`İslahatçı` icra başçısı əlilə MÜHARİBƏ ELAN EDİB – “Evimə soxulublar, üstəlik, cərimələyiblər”
Məhkəmələr öz ədalət relsindən çıxıb, məmur sifarişlərini yerinə yetirdiyi gündən vətəndaşların, xüsusilə ədalətsizliyə, eyni zamanda ləyaqətsizliyə məruz qalan insanların bu sistemə etibarı itib, ümidi isə ərşə çəkilib.
Fevral ayında mənzili və ailəsi Yasamal icra Hakimiyyətinin basqınına məruz qalmış hüquqşünas, eyni zamanda fiziki məhdudiyyətli Zaur Seyidzadə artıq 6 aya yaxındır ki, icra hakimiyyətinin başına açdığı oyunlar səbəbindən məhkəmə-məhkəmə gəzir. İcra, həm Zaurun evinin qapısını dağıdıb, həm də Zauru “qanunsuz” iş gördüyünə görə cərimələyib. Cərimədən dolayı məhkəməyə şikayət edən Zaurun bu şikayətinə baxılmayıb və cərimə qüvvədə qalıb.
Fevral ayının ortalarında evi basqına məruz qalan Zaur Seyidzadə öz hüququnu qorumaq və haqqını əldə edə bilmək üçün Yasamal İcra Hakimiyyətini məhkəməyə vermişdi. İnzibati məhkəmə may ayında qapının ümumi məhkəmə prosesi sonlananadək yerinə qoyulması barədə müvəqqəti qərardad qəbul etmişdi. Çünki Zaurun dağıdılan qapısının yerində heç nə yox idi və Onun ailəsinin təhlükəsizliyi ciddi təhdid altında idi. Ancaq icra hakimiyyəti bu müvəqqəti qərardada da dözüm göstərə bilmədi və İnzibati Məhkəmənin həmin qərardadından apellyasiya şikayəti verdi.
Apellyasiya məhkəməsinin tarixi isə avqust ayına ertələnib. O Apellyasiya Məhkəməsi ki, hər dəfə zərərçəkənlərin əleyhinə qərar qəbul edərək verdiyi qərarlardan kassasiya şikayətinin edilməsinə qadağa qoyur, yuxarı instansiyalara müraciəti qadağan edir. Bu problemdən demək olar ki, bütün ölkənin xəbəri var. Rayon məhkəmələri yaxud İnzibati Məhkəmə bir qərar qəbul edir və həmin qərar əgər zərərçəkənin xeyrinə olursa, qarşı tərəf həmin məhkəmənin bu qərarından apellyasiya şikayəti verir. Daha sonra nə olur, nə bitirsə, bir də baxırsan, Apellyasiya Məhkəməsi anormal bir qərar qəbul edib və həmin qərardan kassasiya şikayətini də qadağan edib.
Tez-tez baş verən bu proses artıq dəb halını alıb və hamı öncədən Apellyasiya Məhkəməsinin nə qərar çıxaracağını əzbər bilir. Zaur Seyidzanin növbəti İnzibati məhkəmə prosesi bu ayın 21-dir və O, bu düşüncədədir ki, ola bilsin, Yasamal İcra Hakmiyyəti məhkəməni hansısa yolla ələ almağa çalışın. Zaur Seyidzadə bildirir ki, əgər İnzibati Məhkəməyə müdaxilə edə bilməsə, o zaman avqust ayına ertələnmiş Apellyasiya Məhkəməsində “bir variantla” özlərini düz çıxara biləcəklər. Ona görə ki, Apellyasiya Məhkəmələrinin əksəriyyəti göstəriş və diqtə əsasında qərar qəbul edir, həmin diqtə və göstərişlərin bir çoxu da Yasamalın icra başçısı Elşad Həsənov kimi məmurlardan gəlir.
Vəziyyət o həddə gəlib ki, Apellyasiya Məhkəməsinə mətbuat nümayəndələri də buraxılmır. Hərçənd bu məhkəmələrdə proseslər şəffaf şəkildə keçirilsəydi, yəqin ki, hakimlər məhkəmə zalında jurnalist görməkdən həyəcan keçirməzdilər: “Məhkəmə özü müstəqil qanunvericiliyə uyğun vəziyyəti qiymətləndirə bilmir. Mütləq üçüncü tərəf hansısa qərar qəbul etməlidir ki, məhkəmə də onun əsasında belə bir qərar qəbul etsin. Bu, absurd bir şeydir. Amma əslində məhkəmələrin özü müstəqil qanunvericiliyə dayanaraq, qanunun maddələrinə istinad edərək qərar qəbul etməlidirlər. Onlar qanunun maddələrinə istinad etmirlər, ancaq kiminsə diqtə və göstərişi əsasında iş görürlər. Həm evimin qapısını söküb, həm də evimə soxulan bu adamlar daha sonra da məni 300 manat “qanunsuzluq” etdiyimə görə cərimələyiblər. Həmin cərimədən şikayət vermişəm, şikayətə də Yasamal məhkəməsində baxılıb və cərimə qanuni qəbul edilib, yəni şikayətim təmin olunmayıb. Elşad Həsənovun məqsədi təbii ki, 300 manat deyil. O, bu yolla digər məhkəmə proseslərinə də təsir edə biləcəyini nümayiş etdirməyə çalışır. Həm evimi basırlar, həm cərimələyirlər, həm də məhkəmələrdə süründürürlər. Bu qədər insafsızlıq, vicdansızlıq olmaz axı…
Növbəti həftə İnzibati Məhkəmə prosesi keçiriləcək, çox güman ki, icra hakimiyyəti məhkəməyə hansısa təzyiqlə, ya da başqa variantlarla təsir etməyə çalışacaq. Əgər onlar bu məhkəməyə təsir edə bilməsələr, böyük ehtimalla növbəti ay keçiriləcək olan Apellyasiya Məhkəməsinə qanunsuz qərar qəbul etdirə biləcəklər. Əgər belə olsa, heç təəccüblənməyəcəm”,- deyə, Zaur Seyidzadə bildirib.
Qeyd edək ki, Elşad Həsənov bu vəzifəyə təyin olunanda bəzi media qurumları bunu “islahat” kimi qiymətləndirmişdi, amma az sonra Yasamal özü boyda bazara çevrildi. Daha əvvəl də “Bizim Yol” Elşad Həsənova rəsmi sorğular və şikayətlər ünvanlayıb, amma heç vaxt şikayətlər qanuni şəkildə həllini tapmayıb. Çünki hazırda Yasamal rayonunu “Franklin” idarə edir.
Bizimyol.info