Rəşad Tağıyevin Şəmkiri idarə edə bilməməsi şəhid ailələrini, qaziləri, vətən Müharibəsi iştirakçılarını təngə gətirib. Ümumiyyətlə vətəndaşları qəbul etməmək Şəmkir rayon İcra Hakimiyyətinə “dəb halını” alıb. Bu barədə DİA.AZ-a göndərilən məlumatda deyilir.
Xəbəri verən mənbə iddia edir ki, Şəmkirdə qazi özünü icra hakimiyyətinin qarşısında yandırıb: “Buna dözməyən vətəndaşlar artıq özlərinə qəsd etmə həddinə çatıblar”.
Onu da qeyd edək ki, məsələ ilə bağlı başçının köməkçisi Elgün Seyidovla əlaqə yaratmaq istəsək də, telefonumuzu qaldıran olmadı.
***
Şəmkir rayon İcra Hakimiyyətinin qarşısında intihara cəhd olub.
DİA.AZ bildirir ki, APA-nın yerli bürosunun xəbərinə görə, Şəmkir rayonunun Yeni həyat kənd sakini, 1996-cı il təvəllüdlü Həsənov İlham Yılmaz oğlu Şəmkir rayon İcra Hakimiyyətinin qarşısında özünə od vurub.
Onun intihara cəhdinin qarşısının alınıb, alov söndürülüb. Yanıq xəsarətləri alan İlham Həsənov xəstəxanaya yerləşdirilib.
İlham Həsənovun intihar cəhdinin səbəbləri araşdırılır.