Cəmiyyət Manşet

Astara icra hakimiyyətində Vətən müharibəsi iştirakçısı olan zabitin kirayə pulunu mənimsəyirlər? – NARAZILIQ VAR!

Ehtiyatda olan mayor Teymurov Hüseyn Şəmsəddin oğlu hesab edir ki, Astara rayon icra hakimiyyətində ona ayrılan kirayə pulu mənimsənilir…

Zirveyolu,info bildirir ki, bununla bağlı PİA.az-a müraciət edən Astara sakini, ehtiyatda olan mayor Hüseyn Teymurov bildirir ki, 22 il müddətində Azərbaycan ordusunda qüsursuz xidmət edib və Vətən müharibəsi iştirakçısıdır. Ordudan tərxis olunandan sonra doğma Astaraua qayıdan mayor evlə təmin olunmaq üçün Astara rayon icra hakimiyyətinə müraciət edib və ərizəsinə müsbət cavab verilib. Nazirlər Kabinetinin qərarına əsasən evlə təmin olunana qədər dövlət ona kirayə pulu almalı olan Teymurov bu pulu almaq üçün də sənədlərini Astara rayon icra hakimiyyətinə təqdim edib. 3 ay müddətində 137 manat korayə pulu alan Hüseyn Teymurovun aprel ayından kirayə pulu kəsilib. Bununla bağlı dəfələrlə Astara rayon icra hakimiyyətinə müraciət eləsə də ona pulun kəsilməsi ilə bağlı düz-əməlli izahat verən olmayıb.

Maraqlıdır ki, Hüseyn Teymurov kirayə pulunu almaq üçün plastik kartını “Kapitalbank”dan özü imza ataraq almayıb. Ona bu kartı Astara rayon icra hakimiyyəti başçısı aparatının Sektor müdiri-baş mühasib Rasim Məmmədov təqdim edib və 3 aydan sonra bu kart bağlanıb. Bu üzdən də ehtiyatda olan mayor belə düşünür ki, Rasim Məmmədov onunadına olan kartı ləğv etdirərək yeni kart açdırıb.

Məsələ ilə bağlı Astara rayon icra hakimiyyətinə sorğu ilə müraciət etdik. Sorğuya cavab olaraq Astara rayon icra hakimiyyəti başçısı aparatının Sektor müdiri-baş mühasib Rasim Məmmədov bildirib ki, Astara rayonunun Şiyəkəran kənd sakini, ehtiyatda olan mayor Teymurov Hüseyn Şəmsəddin oğlu Astara Rayon İcra Hakimiyyətində dəfələrlə qəbul edilib: “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 6 avqust tarixli 174 nömrəli qərarına əsasən yaşa, xəstəliyə, ailə vəziyyətinə görə, habelə 5 təqvim ili xidmət etmiş və ştatların ixtisarına görə ehtiyata və ya istefaya buraxılmış və yerli icra hakimiyyəti orqanlarında mənzil uçotuna götürülmüş zabitlərə, gizirlərə və miçmanlara, habelə 15 təqvim ili və daha çox xidmət etmiş müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına seçilmiş yaşayış yerinə gəldikləri günün 3 aylığından mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alanadək müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün kompensasiyanın verilməsi təmin edilir.

Hüseyn Teymurova 17.12.2021-ci il tarixdən ehtiyata buraxılmış hərbi qulluqçu kimi rayon icra hakimiyyəti tərəfindən mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alanadək müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün hər ay üç nəfər ailə üzvü ilə birlikdə 137.50 manat nağdsız qaydada kompensasiya ödənilir.

Kompensiyanın davamlı olaraq verilməsindən ötrü müvafiq sənədlərin yenilənməsi üçün tələb olunan sənədləri təqdim etməkdən ötrü ona şifahi və yazılı məlumat verilməsinə baxmayaraq, vətəndaş bəzi zəruri sənədləri rayon icra hakimiyyətinə təqdim etməmişdir. Bu səbəbdən ona verilən kompensasiya aprel 2022-ci il tarixdən dayandırılmışdır. Müvafiq sənədlər aidiyyəti üzrə təqdim edildikdən sonra Hüseyn Teymurovun müraciətinə təkrar baxılacaqdır”.

Astara icra hakimiyyətinin bu cavabı ilə bağlı Hüseyn Teymurov bildirib ki, o, ilin əvvəlində lazım olan bütün sənədləri Astara rayon icra hakimiyyətinə təqdim edib və buna görə də 300 manat xərci çıxıb.

Cənab Rasim Məmmədovun bizə göndərdiyi cavabda isə maraq doğuran məsələ odur ki, əgər vətəndaş Teymurov lazım olan sənədlərin hamısını icra hakimiyyətinə təqdim etməmişdisə, onda ona 3 ay müddətində kirayə haqqı necə alıb? Belə çıxır ki, Rasim Məmmədov səlahiyyətlərini aşaraq qeryri-qanuni şəkildə büdcə pulunu qanunsuz olaraq vətəndaş Teymurova verib?

Yox əgər sənədlər yerində olubsa və Teymurova 3 ay müddətində kirayə pulu qanuni olaraq ödənilibsə, o zaman 3 aydan sonra bu sənədlər niyə və hansı əsasla keçərsiz hesab olunub? Belə çıxır ki, dövlətdən 137 manat kirayə pulunu almaq üçün ehtiyatda olan zabitlər hər kvartalda Astara icra hakimiyyətinə sənəd təqdim etməlidir və sənədlərin hazırlanması üçün 300 manat xətc çəkməlidirlər?

Güman edirik ki, Astara rayon icra hakimiyyəti bu anlaşılmazlığa izahat verəcək.

Qeyd edək ki, Astara rayon icra hakimiyyətinin bizə yolladığı cavabdan sonra mayor Hüseyn Teymurov Rasim Məmmədovdan sənədlərini geri istəsə də, Astara rayon İcra Hakimiyyətinin baş mühasibi sənədləri ona verməkdən imtina edib…

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir