Pirallahı adadır deyə CƏNGƏLLİK QANUNLARI ilə idarə olunmalıdır? – Prezidentə müraciət olundu
PREZİDENTƏ MÜRACİƏT
Surəti: Azərbaycan Respublikasının Birinci Vitse-Prezidenti Mehriban xanım Əliyevaya
Surəti: Azərbaycan Respublikası Prezidentinin köməkçisi — Prezidentin Administrasiyasının Hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov cənabına
Surəti: Ədliyyə naziri Fikrət Məmmədov cənabına
Surəti: Bakı Apellyasiya Məhkəməsinin sədri Mübariz Əkbərov cənabına
Surəti: Bakı Apellyasiya Məhkəməsinin hakimi Fuad Talışınskiyə
İllərdir ki, sifarişli məhkəmə proseslərinin, qərəzli hakimlərin qurbanına çevrilən, haqq səsi yüksək rütbəli məmurların kabinetlərində boğulan, müraciətlərinə cavab verilməyən, heç bir suçu olmadığı halda günahkar duruma salınan Sakin Ağayev son bir güman yeri, artıq ölkəmizdə olan ümidlərinin son dəfə dirçələcəyi inamı ilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə, Birinci Vitse-prezident Mehriban xanıma və əlaqədar dövlət strukturlarının rəhbərlərinə müraciət ünvanlayıb. Əslində bu onun ilk müraciəti deyil. Amma vəziyyət belə davam edərsə sonuncusu ola bilər. Çünki öz doğma vətənində haqq səsi eşidilməyən, bir qrupun maraqlarının girovuna çevrilən, heç cürə öz qanuni hüquqlarını təmin edə bilməyən Sakin Ağayev artıq həyatdan bezdiyini, bu dəfə də səsinə səs verilməyəcəyi təqdirdə intihar edəcəyini bildirir. Hesab edir ki, qanunların öldürüldüyü yerdə insanların öldürülməsi də qanunsuzluq sayılmamalıdır !
Sakin Ağayev Qazaxıstan Respublikasının vətəndaşıdır və orada yaşayır, özünə iş qurub. Onun həyatında hər şey öz təbii axarı ilə gedirdi, ta ki, 2018-ci ildə həyat yoldaşı Rəhimli Vüsalə Mahmud qızının adına olan şirkəti 1 250 000 ABŞ dollarına İbrahimov Fikrət Vəli oğluna satana qədər. Şirkət F.İbrahimova satıldlqdan sonra o hər vasitə ilə pulu ödəməkdən imtina etmiş, artıq 4 il keçməsinə baxmayaraq müxtəlif məhkəmə instansiyalarını ələ alaraq S.Ağayevin qanuni hüquqlarının təmin olunmasına imkan verməmişdir. Qazaxıstan məhkəmələri S.Ağayevin şikayətlərinin təmin olunması barədə qərarlar çıxarsa da Azərbaycan məhkəmələri heç bir hüquqi akta, beynəlxalq konvensiyaya məhəl qoymayaraq birtərəfli qaydada F.İbrahimovun qanunsuz tələblərinin təmin edilməsinə çalışır, bu istiqamətdə qərarlar qəbul edir. İllərdir ki, haqlı səsinə səs verilməyən S.Ağayev cənab Prezidentə müraciət ünvanlayaraq kömək istəyir .
“ Şirkəti F.İbrahimova satdıqdan sonra qarşı tərəf hər vasitə ilə pulu ödəməkdən imtina etməyə başladı. Əlacsız qalıb F.İbrahimova qarşı pul tələbi ilə Qazaxstan Respublikasında məhkəməyə müraciət etdim və iddiam təmin olundu. Qarşı tərəfin həmin qətnamədən verdiyi appelyasiya və kasasiya şikayətləri təmin olunmamış, qətnamə Qazaxstanda icraya yönəldilmişdir.
