Cəmiyyət Manşet

`RƏSİLƏ İŞİ` Qaraşovun özünü HƏDƏFƏ GƏTİRİB… – İLGİNC İDDİALAR…

Lənkəran rayon İcra Hakimiyyətinin başçısının müavini Rəsilə Əliyeva və 4 saylı orta məktəbin direktoru Yeganə Əsgərova tərəfindən həmin məktəbin 9-cu sinif şagirdinə qarşı fiziki zorakılıq gündəmi silkələyib.

Artıq Rəsilə Əliyevanın işdən kənarlaşdırıldığı və istintaq prosesinin getdiyi ilə bağlı Baş Prokurorluq məlumat yayıb. Araşdırmalardan sonra baş verən hadisəyə hüquqi qiymət veriləcək. Amma baş verən hadisə Lənkəran rayon İcra Hakimiyyətinin başçısı Taleh Qaraşovun özünü hədəfə gətirib. Əslində Taleh Qaraşov hər zaman etirazların, şikayətlərin hədəfi olan icra başçıları siyahısına başçılıq edib. Uzun illər müxtəlif rayonlara rəhbərlik edən Taleh Qaraşov işlədiyi heç bir bölgədə müsbət fəaliyyəti ilə yadda qalmayıb.

Lənkəran rayon İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov 1996-cı ildən etibarən müxtəlif rayonlara rəhbərlik edir. O, 1996-cı ildən 2002-ci ilə qədər Kürdəmirdə, 2002-2006-cı illərdə Cəlilabadda, 2006-2011-ci illərdə Neftçalada, 2011-2012-ci illərdə Astarada icra başçısı olub. 2012-ci ildən etibarən isə Lənkərana rəhbərlik edir. Yəni T.Qaraşov 26 ildir icra başçısı işləyir. Bu illər ərzində Taleh Qaraşov medianın gündəminə şikayətlərlə, etirazlarla gəlib.

Sahibkarların incidilməsi, əhalinin problemlərinə laqeyidlik Taleh Qaraşovun adına yazılan şikayətlərin ən sadə formasıdır. Hələ 2016-cı ildə Prezidentinin Administrasiyasına respublikanın şəhər və rayonlarından daxil olan müraciətlərin sayı açıqlananda da ən çox şikayət olunan rayonların başında Lənkaran gəlirdi. Onun uzun zamandır tutduğu postdan uzaqlaşdırılacağı ilə bağlı iddialar səslənirdi. Ancaq indi baş verən son hadisə Taleh Qaraşovun vəzifə yolunun sonu deməkdir.

Xatırladaq ki, icra başçıları ilə bağlı ölkədə geniş islahatlar gedir. Fəaliyyətində nöqsanlara, korrupsiya, rüşvət hallarına yol verən, vətəndaşları incidən, xəbərdarlıqlardan nəticə çıxarmayan icra başçıları hətta həbs olunur. Bu proses davamlı gedir.

Nəzərə alsaq ki, Taleh Qaraşov da barəsində ən çox şikayət olunan icra başçılarındadır, bu proses onun üçün də artıq yolun sonunun çatdığı deməkdir. Son hadisə həm də onu göstərdi ki, icra başçısının kadr seçimi özünü doğrultmur. İcra Hakimiyyətində sanki məmur kimi yox, “reket” kimi fəaliyyət göstərirlər.

Hər halda 9-cu sinif şagirdini sürücü vasitəsilə evinə gətizdirərək döyən müavini Taleh Qaraşovun adına daha bir mənfi kimi yazılacaq. Bu hadisə Qaraşovun 26 illik “başçı marafonu”nun finiş xətti olacaq.

Yaxın zamanlarda Taleh Qaraşovla bağlı qərarın veriləcəyi gözlənir. Hələlik isə baş verən hadisə ilə bağlı Baş Prokurorluq istintaq aparır, başçının müavini Rəsilə Əliyeva və 4 saylı orta məktəbin direktoru Yeganə Əsgərova işdən çıxarılıb.

Qeyd edək ki, Rəsilə Əliyevanın işdən çıxarılması xəbərini ilk olaraq Cebhe.info xəbər portalı yayıb, sonradan Lənkəran rayon İcra Hakimiyyəti məlumatı təkzib etsə də, Baş Prokurorluğun məlumatından sonra xəbər təsdiqlənib.
Cebhe.info

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir