Azərbaycanda turizm mövsümü başlasa da, insanlar səyahət etməklə bağlı ciddi çətinliklərlə üzləşdiklərini bildirirlər.
Səbəb quru sərhədlərin bağlı olması və təyyarə biletlərinin qiymətinin yüksək olmasıdır.
Sosial şəbəkələrdə də bununla bağlı məsələlərin müzakirəsi geniş vüsət almağa başlayıb.
Mövcud vəziyyətdə ümidlərini aviareyslərə bağlayan vətəndaşlar digər ölkələrlə müqayisədə Azərbaycanda biletlərin baha, uçuşların sayının isə az olmasından gileylənirlər.
Milli Məclisdə vətəndaşları təmsil edən millət vəkilləri və müstəqil ekspertlər səbəbi inhisarçılıqda görür və buna görə Azərbaycan Hava Yolları – AZAL şirkətini ittiham edirlər.
Ötən ili maliyyə itkisi ilə başa vurmuş, biletlərinin qiyməti orta aylıq əmək haqqı 850 manatdan aşağı olan bir azərbaycanlının büdcəsi üçün həddindən artıq yüksək AZAL isə, ona ünvanlanan bir çox ittihamlara cavab verməsə də, BBC Azərbaycancaya “xarici ölkələrə uçuş qiymətlərini şirkət özü müəyyənləşdirir” deyə şərh verib.
Azərbaycanda nəinki AZAL, hətta Avropa ölkələrində bəzən 10-20 avroya belə bilet satan büdcə hava yolları şirkəti- Wizz Air-in biletləri də bahadır.
Wizz Air və Azərbaycanda işləyən digər büdcə hava yolları şirkəti Pegasus Airlines deyib ki, bu bahalıq, Bakı aeroportundan istifadə ilə bağlı xidmət haqlarının yüksək olmasından irəli gəlir.
“Bakı aeroportundan istifadə haqqı yüksəkdir”
Azərbaycan Hava Yolları QSC-dən bildirilib ki, daxili uçuşlarda qiymətləri Tarif Şurası müəyyənləşdirsə də, xarici ölkələrə uçuş qiymətlərini şirkət özü müəyyənləşdirir. Lakin qurum qiymətləri hansı meyarlara əsasən müəyyənləşdirilməsinə dair sualımıza cavab verməyib.
Məlum olub ki, AZAL və Buta Airlines kimi dövlət şirkətləri ilə yanaşı, Azərbaycanda fəaliyyət göstərən Wizz Air və Pegasus Airlines kimi özəl aviasiya şirkətlərinin də bilet qiymətləri, həmin şirkətlərin digər ölkələrdə satdıqları biletlə müqayisədə olduqca bahadır.
Rəqəmlər iyulun sonu-avqustun ortalarını əhatə edir və AZAL-ın Standart (klassik) sinif biletləri üçündür.
Wizz Air havayolu şirkətinin korporativ əlaqələr meneceri Zsuzsa Trubek BBC-nin sorğusuna cavab olaraq bildirib ki, digər ölkələrlə müqayisədə Azərbaycandan uçuşların baha olması Bakı aeroportundan istifadə ilə bağlı xidmət haqlarının yüksək olmasından irəli gəlir.
“Hava limanı xidmətlərinə görə Azərbaycan Hava Yollarına ödədiyimiz xidmət haqqı Gürcüstanla müqayisədə 6-8 dəfə bahadır. Ermənistanla müqayisədə isə Azərbaycandan həyata keçirilən uçuşlar 20-40% baha başa gəlir”, Zsuzsa Trubek bildirib.
Pegasus Airlines şirkətinin Azərbaycan nümayəndəliyinin direktoru Rəcəb Kərimov da müsahibəsində uçuşları həyata keçirərkən əsas onun rentabelliyinin – uçuş istiqaməti, sərnişinlərin sayı və bazarın böyüklüyünün nəzərə alındığını bildirib.
