“`Ağ şəhər`i yenidən QARA ŞƏHƏRƏ çevirmək istəyirlər” – “Prestij–V” MTK İTTİHAM OLUNUR
Xətai rayonunda, “Ağ Şəhər” layihəsində çalışan “Prestij-V” MTK-nın iş icraçıları İlham Əkbərov və Arif Abbasov ölkə başçısı İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya və “Ağ şəhər” layihəsinin rəhbərliyinə müraciət ünvanlayıblar.
Zirveyolu.info-ın məlumatına görə, İlham Əkbərov və Arif Abbasov “Arqument.az”a bildiriblər ki, ölkə başçısına “Prestij-V” MTK-nın rəhbəri İdris Əliyevdən şikayət edirlər.
Onlar deyirlər ki, 12 oktyabr 2020-ci ildə “Prestij-V” MTK ilə müqavilə bağlayaraq, Xətai rayonu, Rüstəmov küçəsi 8 ünvanında yerləşən və “Bakı Ağ Şəhər” layihəsinə aid “Majestik” adlı 8 mərtəbəli binada işləməyə başlayıblar.
Bu müddət ərzində onlar binanın çöldən hörgülərini, fasadını tam təmir ediblər, amma MTK müqavilə öhdəliklərini yerinə yetirməkdən imtina edir: “Hörgünü apardıq, fasadı təmir etdik. Bütün işləri gördük, hətta təhvil də verdik. Amma MTK rəhbərliyi süni əngəllər yaradır, işimizi yarımçıq qoymaq məqsədilə müqavilə ödəliklərini heç bir əsas olmadan icra etmək istəmir”.
Ölkə başçısı “Ağ şəhər”də
İlham Əkbərov deyir ki, onlar binanın çöldən fasad hissəsini tam təmir etdikdən sonra bnanın içərisində də 2 mərtəbədə hörgü işləri aparıblar. Problem də bundan sonra yaranıb. Belə ki, MTK onlara sakinlərin hələ köşmək istəmədiyini əsas gətirərək işi dayandırıb: “Deyirlər ki, sakinlər hələ köşmək istəmirlər. Nə vaxt köçmək istəsələr, gəlib işinizi davam etdirəcəksiniz. Harada görülüb ki, vətəndaş pul verib aldığı və ya kreditlə aldığı mənzilin tez təmir olunmasını istəməsin və ya ora köçməyə tələsməsin?”.
İş icraçısı Arif Abbasov isə bildirib ki, onlar özlərindən 25 min manat binaya xərc çəkiblər, amma MTK həmin vəsaiti də qaytarmayıb: “Biz pul qoyduq ki, binanı tam təhvil verəndə qoydğumuz vəsaiti götürəcəyik. Həm işimizi yubadırlar, həm də pulumuz batır. Pulu ona görə qoyduq ki, iş gecikməsin, tez təhvil verək, çıxıb gedək. İndi nə imkan verirlər ki, işimizi görək, nə də pulumuzu qaytarırlar. İşin keyfiyyətinə isə heç bir şübhə ola bilməz, hətta bununla bağlı video və fotoçəkilişlər də aparmışıq”.
“Bizə deyirlər ki, sakinlər hələ otaqların dizayna uyğun hörgüsünü aparmaq istəmirlər. Deyirik ki, bu işi şirkət olaraq siz sürətləndirməlisiniz. Bizim işimiz təmirdir. Onu da biz edək və bu iş yekunlaşsın. 2 ildir ki, gözləyirik, amma heç bir irəliləyiş yoxdur. Nə qədər gözləməliyik axı?”, – deyə Abbasov qeyd edib.
“Ağ şəhər” layihəsi
Ölkə başçısına müraciət edən iş icraçıları deyirlər ki, şirkət bu addımı ilə dünya standartlarına cavab verən “Ağ şəhər” layihəsinə kölgə salmağa çalışır: “Aydın görünür ki, “Ağ şəhər”i yenidən “Qara şəhər”ə çevirmək istəyirlər. Biz ölkə başçısına, Mehriban xanıma müraciət edərək bu işlə bağlı ölçü götürmələrini xahiş edirik. Çünki bu layihə şəxsən ölkə rəhbərliyinin diqqətindədir”.
İş icraçıları ilə müqavilə 12 oktyabr 2020-ci ildə “Prestij-V” MTK-nın sədri, sifarişçi Xudaverdiyev Tural Bayram oğlu arasında bağlanıb. İçraçıların adından isə müqaviləyə Ələkbərov Ramin İlham oğlu imza atıb, yəni rəsmi sifarişçi və icraçı adıçəkilən şəxslərdir.
Ancaq icraçılar deyirlər ki, şirkət faktiki İdris Əliyevin adınadır, bütün işləri də oğlu Vüsal Əliyev icra edir.
Dia.az xəbər verir ki, “Arqument.az” şikayətlə bağlı “Prestij–V” MTK-ya rəsmi sorğu göndərib.
MTK-nın sədri Tural Xudaverdiyevin adından “Arqument.az”a göndərilən cavab məktubunda bildirilir ki, şirkətlə bağlı iddialar əsassızdır: “12.10.2020-ci i tarixdə “Prestij–V” MTK ilə Ələkbərov Ramin İlham oğlu arasında bağlanmış müqavilənin şərtlərinə şirkətimiz tərəfindən tam şəkildə əməl olunmuş, görülmüş işlərin dəyəri müqavilədə nəzərdə tutulduğu kimi, tərtib olunan AKT(Forma-2) əsasında tam olaraq ödənilib. Şirkətin icraçı qarşısında yerinə yetirilməmiş heç bir öhdəliyi yoxdur”.
Şirkət rəhbəri bildirib ki, müqavilə öhdəlikləri ilə bağlı iddialar da həqiqətəuyğun deyil və icraçılar özlərindən binaya heç bir xərc çəkməyiblər: “İcraçı tərəf iddia irəli sürür ki, guya özlərindən 25000 AZN xərc çəkiblər və biz yerdə qalan işləri onlara gördürmək istəmirik. Bu iddia tamamilə yalnışdır, iftiradır. Onlar son hesablaşmadan sonra bizim binada heç bir iş görməyiblər, 1 (bir)AZN belə xərcləməyiblər. Əgər işləmək istəyirlərsə, gəlib işlərin davam etdirsinlər və haqlarını müqavilə şərtlərinə əsasən alsınlar”.
“Biz Şirkət olaraq “Bakı Ağ Şəhər” layihəsində uzun müddətdir ki, çalışırıq. Bizə təqdim olunan layihələri yüksək keyfiyyətlə və vaxtında icra edirik. Hazırki layihəmizdə işlər qrafik üzrə davam etdirilir. İnanırıq ki, binamızı vaxtında və yüksək keyfiyyətdə təhvil verəcəyik”, – deyə cavab məktubunda bildirilir.
İcraçı tərəf isə şirkət rəhbərliyinin dedikləri ilə razılaşmır: “Haradan bilirlər ki, xərc çəkməmişik? Orada olublar? Biz o pulu qoyduq ki, işimizi tez yekunlaşdıraq. İş bitəndə də hesablaşaq. Hər şeyin hesab-kitabı aparılıb. Əgər şirkət belə davam edərsə, biz məhkəməyə müraciət edəcəyik”.