Cəmiyyət Manşet

Mövlam Şıxəliyev ARANI QARIŞDIRIR, YOXSA?.. – İLGİNC

İyulun 26-da ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) İstintaq Baş İdarəsinin sabiq rəisi Mövlam Şixəliyev və digərlərinin cinayət işi üzrə növbəti məhkəmə prosesi davam etdiriləcək. Prosesdə yaranan 1 aylıq fasilənin sonuna yaxın Mövlam Şıxəliyev sükutu pozub.

O, vəkili vasitəsilə “AzPolitika.info”-ya müraciət edib.

O, müraciətində bildirib ki, artıq məhkəmə prosesinin istintaq mərhələsi tam yekunlaşıb.

“Növbəti məhkəmə prosesi dövlət ittihamçısının çıxışı ilə başlayacaq. İbtidai istintaq zamanı mənim hüquq və mənafeyim pozulub, mənə qarşı kifayət qədər qanunsuzluqlar edilib. Buna baxmayaraq, o, məhkəmənin ədalətli olacağına və çıxarılan məhkəmə aktı ilə qanunun aliliyinin təmin ediləcəyini inanıram”, – deyə Mövlam Şıxəliyev müraciətində bildirib. Mövlam Şixəliyev onu da qeyd edib ki, o, istintaq üzrə tanınan 32 zərərçəkmiş şəxsin heç birinə hər hansı zərər vurmayıb: “Ümumiyyətlə, onları tanımır və real həyatda heç biri ilə heç vaxt qarşılaşmayıb. Bu, məhkəmə prosesi zamanı da öz təsdiqini tapıb. Onu da qeyd edim ki, həmin şəxslər barəsində məhkəmənin hökmü bu gün də qüvvədədir”.

Mövlam Şıxəliyev müraciətində məhkəmənin ədalətli olacağına inamını bildirib, müvafiq qurumlardan bu işə ədalətli yanaşmalarını xahiş edib.

Mövlam Şıxəliyev “müvafiq qurum” deyərkən, hansı qurumdan ədalət gözlədiyini açıqlamayıb. İş üzrə zərərçəkənlər isə Mövlam Şıxəliyevi yalan danışmaqda ittiham edirlər. Deyirlər ki, Mövlam Şıxəliyevin müraciəti yalanlardan ibarətdir. “Mövlam Şıxəliyev mənimlə, Namil Rzayevlə, Nizami Kazımovla, Akif Qurbanovla, Etibar Əliyevlə, Əhməd Mirzəyevlə və başqa zərərçəkənlərlə şəxsən görüşüb. Ətrafı vasitəsilə hər birimizdən külli miqdarda pul tələb edib və alıblar. Əhməd Mirzəyevdən 500 min manat alıblar. Üstəlik, Mövlam Şıxəliyev daima onunla əlaqə saxlayıb, ”Stefano Ricci” mağazasından özünə 25 min dollar kostyum alıb. İş materiallarında bunu sübut edən telefon zənglərindən çıxarışlar da var. Bu qədər yalanla Mövlam Şıxəliyev bizlərə qarşı törətdiyi cinayətlərdən yaxa qurtaracağını düşünürsə, nə qədər istəyir yalan istehsal etsin. Pulumuzu da, alıb, malımızı da canımızı da. Hələ utanmayıb yalan da danışırlar” – bu sözləri “Yeni Müsavat”a iş üzrə 36 zərərçəkmiş şəxsdən biri olan Hüseyn Səfərov deyib.

Onun sözlərinə görə, Mövlam Şıxəliyevin rəhbərlik etdiyi mütəşəkkil cinayətkar quldur dəstə zərərçəkən şəxslərdən yalnız Akif Qurbanovu həbsə alıb girov götürə bilməyib: “Amma Akif Qurbanovun da başına oyun açıblar. Hədə-qorxu ilə onun da külli-miqdarda pulunu alıblar. Mövlam Şıxəliyev yalan danışır, ictimaiyyətin gözünə kül üfürməyə çalışır. Buna nail olmayacaq. Mövlam Şıxəliyev deyir ki, zərərçəkənlərlə görüşməyib və guya bizi tanımır. Bu absurddur. Məni girov götürüb qanunsuz olaraq həbsdə saxlayırdılar. Həmin müddətdə Mövlam Şıxəliyev dəfələrlə mənimlə görüşüb. Hər dəfə də tələbi pul olub. Məni 67 gün ərzində dəfələrlə Mövlam Şıxəliyevin xidməti otağına aparıb mənəvi təzyiq göstərirdilər. Mövlam Şıxəliyev deyirdi ki, pulu verməsən, ömürlük olaraq həbsdə qalacasan, səninlə yanaşı oğlunu da həbs edəcəyik. Ailəm bunların tələb etdikləri pulu toplaya bilmirdi. 60 günə 1 milyon 650 min dollar yığıb bu quldurlara verdilər. Bundan sonra məni azad elədilər. Amma yenə də əl çəkmirdi. Zəng edib deyirdi ki, ad günümdür, ”Vertu” telefon al gətir. Qızıl saat istəyirdi. Mənə silah da aldırıblar. Mövlam Şıxəliyev Namil Rzayev ofisinə şəxsən gedib və ondan pul alıb. Bunu Namil Rzayev məhkəmədə Mövlam Şıxəliyevin üzünə də dedi. Sizdən xahiş edirəm ki, məhkəmədə Namil Rzayevin Mövlam Şıxəliyevin üzünə dediklərini də tapıb dərc edin. Yalançının yaddaşı zəif olar. Qoy oxuyub yaddaşını təzələsin”.