O, aeroport xidmətlərinin qiymətinin də burada mühüm rol oynadığını diqqətə çatdırıb. Qeyd edib ki, Avropa ölkələri, eləcə də yaxın qonşu ölkələrlə müqayisədə Azərbaycan Hava Yollarının təklif etdiyi qiymətlər daha yüksəkdir. Bu da dolayısı ilə biletlərin satış qiymətinin artmasına gətirib çıxarır.
“Gürcüstanla müqayisə etsək Azərbaycanda aeroport xidmətləri 15% çoxdur ki, bu da kifayət qədər böyük rəqəmdir. Azərbaycanın regionlarından uçuşların həyata keçirilməsi üçün daha ucuz xidmətlər təklif edilsə də, orada sərnişin sayı olduqca aşağıdır, bu da şirkətlərə sərf etmir,” Rəcəb Kərimov deyib.
AZAL QSC səslənən iddialarla bağlı BBC-nin sorğusuna cavab verməyib.
WizzAir şirkətinin saytında iyulun sonlarından avqustun ortalarınadək Bakı-Budapeşt-Bakı gediş-dönüş qiymətləri təxminən 880 avrodur (1510 AZN) .
Pegasus hava yolları şirkətinin eyni vaxtda Bakı-İzmir-Bakı reyslərinə biletinin qiyməti ən ucuz halda, 974 manatdır.
“Ən azı 5 dəfə bahadır…”
37 yaşlı Sahib İsmayılov Azərbaycanda doğulub-böyüyüb, amma həyat yoldaşı Gürcüstan vətəndaşıdır.
Ona görə də, iki uşaq atası olan İsmayılov hər il ailəsini yay aylarında məktəb açılanadək Gürcüstana istirahətə göndərir.
Sahib İsmayılov deyir ki, həyat yoldaşının Azərbaycanda 5 illik yaşama icazəsi olsa da, hər dəfə onlar geri qayıdanda yoldaşını quru sərhədindən buraxmırlar. Ona görə də ailə məcbur təyyarə ilə gəlməli olur. Bu isə “əlavə, həm də böyük xərc deməkdir.”
Onun sözlərinə görə, AZAL-ın, hətta aşağı qiymətlər təklif edən Buta Airways (AZAL-ın struktur bölməsi-red.) şirkətinin biletləri olduqca bahadır.
“Əgər 20 gün əvvəl bilet alsaq, Gürcüstandan Yunanıstana bir nəfər üçün biletin qiyməti 20 avrodursa (34 manat), Tbilisidən Bakıya Buta Airways-in biletləri 110 avrodan (186 manatdan) başlayır. AZAL-ın bilet qiyməti isə 190 avro (320 manat) və daha çox təşkil edir”, Sahib İsmayılov BBC News Azərbaycancaya bildirib.
“Tbilisinin bir addımlığında olan Bakı ilə müqayisədə Gürcüstandan uzaq məsafədə yerləşən Yunanıstana biletlər ən azı beş dəfə ucuzdur?” – deyə AZAL müştərisi sual edir.
“İndidən fikirləşirəm, necə edim ki, ailəmi Azərbaycana gətirə bilim. Hava yolu ilə baha başa gəlir. Bundan əlavə, sentyabrdan artıq dərslər başlayır. Ona görə məcburam sentyabrın ortalarına kimi ailəmi nə cür olursa olsun gətirim Azərbaycana”, Sahib İsmayılov əlavə edib.
“Qanunvericiliyə ziddir”
İqtisadçı Azər Mehtiyevin sözlərinə görə, hava limanı və hava limanına daxil olan xidmətlər təbii inhisara aiddir və bu xidmətlərin qiymətləri dövlət tərəfindən tənzimlənməlidir.
Başqa sözlə desək, naviqasiyadan tutmuş hava limanı xidmətinə aid olan bütün xidmətlərin qiyməti mütləq Tarif Şurası tərəfindən müəyyən edilməlidir.
