Çox da uzaq olmayan bir tarixdən danışacam. Yaşıdlarımın hər gününü, hər saatını, dəqiqəsini, anını ağrıyla, acıyla xatırladıqları, ağlasığmaz hadisələriylə, qan donduran olaylarıyla, insanlığa yaraşmayan vəhşilikləriylə, içimizdə dərin bir çarəsizlik uçurumu yaratmış özbaşınalıqlarıyla xatırladıqları, yaşlı nəslin özləriylə haqq dünyasına daşıdıqları, yeni nəslin isə yalnız kitablardan oxuyub böyüklərin xatirələrindən dinlədikləri həmin o dəhşətli keşmişdən. Müstəqilliyimizə uzanan kirli əllərdən, dövlətçiliyimizi sarsıdacaq xarici həmlələrdən, ermənilərin torpaqlarımıza təcavüzündən, demokratiya çağırışlarımızın qan gölündə boğulmasından, ölkədaxili hərc-mərclikdən, xaosdan…daha nələrdən, nələrdən… Və bu cür nizamsızlıq, qarmaqarışıqlıq içində xalqımızı və dövlətçiliyimizi qorumağa layiq liderləri yetişdirəcək minlərlə insan dalğasının çuğlaşdığı mitinqlərdən… Hakimiyyətdəki boşluqlar, Xalq Cəbhəsinin yaradılması və ətrafında daha çox insanın cəmləşməsi, mitinqlərdə ağıllı və səlist çıxışları ilə diqqət cəlb edən ziyalılar, onlara bəslənən ümidlər…
Bu günki kimi xatirimdədi minlərlə insanın azadlıq deyə hayqıraraq çiyin-çiyinə, nəfəs-nəfəsə durub Azadlıq meydanındakı tribunadan söylənən çıxışları diqqətlə dinləmələri. Ən çox bizi ümidləndirən, bu çıxılmaz labirintdən qurtara biləcəyimizə inam yaradan vətənpərvər insanlar – universitetin tarix müəllimi Etibar Məmmədovun və şair Sabir Rüstəmxanlının çıxışlarıydı. Digər ziyalıların da ağıllı və məntiqli nitqləri olurdu. Amma bu iki insanın hər sözünü, hər kəlməsini nəfəsimi çəkmədən, qəlb döyüntülərimlə dinləyirdim. Mənim kimi minlərlə adam vardı burda. Hər axşam evimizə böyük ümidlər və sarsılmaz güvənlə dönərdik… Doğrudur, meydandakı haqq səsimizdən, birliyimizdən qorxan və bu hərəkat güclənməmiş onu beşikdəcə boğmağa çalışan imperiya qüvvələri məkrli məqsədlərinə qismən də olsa çatdılar, meydandakı əliyalın insanların üzərinə tanklarla gələrək xalqımızı qanına qəltan etdilər, sıralarımızı pərən-pərən saldılar. Hərəkatın liderlərindən Etibar Məmmədov və üsyankar şair Xəlil Rza Ulutürk Moskva həbsxanalarına salınaraq olmazın işgəncələrə məruz qaldılar. Çünki qanlı kommunist rejiminə qarşıydılar, xalqın azadlıq və müstəqillik carçısıydılar. Amma… imperiya düşmənimiz günahsız axıdılan qanların torpaqla birləşərək daha güclü, daha əzəmətli fidanlar yetişdirəcəyindən xəbərsiz idilər. Düşmənlərimiz qalib görünsələr də, daha doğrusu özlərini qalib saysalar da əslində xalqımızın oyanışı və müstəqilliyimiz uğrunda əzmli mübarizəsi üçün əlverişli bir mühit yaratdıqlarının da fərqində deyildilər. Və hadisələrin gedişatı bizim o liderlərə inanmaqda nə qədər haqlı olduğumuzu bir daha sübuta yetirdi…
1990-cı ilin 20 yanvar şəhidləri torpağa tapşırıldı…Onların dəfn mərasimində axıtdığımız hər damla yaşımız torpaqla yoğrulararaq mübariz nəsillərin yetişməsinə vəsilə olacaqdı. Buna əmin idik…
Ən böyük imid yerimiz, bizə təhlükəsiz gələcəyimizin təminatını verən isə Azərbaycan Respublikasının təhlükəsizliyini təmin etmək məqsədi ilə və bütün xalqın sıx birliyinə səy göstərən vətənpərvər əhval-ruhiyyəli demokratik ictimai-siyasi qüvvələrin iradəsini ifadə edən Müdafiə Şurasının yaradılması haqqında 29 sentyabr 1991-ci ildə imzalanmış prezident fərmanı oldu. 1992-ci ilin 5 martından tam qüvvəsi ilə fəaliyyətə başlayan Müdafiə Şurasının tərkibində Etibar Məmmədov və digər onun kimi inandığımız ziyalıların olması ölməkdə olan ümidlərimizi dirçəltmişdi.
