Cəmiyyət

Ağcabədinin dərdi var… Ağcabədi XƏSTƏDİR… – Mehdiyevin qalığı problemə çevrilib…

Şəhid məsələsi hələ uzun illər cəmiyyətimizin ən həssas sahəsi olacaq. Ona görə də bu mövzu həmişə gündəmdə olmalıdır. Yoxsa, bunu Allah və tarix bizə bağışlamaz.
Sözümüzün canı budur ki, bizim üçün canlarından keçən insanlara, onların doğmalarına ehtiramla, həm də qayğı ilə yanaşmalıyıq.
Bir saat əvvəl bir şəhid atasının dedikləri bizi dəhşətə gətirmişdi.
Deməli, icra hakimiyyəti bəzi şəhid valideynlərini şikayətçi olan şəhid valideynlərinin üzərinə qaldırır ki, bəsdirin də, şikayət etdiniz və s….
Bunu bircə saat əvvəl şəhid atası danışanda, elə bil dünya başımıza uçdu…
Yəni bu qədər çirkin oyunlara getmək olmaz, Vallah. Hər ikisi şəhid ailəsidir, onları üz-üzə qoymaq dünyada ən böyük günahdır.
Bu dəhşətli söhbətdən 1 saat sonra oxuyuram ki, Ağcabədi icra hakimiyyəti iki şəhid ailəsini üz-üzə qoyub.
Deməli, bu çirkin proses bir rayonda getmir, müxtəlif rayonlarda baş verir. Və bunun qarşısı dərhal alınmalıdır.
Bəli, bəzi məmurlar şəhid ailələrini, qaziləri üz-üzə qoymaq istəyirlər.
Deməli, indi haqqında bəhs edəcəyimiz Ağcabədi icra hakimiyyəti və rayonun başçısı Rafil Hüseynov barəsində ölkə mediası nələr yazmayıb.
Və bu günədək onun vəzifədə qalması özü möcüzədir.
Bu adam Masallıda icra başçısı işləyərkən köhnə kənd qəbiristanlığını dağıdıb yerində obyektlər tikərək satmaqla məşğul olub.
Görünür bu adam üçün müqəddəs heç nə yoxdur, hər şey pulla ölçülür.
Bəli, indi də Ağcabədidə şəhid ailələrini münaqişəyə cəlb edirlər.
Təsəvvür edirsiniz Ağcabədi rayonunda Milli Qəhrəmanın ailəsi ilə şəhid ailəsi arasında torpaq mübahisəsi yaranıb.
Yaxşı ki, hər iki tərəf hesab edir ki, problemin yaranması və bu həddə gəlməsinə səbəbkar rayonun icra hakimiyyətidir.
Gördünüzmü, yuxarıda əbəs yerə qeyd etmədik ki, məmurlar çirkin oyun oynayırlar.
Bəli, Ağcabədidə şəhid ailəsi deyir ki, 2 hektar nar sahəsini becərib ailəmi dolandırıram.
Başqa bir Milli Qəhrəmanın ailəsi isə yaxınlıqda torpaq sahəsini və drenaj kanalını zəbt edib.
Və tərəflər arasında mübahisə yaranıb.
Şəhid ailəsi deyir ki, drenajın olması mənim nar ağaclarımın qurumasına səbəb olacaq.
Maraqlıdır ki, Milli Qəhrəmanın ailə üzvü deyir ki, buranın icazəsini mənə icra başçısı Rafil Hüseynov verib, amma sənəd verməyib.
İndi gördünüzmü, problemi yaradan icra başçısı Rafil Hüseynovdur. Əgər Milli Qəhrəmanın ailəsinə torpaq verirdinsə, niyə sənəd verimirsən..?
Həm də torpağı mütləq şəhid ailəsinin torpağına bitişik verməliydin..?
Sonradan bəlli olub ki, mübahisəli torpaq sahəsinin verilməsində rayonun Baş memarının da adı keçir.
Hələ bu harasıdır..?
Baş memar deyib ki, kanalı doldurmaq Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin işidir.
Dövlət qurumları problemi bir-birinin üzərinə atmaqla məşğuldurlar.
Baş memar onu da deyib ki, qoy veteran ailələri problemlərini məhkəmədə həll etsinlər.
Birincisi, problemi niyə yaradırdınız ki, indi də məhkəmələrdə çəkişmə olsun.
İkincisi, guya Allah qoymasa, məhkəmələr problemi həll edəcək..?
Deyir pir mənimdi, kəramətinə bələdəm…
Bütün bunlardan sonra adam istəyir ki, Rafil Hüseynova desin ki, rayondakı bağça müdirlərini, məktəb müəllimlərini atestasiydan keçirdin, bu barədə yazdıq.
Axı, sənin nə ixtiyarın var idi ki, təhsil işçilərini sorğu-sual edəsən..?
Əslində sənin özünü sorğu-suala, istintaqa çağırmağın vaxtı çoxdan çatıb.
Polis zabiti olan oğlunun vətəndaşı şalvarsız, tumançaq sürüməsini bütün ölkə gördü və dedilər ki, bu kimin vələdidir.
Novxanıdakı 10 milyonluq dəyəri olan villandan yazdıq və soruşduq ki, bunu hansı pulla, hansı maaşla almısan, ay Rafil Hüseynov..?
Bütün sorğularımızı cavabsız qoydun.
Amma iki Qarabağ döyüşçüsünün ailəsini üz-üzə qoymağına görə, mütləq cavab verəcəksən.
Çünki siz məmurlar çox təhlükəli oyun oynayırsınız. Və qurduğunuz oyun öz başınızda çatlayacaq.
Yazıda adları çəkilən hər bir şəxsin münasibətini dərc etməyə hazırıq.
 //gundelik-baku.com//

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir