Salyan rayon Qarabağlı kənd sakini Maqsud Nemətov İkinci Qarabağ iştirakçısıdır. Zirveyolu.info-ın məlumatına görə, o, “Gözətçi”yə bildirib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyindəki Dövlət Məşğulluq Agentliyi tərəfindən müharibədə iştirak etmiş döyüşçülər üçün nəzərdə tutulmuş özünüməşğulluq proqramından yararlanmaq istəyib. Ancaq iki il keçməsinə baxmayaraq, Məşğulluq Mərkəzindən ona cavab göndərilməyib.
“2021- ci ilin fevral ayında Bakı şəhər Məşğulluq Mərkəzinə, Salyan rayon Məşğulluq Mərkəzinə və İcra Hakimiyyətinə işlə təmin olunmaq üçün müraciət etmişəm. 2022-ci ilin aprel ayında Salyan rayon Məşğulluq Mərkəzinin əməkdaşları evimə gəlib baxış keçiriblər. Söz verdilər ki, qısa müddətdə işlə təmin olunacam, ancaq hələ də heç bir cavab yoxdur. Sonuncu dəfə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə (ƏƏSMN) yaxınlaşdım, məni Şirvan şəhər Regional Məşğulluq Mərkəzinə yönləndirdilər. Şirvan şəhər Regional Məşğulluq Mərkəzindən isə mənə “get, sonra gələrsən” deyib göndərdilər”.
Maqsud Nemətov 2020-ci ilin oktyabr ayından könüllü olaraq İkinci Qarabağ müharibəsində iştirak edib. Cəbrayıl və Zəngilan uğrunda gedən döyüşlərdə iştirak edib, medallarla təltif olunub. 2021-ci ilin yanvar ayında müharibədən qayıdıb, həmin ilin fevral ayından işlə təmin olunması üçün Məşğulluq Mərkəzinə müraciət edib.
Şirvan şəhər Regional Məşğulluq Mərkəzindən “Gözətçi”yə bildirildi ki, şikayətlə bağlı məlumat almaq üçün ƏƏSMN-nini tabeliyində fəaliyyət göstərən Dövlət Məşğulluq Agentliyinə rəsmi şəkildə müraciət olnumalıdır.
Məsələyə ƏƏSMN-nini tabeliyində fəaliyyət göstərən Dövlət Məşğulluq Agentliyinin münasibətini öyrənmək üçün əlaqə saxlamağa çalışdıq. Ancaq dəfələrlə edilən zənglərə baxmayaraq, telefon zənglərinə cavab verən olmadı.