71 illik təkpartiyalı sistem tarixin arxivinə atıldığından yaranmış boşluğu dolduracaq partiyaya zərurət duyuldu. O zamanlar Azərbaycan Xalq Cəbhəsinin yaradılmasında əsas simalardan biri olan Etibar Məmmədov böyük nüfuz qazanmışdı. Möhkəm iradəsi, əzmi, qətiyyəti, zəngin dünyagörüşü ilə hərəkat içində böyük rəğbət və sonsuz hörmət qazanmış E. Məmmədov ona bəslənən ümidləri doğrultdu. Və bunun ardınca Müstəqil Azərbaycanımızda ilk siyası partiya olaraq qeydiyyatdan keçən Milli İstiqlal Partiyası və onun sədri milyonların inamını və güvənini qazanmış vətənpərvər insan Etibar Məmmədov böyük bir xalq ordusunu ətrafına toplaya bildi. Milli İstiqlal Partiyası (AMİP) Etibar Məmmədovun rəhbərliyi ilə təsis edildi və 1992-ci il 17 iyulda Ədliyyə Nazirliyi tərəfindən 1 nömrəli şəhadətnamə ilə rəsmi dövlət qeydiyyatına alındı. Xalqımızın ziyalıları, vətənpərvər oğul və qızları həm Müdafiə Şurasının, həm də partiyanın xətti ilə dövlətimizi və xalqımızı böhrandan çıxarmaq və düşmənlə üz-üzə torpaqlarımızın keşiyində duran oğullarımıza dayaq olmaq üçün yumruq kimi birləşdilər. Elə həmin dövrdən də ən ağrılı yerimiz olan döyüşçülər və yaralanmış əsgərlər, şəhid ailələri və qazilər daim diqqət mərkəzində oldu, sistematik olaraq onlara maddi və mənəvi dəstək kompaniyası başladıldı…
Milli Müdafiə Şurası yaradılandan onun fəal üzvlərindən olmuş, daha sonra isə AMİP-in siyasi şurasında yer alan vətənpərvər xanım, meydan hərəkatından tanıdığım Aminə Vəliyeva ilə partiyanın 30 illik yubileyi ərəfəsində keçənlərə nəzər salmağı düşündüm. İllər uzunu qoruyub saxladığı qovluqlar və bu qovluqların içərisində rəngi saralmış, üstündəki qeydlər hətta oxunmaz halda olan qalaq-qalaq sənədlər. Və diqqəti cəlb edən əsas məqam o idi ki, edilən yardımlar sayına qədər göstərilmiş, palatalar nömrələri ilə, orda müalicə alan əsgərlərin ad və soyadları, onlara edilən yardımlar bir-bir səliqə ilə qeyd edilmiş, bir də tarixi yazılmışdı. Quba rayonundan dəfələrlə yüzlərlə kiloqram alma, paxlava, bükmə və digər şirniyyat növləri gətirərək hospitalda müalicə olunan yaralılara paylamışlar. Tibbi ləvazimatlar – bint, pambıq, yod balonları (60), birdəfəlik şipris (1000), termometr (50), fonendaskop (25), elektrik distilyatoru (4), avtoklab (4), əlil arabası (5), əl ağacı (125) hospitala təhvil verilmişdir. Yaralıların yanında qalan valideynləri də unudulmamış, onlar üçün də geyim və gündəlik tələbat malları alaraq hədiyyə etmişlər. Bundan başqa kimsəsiz yaralı əsgərlərə ev yeməkləri aparmış, onların arzu və istəklərini dinləyərək əlaqədar təşkilatlar qarşısında məsələ qaldırmış, problemlərinin həllinə, istəklərinin yerinə yetirilməsinə çalışmışlar. Hətta fəal qadınlar xəstə döyüşçülərin başlarını, ayaqlarını yumuş, yaralarını sarımışlar. Çünki yaralılar çox olduğundan bəzən tibbi personalın onların hər birinə ayrı-ayrılıqda diqqət göstərməyə, başlarının üstündə durmağa zamanları olmurdu. Bu zaman Aminə xanım və rəfiqələri qollarını çırmalayıb iş başına keçirdilər. Dəfələrlə hospitalda müalicə olunan döyüşçülərə maddi yardım etmiş, onların ailələri ilə əlaqə saxlamış, qoca və xəstə valideynlərinə, ailəli olanların övladlarına baş çəkmiş, onların ehtiyaclarını qarşılamışlar. Hospitalın maddi təminatına hər zaman dəstək olmuşlar. Hospitalla əlaqələr müntəzəm xarakter almış, həkim və tibb bacıları ilə partiya üzvlərinin münasibətləri dostluq həddinə çatmışdır. Partiyanın 1500 nəfərdən artıq üzvü dəfələrlə qanvermə aksiyası keçirmiş, həmrəyliklərini nümayiş etdirmişlər.
Hərbi hissələrə də sistemli şəkildə yardımlar edilmişdir. N saylı hərbi hissəyə birdəfəlik yardıma nəzər salıram: Ədyal (100 ədəd), yuyucu toz (60 kq), paltar sabunu (300 ədəd), ağ parça (250 metr), yod (60 litr), kükürd dərmanı (50 kq). Bu siyahını xeyli artırmaq mümkündü. Amma məqsədimiz bu deyil. Əsas odur ki, partiyanın rəhbərliyi və üzvləri daim ölkənin ən gərəkli, lazımi yerlərində olmuş, dövlətlə və xalqla birliyini nümayiş etdirmişdir. Müdafiə Şurasının hesabına keçirilmiş pullar və qızıl-zinət əşyaları, digər qiymətli lazımi avadanlıqlar da qeyd edilmişdir. Bir maraqlı məqam da ondadır ki, bu qeydlərin altında müraciət etdikləri məmurların onlara göstərdikləri münasibət də göstərilmişdir. Çünki bu qeydlərin arasında minnətdarlıqlarla yanaşı, giley-güzarlı sözlərə də rast gəlinir. Bu da görülən işlərin şəffaflığından və gerçəkliyindən xəbər verir.
Onu da qey etmək yerinə düşər ki, Aminə xanım və onunla bərabər bu cür xeyriyyəçilik işləriylə məşğul olanlar dəfələrlə əlaqədar nazirliklərin və qurumların rəhbərlikləri tərəfindən təşəkkürnamələrə, xatirə hədiyyələrinə layiq görülmüşlər. Paryiya üzvləri bu günədək xeyriyyəçilik missiyalarını əzmlə davam etdirirlər. Və bundan sonrakı fəaliyyətlərində də xalqın ehtiyac duyulan zümrələrinin yanında olmağı bir proqram kimi qarşılarına məqsəd qoymuşlar.
10 aprel 1995-ci ildə partiyanın xətti ilə 6-12 yaşlı uşaqları peyvənd etmək üçün İsveçrədən gətirilən 50000 doza ADC vaksini Gigiyena və Epidemiologiya Mərkəzinə təhvil verilmişdir. O zaman respublikamızda kəskin ehtiyac duyulan bu peyvənd pereparatları Bakı şəhərindəki məktəblərdə təhsil alan bütün şagirdlərin vaksin edilməsi üşün kifayət edirdi.
