidar mənsubları və hakimiyyət funksionerləri ilə yanaşı, hakimiyyətə gəlib iqtidar olmaq arzusu ilə qovrulanlara da varidat, mülkiyyət və qazanc mənbələri ilə bağlı suallar verə bilər. Verməlidir də.
İllah da ki, siyasi qüvvənin lideri və ya partiyanın sədri az qala abid həyatı sürərək sosial şəbəkələrdə virtual kəşkülünü yelləyirsə, vəziyyət daha maraqlı olur.
ABŞ-a sığınmış Sevinc Osmanqızının YouTube kanalındakı müsahibələrində daim kitab rəflərinin qarşısında əyləşərək necə də intellektual, ziyalı, oxumuş adam olduğunu, “dərin mollalığı”nı göstərməyə çalışan Əli Kərimli, sadəcə, söz oyunçusu, ifadəpərdaz deyil.
O, həm də usta iş adamıdır.
Məsələn, Dağıstandakı şirkətlər, Türkiyədəki iqtisadi maraqlar, Bakıdakı daşınmaz və daşınan əmlak, Londonda daşınması mümkünsüz nəsnələr, pullar, hesablar, bank köçürmələri, qanunsuz nağdlaşdırmalar, qanuniləşdirilməyə yönələn əməliyyatlar və s. və ilaxır – bütün bunlar sadəlövh, bisavad insanın fəaliyyəti ola bilməz.
AXCP sədri sosial ədalətdən, vicdandan, ləyaqətdən, şərəfdən, haqsızlığa qarşı amansız mübarizənin zərurətindən, əzmdən və yoxsulların ayağa durub mübarizəyə başlamasının vaxtının çatmasından danışmağı çox sevir.
Az qala fransız yakobinçilərinin “Ədalət, Bərabərlik, Qardaşlıq!” şüarını mantra kimi təkrarlasın.
O, az qala hər gün vəd edir ki, mövcud hakimiyyət devrilməlidir və onun yerində Finlyandiyanı geridə qoyacaq məmləkətə nail olacaq AXCP iqtidara gəlməlidir. Ki, Azərbaycan supersürətlə inkişaf edəcək, yaxın zamanlarda Sinqapur, az sonra Cənubi Koreya olacağıq və sonucda İsveçrə belə, bizə həsəd aparacaq.
Partiya sədrliyindən Facebook-da statuslar istehsal edən bloqerliyə enmiş Əli Kərimlinin danışdıqlarına fikir verməmək də olardı. Nə çoxdur belələri – YouTube kanallarında, ən müxtəlif adlı parodik “müstəqil televiziyalar”da danışan başlar istənilən qədərdir.
Fəqət, AXCP sədrinə hələ də inananlar var.
Belədirsə, həmin inananların “Toxunmayın Əli bəyə!” dedikləri trollaşdırma ustasının nələrinin olduğundan xəbəri varmı?!
Çətin.
1992-ci ilin iyunda Bakı Şəhər İcra Hakimiyyətinin o dönəmdəki başçı Rauf Gülməmmədov Prezident Aparatında “Azərbaycan Respublikasının Ərazi idarəetmə orqanları ilə iş üzrə Dövlət müşaviri xidmətinin Ərazi idarəetmə orqanları ilə iş şöbəsinin müdiri” kimi uzun-uzadı yazılan və səslənən vəzifəsi olan Əli Kərimliyə Şüvəlan kəndində torpaq sahəsi bağışlamışdı.
Əli Kərimli də orada villa tikdirmişdi. Üçmərtəbəli, həyəti hovuzlu, iki qarajlı.
Sonradan həmin villa 500 min manata satıldı.
Əli Kərimlinin Dübəndidə də üçmərtəbəli villası var və təxmini dəyəri 1 milyon manatdan artıqdır.
Bu villada cənab Kərimlinin qohumları yaşayırlar və AXCP sədri ailəsi ilə birlikdə ildə maksimum 5-6 günü sözügedən villada keçirir.
