“Paşinyan çox yaxşı bilir ki, Dağlıq Qarabağ heç vaxt Ermənistanın olmayıb və bundan sonra da olmayacaq”
“Ermənistanın daxilindəki ağırlaşan vəziyyətdən insanların diqqətini yayındırmaq üçün bu cür təxribatlardan istifadə edirlər…”
“Ermənistanın baş naziri də, vətəndaşları da çox yaxşı bilir ki, Dağlıq Qarabağ heç vaxt Ermənistanın olmayıb və bundan sonra da olmayacaq”
Bunu Moderator.az-a açıqlamasında millət vəkili Qənirə Paşayeva Ermənistanın baş naziri N.Paşinyanın Qarabağa səfəri və sərsəm açıqlamaları haqda danışarkən deyib.
Millət vəkili bildirib ki, Paşinyanın bu çıxışları regionda vəziyyəti daha da gərginləşdirir:
“İşğalçı Ermənistanın baş nazirinin bu addımı bir təxribatdır və bu belə də dəyərləndirilməlidir. Çünki işğalçı Ermənistanın baş naziri də, vətəndaşları da çox yaxşı bilir ki, Dağlıq Qarabağ heç vaxt Ermənistanın olmayıb və bundan sonra da olmayacaq. Dağlıq Qarabağ Azərbaycan dövlətinin bir parçasıdır, bu hər zaman belə olub və bütün dünya ölkələri tərəfindən də tanınıb. Yəni bütün dünya ölkələri Azərbaycanın ərazi bütövlüyünü tanıyıb və o ərazi bütövlüyünün daxilində də Dağlıq Qarabağ da var. Həmçinin dünyanın beynəlxalq təşkilatları da Azərbaycanın ərazi bütövlüyünü tanıyıb. Ali Baş Komandanın söylədiyi kimi, heç bir ölkə Dağlıq Qarabağı Ermənistanın bir parçası kimi tanımayacaq, bu mümkünsüzdür. Qəbul edilən sənədlərdə də Dağlıq Qarabağın Azərbaycanın ərazisi olması öz əksini tapıb. Ona görə də Dağlıq Qarabağın nə Ermənistana birləşdirilməsi, nə də işğalçı Ermənistanın dəstəyi ilə orda yaradılmış separatçı rejimin ölkələr tərəfindən tanınması mümkünsüz bir şeydir. Azərbaycan torpaqlarında işğalçı Ermənistanın rəhbərliyinin dəstəyi ilə yaradılmış separatçı rejimi də dünya ölkələrinin heç biri tanımayacaq. Azərbaycan dövləti cənab prezidentin vurğuladığı kimi buna heç zaman imkan verməyib və bundan sonra da belə olacaq. İşğalçı ölkənin baş naziri də bunu çox yaxşı bilir, sadəcə təxribat xarakterli addımlar atır.
Ermənistanda vəziyyət getdikcə daha da pisləşir və işğalçı ölkənin yeni baş nazirinin xalqa verdiyi vədləri özünü doğurultmur və onun mövqeyi getdikcə zəifləyir. Buna görə də bunlar Ermənistanda daxili auditoriyaya hesablanmış bir addımdır. Ermənilər hər zaman bundan istifadə ediblər. Yəni Ermənistanın daxilindəki daha da ağırlaşan vəziyyətdən insanların diqqətini yayındırmaq üçün bu cür təxribatlardan istifadə edirlər. Amma onlar bu məsələnin gerçək olmayacağının yaxşı fərqindədirlər. Təbii ki, biz Azərbaycan olaraq bu məsələyə öz etirazımızı bildirməklə bərabər, Paşinyanın təxribat xarakterli açıqlamalarını bütün beynəlxalq təşkilatların diqqətinə çatdırmaqla bərabər, ATƏT-in Mink qrupunun bununla bağlı sərt açıqlamalar vermələrini tələb etməliyik. Biz Azərbaycan vətəndaşları, millət vəkilləri olaraq bunu səsləndirməliyik və onlar işğalçı Ermənistana bu cür açıqlamalarını durdurmaq üçün təzyiqlər etməlidirlər. Çox təəssüf ki, ATƏT-in Minsk qrupunun həmsədrlərindən biz heç zaman obyektiv mövqe görmədik və bu məsələdə də onların susduğunun şahidi oluruq.
Azərbaycan dövləti cənubi Qafqazın getdikcə güclənən dövlətlərindən biridir. Bu gün Azərbaycan ordusu regionun ən güclü ordusudur. Ordumuz artıq dünya orduları sırasında öz reytinqini gücləndirən bir ordudur. Azərbaycan dövlətinin və ordusunun daha da inkişaf etməsi Ermənistanı daha da qıcıqılandırır. Ona görə də onlar davamlı olaraq bu cür açıqlamaları ilə erməni xalqına mesajlar vermək istəyirlər. Azərbaycanın gücü aprel döyüşlərində, Naxçıvan istiqamətindəki əməliyyatlarda bir daha özünü göstərdi. Biz daha da güclənməliyik və torpaqlarımızın işğaldan azad edilməsi istiqamətində daha çox çalışmalıyıq. Bu bizim düşmənə verəcəyimiz ən ağır cavabdır. Bununla yanaşı, işğalçı ölkənin dünyada daha çox ifşa olunmasına da çalışmalıyıq. Biz işğalçı ölkənin bu cür açıqlamalarını qınayırıq. Ermənistan adlı bir dövlət bu coğrafiyada heç zaman olmayıb və onların torpaqları da Azərbaycan torpaqlarıdır. Düşünürəm ki, Avropa Şurası ATƏT və BMT-nin diqqətinə erməni baş nazirin açıqlamaları çatdırılmalı, bunların durdurulması üçün onlara da müraciət etməliyik. Bildirməliyik ki, sizin qəbul etdiyiniz qətnamələrin yerinə yetirilməsi üçün Ermənistana təzyiq göstərməmənizin nəticəsi budur ki, erməni baş naziri bu cür açıqlamalar, bəyanatlar verir və vəziyyəti daha da gərginləşdirir”.