Qardaş Türkiyə Cümhuriyyətindən də ordumuz və onun yaralı əsgərləri üçün xeyli miqdarda yardım gətirilmişdir. Əlbəttə bütün bunlar məhz E.Məmmədovun səyləri və nüfuzu sayəsində olmuşdur. Qardaş ölkədə çoxşaxəli əlaqələrə malik və saglam bağlantılar quran partiya lideri iki ölkə arasında dostluq və əməkdaşlıq əlaqələrinin də inkişafına kömək etmişdir.
Heç təsadüfi deyildir ki, Türkiyə Cümhuriyyətinin Ana Vətən Partiyasının Baş Katibi Avni Çarsancaqlı partiyanın konfransındakı çıxışında bu fikirləri söyləmişdi: “Mən Azərbaycanda olmaqdan, Milli İstiqlal Partiyasının mühafizəkarlıq və demokratik konfransına qatılmaqdan, sizlərlə bərabər olmaqdan qüruru duyuram. Və bu gün də konfransın sonunda partiyanın qərargahına gəlib, sizlərlə söhbət etməkdən çox mutlu olmuşam.”
Etibar bəyin bu Vətən sevgisi, onun dürüstlüyü, türk dünyasındakı günü-gündənartan nüfuzu, iki qardaş ölkə arasında dostluq əlaqələrinin sıxlaşması üçün yorulmadan mübarizə aparması Türkiyənin siyasi dairələrində də sayğıyla qarşılanırdı. Ana Vətən Partiyasının genəl başkanı Məsud Yılmazın fikirləri: “…Çox sayğılı bir kişilik sahibi Etibar bəy o zaman hərb sırasında da Türkiyədən nə yardım gəlmişsə, nə kömək edilmişsə, bilin ki, bütün dünya bilsin ki, bütün Azərbaycan xalqı bilsin ki, o yardımları Türkiyə dövlətindən, xalqından, milliyyətçi qurumlarından qoparan, Ermənistanın zülmünə qarşı Azərbaycanın torpaq bütünlüyünü saxlamaq üçün nə yapılmışsa, nə gətirilmişsə tamamının sahibi, allah hüzurunda söylüyorum, bunlar tarixə keçəcək bilgilərdir, Etibar Məmmədovdur.”
Sosial siyasətin mərkəzində Azərbaycan vətəndaşı, onun sosial rifah halının daha da yaxşılaşdırılması, ölkəmizin və vətəndaşlarımızın təhlükəsizliyinin təmin olunması dayanır. Bu siyasətin əsas istiqaməti xalqımızın milli maraq və milli mənafeyinin müdafiə edilməsidir. Hər hansı bir ölkədə dövlətin, siyasi dairənin və ya beynəlxalq təşkilatın diktəsi ilə deyil, məhz öz xalqının milli mənafeyindən irəli gələn siyasət həyata keçirilərsə, həmin ölkənin təhlükəsizliyi və dayanıqlığı şübhə doğurmaya bilər. Həm də xalq-hakimiyyət birliyi beynəlxalq təsirləri də neytrallaşdıra bilər. Məhz bu baxımdan AMİP-in tutduğu yol və yeritdiyi siyasət dövlətçiliyimizin möhkəmləndirilməsi və xalqımızın rifahının daha da yaxşılaşdırılmasına hesablanmışdır.
Milli azadlıq hərəkatımızla yaşıd olan Azərbaycan Milli İstiqlal Partiyası: Qurucuları – Etibar Məmmədov, Nazim İmanov, Şadman Hüseyn. Lideri – Etibar Məmmədov. Sələfi – Azərbaycan Xalq Cəbhəsi. Sədri Arzixan Əlizadə. Minlərlə istiqlalçı, demokratik fikirli insanı sıralarında birləşdirən və bu günlər 30 illik yubileyini qeyd edən respublikanın ilk siyasi partiyası. Yeni zəfərini qeyd edən Azərbaycanımızın daha möhtəşəm qələbələrə imza atmasında rolu olacaq bu partiyanın qurucularını, liderini, rəhbərini və üzvlərini 30 illik uğurlu yolu və yeritdiyi düzgün siyasət baxımından təbrik edirəm.
Əntiqə Qonaq
Əməkdar Jurnalist, Müharibə Veteranı