Əli Kərimlinin Bakının müxtəlif yerlərindəki çoxmərtəbəli yaşayış binalarındakı 4 lüks mənzilini də nəzərdən qaçırmayaq.
Fəqət, tələsməyək və ata Kərimlini hələ villaları ilə buraxaraq, oğula – Türkel Kərimliyə keçək.
“Senyor Kərimli”
Bəli, Londonda Əli Kərimlinin oğlu Türkel Kərimlinin tanışları və dostları məhz belə çağırırlar. Ləqəb ilk dəfə Londonun ən bahalı barlarından olan “The American Bar”da səslənib.
Türkel Kərimli həmin barın daimi müştərilərindən, özü də varlı və səxavətli müştərilərindən olub.
Bunu barın meneceri Qreqori Linsi təsdiqləyə bilər.
“İşsiz və yoxsul” Əli Kərimlinin oğlu Türkel 2011-ci ildə dünyanın ən bahalı universitetlərindən biri sayılan Oksford Universitetinin nəzdindəki “St Edward’s School”u bitirib. Bu məktəbdə orta illik təhsil haqqı 36 min dollardan başlayır.
2011-2014-cü illərdə Bristol Universitetinin hüquq fakultəsində təhsil almış T.Kərimli burada “epikür” həyat tərzi ilə fərqlənib. O, tələbə qızların “sevimlisi” idi: niyə də yox, axı pulları sel kimi xərcləyirdi.
2014-2015-ci illərdə London Şəhər Universitetində (City University London) təhsil alan Türkel Kərimlinin həmin illərdə təhsilinə və Britaniya paytaxtında yaşamına 324 min dollar (!) pul xərclənib.
Daha sonra atasının göstərişi ilə ABŞ-a yollanan Türkel Kərimli paytaxt Vaşinqtonda, “MemoryBlue İnc” konsaltinq şirkətində hüquqşünas işləməyə başlayıb.
2017-ci ilin noyabrından 2019-cu ilin yanvarına qədər “MicroPact” şirkətində çalışan T.Kərimli hazırda Vaşinqtondakı “EventBank” softver və İT şirkətində işləyir.
Özünün dediyinə görə, “maaş önəmli deyil”.
Belədirsə, nədir Türkel Kərimliyə önəmli? ABŞ Konqresində Azərbaycana qarşı aparılan müzakirə və dinləmələrdə aktiv iştirak, müxtəlif “siyasi fəal, mühacir və bloqer”lərə hüquqi, habelə təşkilati və maliyyə dəstəyi.
Yəni aşkar siyasi fəaliyyət. Vaşinqtonun “Metro Area” səmtində, lüks apartamentdə yaşayan Türkel Kərimli əsl sibarit həyatı sürür.
Varını və varidatını gizlətməyə çalışan atasından fərqli olaraq.
“Mən deyiləm, mənim deyil”
AXCP sədri Əli Kərimli varidatı, əmlakı və pulları barədə bütün iddialara belə cavab verir, pak və siqlətli müxalifətçi həyatı yaşadığını israrla söyləyir, yazır və əyan edir.
Gerçəkdən, cənab Kərimli?
Sadəcə, bir fakt. Əli Kərimli, oğlu Türkel Kərimli, AXCP sədrinin əmisi oğlu Tofiq Kərimli, qaynı Elnur Seyidov, baldızı Aytən Seyidova və “Kərimlilər ailəsi”nin digər mənsubları 2012-ci il, oktyabrın 30-dan 2013-cü il, iyunun 13-dək olan müddətdə banklardan 8603364 manat pul çıxarıblar, nağd formada.
2005-ci ildən bəri heç bir yerdə işləməyən Əli Kərimlinin qaynı, “Texnikabank”ın Yasamal rayon filialının müdir müavini işləmiş Elnur Seyidov 2011-ci ilin yanvarın 28-dən 2012-ci ilin fevralın 24-dək banklardan 4 milyon 680 min manat nağd pul çıxarıb.
O vaxtlar yeniyetmə olan Türkel Kərimlinin adına isə 20 gün ərzində elə həmin “Texnikabank”da 75 min funt-sterlinq məbləğində (təqribən 100 min avro) əməliyyat aparılmışdı.
Əli Kərimli iş adamı deyilsə, 2008-ci ilin mayında götürdüyü 145 min manatlıq krediti cəmi 6 aya çox asanlıqla, vaxtından əvvəl necə ödəyib?
Daha sonra o, oğlu Türkel Kərimlinin adına götürdüyü 20640 funt-sterlinq və 12147 manatlıq iki krediti hansı vəsait hesabına bağlayıb?
Türkel Kərimli 2009-cu ildə “S.T.Edwards School”da oxumağa başlayandan sonra onun adına Britaniyanın “Barklays Bank PLC” bankında açılmış hesaba ilk ödəniş qismində “oturdulan” 30109 funt-sterlinqin mənbəyini bilmək olarmı?
Və ya AXCP sədrinin baldızı Aytən Seyidovanın adına Bakıda açılmış bank hesabına yatırılmış 500 min avronun mənşəyi barədə Əli Kərimli nə deyə bilər? Xüsusilə də həmin hesaba cəmi üç ay sonra əlavə olaraq 31 min manat da yatırılıbsa…
Əli Kərimli belə əməliyyatlarla kifayətlənməyib. Məsələn, onun əmisi oğlu Tofiq Kərimovun adına açılmış bank hesabından 130 min manat çıxarılaraq nağdlaşdırılıb. Daha sonra 6 gün ərzində yeni əməliyyatlar və cəmi 155 min manat.
Daha sonra “Muğanbank”dan da 30 min manat çıxarılır, az sonra elə həmin hesaba 193654 manat yatırılır.
Daha bir “kiçik fakt”. Əli Kərimlinin sadiq əlaltılarından biri, “AXCP-nin sıravi üzvü” Eldar Hüseynovun, sadəcə, “Rabitəbank”da 46.464 manatlıq hesabı vardı.
Həmin hesabın kimin göstərişi ilə açılıb kimə xidmət etdiyini açıqlamağa ehtiyac varmı?!
“Hakimiyyət bizi acından ölümə məhkum edib! İstefa!” bağıranlardan biri, AXCP Rəyasət Heyətinin üzvü Rövşən Quliyevin mebel fabriki, “Yeganə” şadlıq evindəki mebel salonu, elektrik mallarının satışı mağazası və Hacıqabul rayonunda mebel fabrikinin olduğunu isə yazmaq istəməzdim.
Çünki xırda işlərdi, kiçik biznesdi.
Məsələn, Əli Kərimlinin köməkçisi Faiq Əmirovun uzun müddət “Western Union” beynəlxalq pulköçürmə xidməti vasitəsilə Yelena Andreyevna Sadqiyevadan sürəkli, özü də böyük məbləğlərdə pul alması kimi.
Və ya Əli Kərimlinin Rusiyanın Stavropol vilayətindəki biznes strukturları təki.
Sadaladığım məbləğlər yetər ki, Əli Kərimli gizli milyonçu sayıla.
Amma bu nədir ki?!
AXCP sədrinin Fransa, Polşa, Almaniya, Belçika, Britaniya və ABŞ-dakı 23 fonddan ən müxtəlif adlarla, layihələrlə aldığı, son 10 ildə ümumi həcmi 37 milyon dolları keçən pullar barədə də iddialar var.
Bütün bunlara rəğmən, Əli Kərimlin AXCP-nın sıravi üzvlərindən “üzvlük haqqı” yığır və proses bir ay da dayanmır. Həmin vəsait siyasi mübarizə görüntüsünün yaradılmasına, sosial şəbəkələrdə hakimiyyətə meydan oxumağa sərf olunur.
Əli Kərimli və ailəsinin varidatı onların əmlakıdır. Amma o əmlak bu adamlara inananların hesabına yığılıb.
Vəcdlə “Ə-ə-ə-l-i-i bəy!” deyənlər bilsələr, pis olmazdı.