Bir neçə gün öncə Şuşada “Vaqif poeziya günləri” keçirilib.
Lakin ədəbiyyat tədbirində iştirak edən yazıçılarla Şuşaya getməyənlər arasında narazılıqlar yaranıb. Şuşadakı poeziya günlərində iştirak edən Azərbaycan Yazıçılar Birliyinin Güney Azərbaycan şöbəsinin müdiri Sayman Aruz Şuşaya getməyən yazarların onların paxıllığını çəkdiyini bildirib.
O, sosial şəbəkə hesabında “Atlar Cıdır düzündə Vətən sevgisini, bəzi eşşəklər isə onların paxıllığını çəkər”, – deyə paylaşım edib.
Yazıçı İradə Aytel bu təhqirə görə ölkə başçısına, Daxili İşlər Nazirliyinə, Azərbaycan Yazıçılar Birliyinin sədri Anar Rzayevə məktub ünvanlayacağını yazıb.
Yazıçı bu gün Cebhe.info-ya açıqlamasında Azərbaycan Yazıçılar Birliyinin sədrinə müraciət etdiyini bildirib:
“Hələlik Anar Rzayevə açıq məktub yazmışam. Adam Azərbaycan Yazıçılar Birliyində məsul vəzifədə oturub, televiziyaların birində veriliş müəllifidir, elə bir adam Azərbaycan ədəbiyyatının başında olmalı deyil. Təkcə Sayman Aruz deyil, Elşad Barat adlı yazıçı da var. O da feysbukda paylaşmışdı ki, Şuşada Cıdır düzündə yeyib- içmişik, Anar müəllim də başda. Şuşada yeyib-içmək nə deməkdir? Prezident Şuşadan hansısa məclisdən görüntü paylaşmayıb. Fikir verirsiniz, həmişə Şuşa adını ayaqüstə çəkir. Bunlar yayxanıb oturublar, həmin gün yeyib-içib, dava-dalaş salıblar. Ulucay Akiflə Elçin İsgəndərzadə arasında dava olub. Yəni Şuşaya elə adamlar getməli deyillər. Şuşa bizim müqəddəs bildiyimiz yerdir. Bunlar Anar Rzayevin siyahısı ilə gedib, orada içirlər”.
Şuşada poeziya günlərində yazıçılar arasındakı davada adı hallanan yazar Ulucay Akif saytımıza açıqlamasında bildirib ki, Şuşadakı yeyib-içmək məclislərində iştirak etməyib:
“Mən içib dava salmamışam, heç kimlə yeyib-içib dalaşmamışam. Çox nadir halda içirəm. Bu söz-söhbət hansısa məclisdə olmayıb, səhər qayıdanda avtobusda Elçin İsgəndərzadə durduq yerə nələrsə dedi. Mən də cavabını verdim. Elçin əvvəldən mənə qarşı hörmətsizlik eləmişdi, orada o məsələlər açıldı”. Cebhe.info