Biləsuvar rayon Çaylı kənd sakini Zamin Nadirov kənd bələdiyyə sədri Əfqan Aslanovdan şikayətçidir.
Zirveyolu.info xəbər verir ki, “Qafqazinfo”ya müraciət edən vətəndaş bildirib ki, sədrin qanunsuz əməlləri barədə müvafiq qurumlara şikayət edib: “Əfqan Aslanov örüş təyinatlı torpaqları kənd camaatına həyətyanı torpaq kimi satıb. Hətta bələdiyyənin torpağı olan həyətyanı torpaqlarda bir vətəndaşa 3 sahə satıb. Kəndin torpaqlarını qohum- əqrəbasına paylayır.
Örüş təyinatlı torpaqların içərisindən kanal çəkərək qonşu kəndə satıblar. Bu da bizim xırda buynuzlu mal-qaranın ora düşüb tələf olmasına səbəb olur. Dəfələrlə müraciət etsək də, bizi əsla dinləmir. Çünki Əfqan Aslanov qonşu kəndin sakinlərindən rüşvət alaraq ora su buraxır. Halbuki həmin kəndlərin öz kanalları var. Mən birinci dəfə şikayət yazanda dövlət qurumlarından gəlib yoxladılar, dedilər məsələ öz həllini tapacaq. Amma bu günə qədər heç biri həllini tapmayıb”.
Məsələ ilə bağlı kənd bələdiyyəsinin sədri Əfqan Sadıqovla əlaqə saxladıq. Sədr “Qafqazinfo”ya açıqlamasında bildirdi ki, vətəndaş torpaq istəyib, amma ona rəsmi müraciət etməyib: “Örüş ayrıca olan torpaq sahəsidir. Bizim örüşümüz 138 hektardır. Kənd Təsərrüfatı Nazirliyinə və digər qurumlara müraciət edib rəylərini almışıq.
Bizə müraciət edilib, mən də demişəm ki, torpağı hərraca çıxardacağam. Çıxardanda sən də gəl iştirak et, qanuni səviyyədə al torpağını.
Bələdiyyə torpaqlarını qohum-əqrabaya satmağa gəldikdə isə, onlar köhnə bələdiyyənin dövründə, 2004-cü ildə olan məsələlərdir. Mənim vaxtımda baş verməyib”.