Son vaxtlar Bakı-Naxçıvan və Naxçıvan-Bakı istiqamətində təyyarə biletlərinin qiyməti artırılıb. Naxçıvan sakinlərinin ciddi narazılığına səbəb olan bu qərardan sonra bir çox siyasətçilər, millət vəkilləri muxtar respublikaya təyyarə biletlərinin qiymətinin artırılmasına kəskin etiraz ediblər.
“Azərbaycan Hava Yolları Şirkəti” Qapalı Səhmdar Cəmiyyəti Naxçıvan sakinlərini təkcə bilet qiymətinin artımı ilə sınağa çəkməyib. AZAL Bakı-Naxçıvan və Naxçıvan-Bakı istiqamətində uçmaq istəyən sərnişinlərin çoxluğunu nəzərə almır, təyyarə reyslərinin artırılmasında maraqlı görünmür. Bunun səbəbləri ilə bağlı növbəti yazıda söhbət açacağıq.
Bu gün isə AZAL-ın onlayn bilet dələduzluğu barədə oxucularımıza məlumat verəcəyik. AZAL sərnişin sıxlığını nəzərə alaraq, Bakıdan Naxçıvana və geriyə səyahət edən bütün sərnişinlərə aviabiletləri aviaşirkətin rəsmi saytından almağı təklif edib.
“Azərbaycan Hava Yolları”nın mətbuat xidmətinin yaydığı məlumata görə, bu, AZAL-ın kassalarında yaranan uzun növbələrin azalmasına, həmçinin sərnişinlərin aviabiletlərin rəsmiləşdirilməsi prosesini asanlaşdırmağa kömək edəcəkmiş.
Hava yolları şirkətindən bildirilib ki, hər iki istiqamət üzrə biletlər aviaşirkətin www.azal.az rəsmi saytından əldə edilə bilər.
Biletlərin alınması zamanı ödəniş üçün istənilən bankın Visa və MasterCard beynəlxalq ödəniş sistemlərinin kartları qəbul edilir. Ödəniş zamanı digər şəxsin bank kartından istifadə edildikdə, hava limanında qeydiyyat zamanı kart sahibinin şəxsiyyət vəsiqəsinin surətini, habelə kartın üz tərəfinin surətini təqdim etmək tələb olunacaq.
İlk baxışdan bu sözlər qulağa çox xoş gəlir, AZAL-ın Naxçıvana getmək və Naxçıvandan Bakıya gəlmək istəyən sərnişinlərin probleminin həllinə diqqətlə yanaşdığı görünür. Amma sən saydığını say, gör, AZAL nə sayır. Aviaşirkət bu işi də üzünü-gözünə bulaşdırıb. Onlayn bilet almaq istəyən vətəndaşlar ciddi problemlərlə, AZAL-ın dələduzluğu ilə qarşılaşıblar. Bir qrup Naxçıvan sakini TNS-in redaksiyasına müraciət edərək, AZAL-dan şikayətçi olublar və bunu ictimailəşdirməyi bizdən xahiş ediblər.
Bəs nə baş verir?
Vətəndaşlar bildirir ki, onlar azal.az saytında onlayn bilet əldə etmək üçün texniki proseduru icra ediblər. Şirkət vətəndaşların bank kartından vəsaiti çıxsa da, onlara biletlə bağlı heç bir məlumat göndərməyib. Yəni, vətəndaşlar onlayn bilet ala bilməyiblər. AZAL-ın məlumat mərkəzinə, [email protected] elektron ünvanına müraciətlərin də heç bir faydası olmayıb. Həmin vətəndaşlar sual edir. İnsanların pulunu alıb xidmət göstərməməyin, onları təyyarə bileti ilə təmin etməməyin adı dələduzluq deyilsə, bəs nədir?
Redaksiyamıza müraciət edən vətəndaşlar bank kartlarından vəsaitin çıxılması və onlara biletin verilməməsi ilə bağlı faktları da təqdim ediblər.
Məsələ ilə bağlı AZAL-ın mətbuat katibi Paşa Kəsəmənski saytımıza bildirib ki, bu problem araşdırılmalıdır. Bunu araşdırmaq lazımdırsa, buyurun, araşdırın. Vətəndaşlar sizdən cavab gözləyir.
Ümid edirik ki, bu problem öz həllini tapacaq, vəsaiti ödəyib bilet ala bilməyən vətəndaşların narazığı aradan qaldırılacaq, beləliklə, AZAL dələduz şirkət olmadığını sübut edəcəkdir. //ovqat.com//