“Əgər bu gün Tarif Şurasının tənzimlədiyi qiymətlər siyahısında o yoxdursa, deməli bu qanunverciliyə ziddir. Bu gün AZAL QSC-yə inhisar mövqeyi verən amil də məhz hava limanı xidmətlərinin qiymətlərinin qanunvericiliklə tənzimlənməməsidir”, Azər Mehtiyev BBC-yə bildirib.
İqtisadçı hesab edir ki, AZAL-ın hava limanı xidmətləri müstəqil operatorlara həvalə olunarsa, o zaman rəqabət əsasında qiymətlərin aşağı düşdüyünü müşahidə edə bilərik.
Onun fikrincə, aidiyyati dövlət qurumları AZAL-ın işinə nəzarət etmədikləri üçün, AZAL inhisarçı mövqeyindən daha çox istifadə edərək “qiymətləri artırmaq və xidməti aşağı salmaqla mənfəətini yüksəltməyə çalışır”.
AZAL QSC bununla bağlı sorğuya cavab verməyib.
“Çağırışlarımız cavabsız qalıb…”
Milli Məclisin üzvü Elman Məmmədov bildirib ki, AZAL-ın təklif etdiyi aviabiletlərin qiymətlərinin baha olması “əslində hamını narahat edir”.
Yeni Azərbaycan Partiyasının parlamentdəki nümayəndəsinin sözlərinə görə, hava yolu nəqliyyatında qiymətlərin yüksək olması gediş-gəlişdə problemlər yaratmaqla yanaşı, ölkənin iqtisadi və turizm potensialının inkişafına da “ciddi əngəl” yaradır.
Biletlərin baha olmasını “qəbuledilməz” və “yaramazlıq” adlandıran millət vəkili problemin həll edilməli olduğunu qeyd edib.
Milli Məclisin İnsan Haqları komitəsinin üzvü Fazil Mustafa problemin həllini bu sahədə “monopoliyanın aradan qaldırılmasında” görür.
Onun fikrincə, AZAL tərəfindən xarici uçuşlara qoyulan yüksək tariflərin “heç bir iqtisadi, məntiqi əsaslandırması yoxdur” və bundan yeganə çıxış yolu “ayrı-ayrı adamlara verilən imtiyazların ləğvi, digər insanlara bu sahədə iştirak imkanının yaradılmasıdır”.
“Təyyarə biletlərinin baha olması şəxsi maraqla bağlıdır. AZAL-ın şəxsi kaprizlərinə görə, qiymətlər yüksəkdir. Parlamentdə dəfələrlə demişik ki, aztəminatlı ailələr aviabiletlər baha olduğu üçün digər ölkələrə müalicəyə getməkdə böyük çətinlik çəkirlər. Lakin təəssüf ki, bu istiqamətdə hələ ki, hökumət əməli addımlar atmır”, Fazil Mustafa BBC-yə bildirib.
AZAL-dan bu ittihamla bağlı da cavab almaq mümkün olmayıb.
Azərbaycan hökumətinin bu il mayın 31-də “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsinin icrası haqqında” yaydığı hesabata əsasən qiymətlərin baha olmasına baxmayaraq, AZAL ötən ili maliyyə itkisi ilə başa vurub.
Hesabatda AZAL QSC-nin 2021-ci ildə yaranan 34.8 milyon manatlıq dövlət zəmanətli borcunun Təminat Fondu tərəfindən ödənildiyi qeyd olunub.
Dövlət büdcəsindən subsidiya da alan AZAL pandemiya zamanı və ondan əvvəlki il də zərərlə işləyib. Şirkətin 2019 və 2020-ci illər üzrə açıqladığı maliyyə hesabatına əsasən şirkət həmin illəri müvafiq olaraq 78 milyon 770 min və 76 milyon 415 min manat xalis zərərlə başa vurub. //bakipost.az//