Öz çirkin məqsədlərini Qazaxstanda reallaşdıra bilməyən F.İbrahimov Azərbaycanda mənim ailəmə qarşı Pirallahı rayon məhkəməsində pul tələbinə qarşı iddia qaldırmış, guya bizə metal alışı ilə bağlı pul vermiş, əvəzində metalı ala bilməmişik. Absurddur ki, biz metal işi ilə məşğul olmuruq, bu işlə yaxından-uzaqdan əlaqəmiz yoxdur. F.İbrahimovun təxəyyülünün məhsulu olan qondarma iddia isə Pirallahı rayon Məhkəməsinin 26 iyul 2017-ci il tarixli 2(094)-396/2017 saylı qətnaməsi ilə təmin edilmiş və cavabdehlərdən (məndən və ailə üzvlərimdən) 698 min ABŞ dolları məbləğində pul tutulması qət edilmişdir.
Biz Qazaxstanda yaşadığımız üçün Pirallahı rayon Məhkəməsinin qətnaməsi Qazaxıstan Respublikasında da tanınmış və 26.10.2018-ci ildə orada da icraya götürülmüşdür. Qazaxstan Respublikasında icra məmurunun 03.03.2020-ci il tarixli qərarına əsasən əvəzləşdirmə yolu ilə Pirallahı rayon Məhkəməsinin 26 iyul 2017-ci il tarixli qətnaməsi mübahisəli olan 698 min ABŞ dolları ilə bağlı tam icra olunmuşdur.
Qətnamənin Qazaxstan Respublikasında icra olunması barədə məlumat müvafiq olaraq Pirallahı rayon Məhkəməsinə təqdim edilməsi üçün rəsmi qaydada Qazaxıstan Respublikası Manqistuskiy İnzibati Məhkəməsi tərəfindən AR Ədliyyə Nazirliyinə göndərilib.
Nəticədə Yasamal rayon İcra şəbəsinin icra məmuru İlqar Allahverdiyev 18ş05ş2022-ci il tarixində Bakı Apellyasiya Məhkəməsinin, Ali Məhkəmənin qüvvədə olan qərarlarına, eləcə də “Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında 22 yanvar 1993-cü il tarixli Minsk konvensiyasının 55 –ci maddəsinin tələblərinə əsaslanaraq Pirallahı rayon Məhkəməsinin 2(094)-396/2017 saylı 17. 08. 2017-ci il tarixli icra sənədi üzrə icraata xitam vermişdir.
Məqsədlərini reallaşdıra bilməyən F.İbrahimov hər vasitə ilə ona havadarlıq edən Pirallahı rayon Məhkəməsinə şikayət vermiş, hakim Tərlan Əkbərov heç bir hüquqi sənədə, beynəlxalq konvensiyaya məhəl qoymadan Ədliyyə Nazirliyinin məmurunun göstərişi ilə qanunsuz olaraq Yasamal rayon İcra Şöbəsinin qərarını ləğv edərək yenidən Pirallahı rayon Məhkəməsinin 2(094)-396/2017 saylı 17. 08. 2017-ci il tarixli icra sənədinin icrasının davam etdirilməsi barədə qərar qəbul etmişdir.
Hazırda həmin qərardaddan şikayət vermişəm, iş baxılması üçün Bakı Apellyasiya Məhkəməsində hakim Fuad Talışinskinin icraatına verilmiş və işə yazılı icraat qaydasında 25 iyul 2022-ci il tarixində baxılacaq.
Göründüyü kimi, Pirallahı rayon Məhkəməsinin hakimi Tərlan Əkbərov qorumağa borclu olduğu qanunları, eləcə də dövlətimizin tərəfdaş olduğu beynəlxalq konvensiyaları kobud surətdə pozaraq birtərəfli qaydada Bakı Apellyasiya Məhkəməsinin 04.06.2021-ci il tarixli qətnaməsinin, həmçinin Ali Məhkəmənin 21.12.2021-ci il tarixli qərarının hüquqi mövqeyinə zidd qərardad qəbul etmişdir.
Pirallahı rayon Məhkəməsinin hakimi Tərlan Əkbərov şikayətçi F.İbrahimovun tələblərinə bundan əvvəl kassasiya şikayətində olan eyni dəlillərə qiymət verərək təmin etmişdir. Halbuki həmin dəlillərə Ali Məhkəmənin Mülki Kollegiyasının 21.12.2021-ci il tarixli qərarında hüquqi qiymət verilərək təmin edilməmişdir.
Beləcə, mənim qanuni hüquqlarım, tələblərim rədd edilir, yüksək çinli məmurlar, məhkəmə hakimləri tərəfindən himayə olunan F.İbrahimovun qanunsuz tələbləri isə təmin edilir. Ümummilli Lider Heydər Əliyev deyirdi ki, dövlət iki şeydən sarsıla bilər-günahkar cəzasız qalanda və günahsıza cəza veriləndə.
Təəssüf ki, hələ də Fikrət İbrahimovun böyük əlaqələri bütün Azərbaycan qanunlarından, məhkəmə sistemindən, beynəlxalq müqavilələrdən üstündür. Belə olmasaydı təkzibolunmaz faktlar, məhkəmə sənədləri olmasına baxmayaraq hələ də mənim hüquqlarım bərpa olunmur, Azərbaycan məhkəmələri beynəlxalq fırıldağa himayədarlıq edirlər.
Hörmətli cənab Prezident!
Sizin dəmir yumruğunuz Azərbaycanımıza böyük qələbəni bəxş etdi, düşmənin başını əzdi. Bir azərbaycanlı olaraq bu möhtəşəm qələbə mənim və bütün ailəmizin böyük sevincinə səbəb oldu. Dünyanın hansı nöqtəsində olmamızdan asılı olmayaraq Azərbaycan bizim Vətənimiz, siz isə bizim Müzəffər Ali Baş Komandanımızsını ! Siz hər bir azərbaycanlının prezidenti olduğunuzu dəfələrlə vurğulamış və bunu əməli işlərinizlə sübut etmisiniz. Amma bəzi məmurlar, məhkəmə hakimləri buna məhəl qoymur, ayrıseçkilik edir, öz maraqları, qohumluqları naminə haqqı-ədaləti tapdalayır, mənim kimi çətin duruma düşənlərin hüquqlarını pozurlar. Onların məntiqinə görə mənim yuxarı vəzifədə işləyən dostum-tanışım, qohumum yoxdursa haqqımı tapdalamaq olar, haqqımda istənilən qərarı verə bilərlər.
Mən isə bir daha inamla bəyan edirəm ki, mənim ən böyük himayədarım Azərbaycan qanunları və sizsiniz cənab Prezident! Sizə güvənirəm, sizdən kömək istəyirəm. İmkan verməyin ki, bir qrup şəxs öz maraqları naminə qanunları tapdalasın, ölkəmizin tərəfdaş olduğu beynəlxalq konvensiyaları adi bir kağız parçası hesab edərək bir tərəfə atsın. Mən də bu xalqın övladıyam, artıq üzləşdiyim haqsızlıqlar psixoloji durumuma təsir edib, həyatdan bezmişəm. İllərdir ki, şəxsimə qarşı olan qanunsuzluqlardan yorulmuşam. Son ümid yerim, gümanım olaraq sizə müraciət edirəm. Mənim qanuni hüquqlarımın təmin olunmasına yardımçı olun. Mən qorxuram ki, yenidən Ədliyyə nazirliyinin yüksək rütbəli məmurları bu dəfə də işə müdaxilə edələr, Bakı Apellyasiya Məhkəməsində hakim Fuad Talışinskinin icraatında olan 8(103)-220/2022- saylı işin birtərəfli qaydada aparılmasına təzyiqlər edələr. Bu dəfə də qarşı tərəfin çirkin əməllərinə, qanunsuz tələblərinə haqq qazandırılarsa, bunun mənim psixoloji durumuma, atacağım addımlara necə təsir edəcəyinə cavabdeh deyiləm.
Cənab Prezident !
Bir daha bildirirəm ki, mənə qarşı formalaşan cəbhəyə qarşı yeganə gümanım sizsiniz. İnanıram ki, məni onların qarşısında tək buraxmayacaqsınız. Sizə və qanunlarımıza güvənirəm!”
Sakin Ağayev //rublika.az//