Hüseyn Səfərovun qeyd etdiyi ifadəni Namil Rzayev Bakı Hərbi Məhkəməsində 15 fevral 2022-ci ildə verib. Namil Rzayevin ifadəsindən sitat: “Mövlam Şıxəliyevi Qaradağ rayonundan tanıyıram. Xalam oğlu Qaradağ polisində çalışırdı. Uzun illər əvvəl onun vasitəsilə Mövlam Şıxəliyevlə tanış olmuşdum. Mənim şəhərdə ofisim vardı. Həmin ofisin yanındakı binada Mövlam Şıxəliyev yaşayırdı. Orada da ara-sıra onu görürdüm. Günlərin birində Vüsal Ələkbərov məni MTN-ə çağırdı. MTN-ə girən kimi də dedi ki, sizi ”Texnikabank” işi ilə bağlı cəlb etmək istəyirik, həbs edəcəyəm. 1 milyon pul tələb etdi. Vüsal Ələkbərova dedim ki, Mövlam Şıxəliyevlə tanışlığım var, get ona de ki, onunla görüşmək istəyirəm. Vüsal Ələkbərov Mövlam Şıxəliyevin otağına getdi, az sonra qayıdıb gəldi. Dedi ki, Mövlam Şıxəliyev gözləyir. Məni onun kabinetinə apardı. Mövlam Şıxəliyev məni çox yaxşı qarşıladı, xeyli söhbət elədi. İş masasında bir siyahı vardı, əlinə götürüb dedi ki, bu siyahını görürsən? Bu, Eldar Mahmudovun siyahısıdır, sənin də adın bu siyahıda var. Şefin siyahısında olanlar 1 milyon dollar pul verməlidir. Mövlam Şıxəliyevdən soruşdum ki, mənim cinayətim nədir? Nə etmişəm ki, 1 milyon dollar pul tələb edirsiz? Dedi ki, siz “Texnikabank”a pul qoymusuz, 1 faiz yazdırıb, 2-3 faiz almısız. Mən də dedim ki, yalandır, məndə müqavilə var, müqavilədə də yazılıb ki, mən 1 faiz pul almışam. Mövlam Şıxəliyev dedi ki, pulu verməsən, tutulacaqsan. Adın Eldar Mahmudovun siyahısındadır. Dedim ki, mənim o qədər pulum yoxdur ki, verim. Mövlam Şıxəliyev də dedi ki, gedirəm Eldar Mahmudovun yanına, görüm o nə deyir. Eldar Mahmudovun yanına getdi, az sonra qayıdıb gəldi. Dedi ki, 700 min dollar verəcəksən, bundan aşağı qiymət olmayacaq, 700 mini verəcəksən, barəndə cinayət işi başlanmayacaq”.

Zərərçəkən deyib ki, bundan sonra ona fikirləşmək üçün vaxt veriblər: “Növbəti dəfə Mövlam Şıxəliyevlə mənim ofisimdə görüşdük. Özü gəlmişdi, dedi ki, şeflə danışmışam, 500 min dollar verəcəksən, bundan aşağı qiymət olmayacaq. Həmin vaxt tanışlarım Nizami Kazımovu, Hüseyn Səfərovu da ”Texnibank”a əmanət qoyduqlarına görə tam qanunsuz olaraq həbs etmişdilər. Ona görə də qorxdum, düşündüm ki, həbs ediləcəyəm, qohum-qardaş 1 milyonu yığıb verəcək. Məcbur olub Mövlam Şıxəliyevin tələbi ilə razılaşdım. Görürdüm ki, tələb etdikləri pulu verməyənləri həbs edirlər. “Funikulyor”un yanında mənzilim vardı, məcbur olub həmin evi satdım. Vüsalla əlaqə saxladım. Dedim ki, pul hazırdır. Dedi ki, “28 May”da mağaza var, get oradan dəri çanta al. Vüsal dəri çantanın 250 dollara olduğunu dedi. Gedib çantanı aldım. Vüsal zəng elədi ki, aldığın çantanın içinə göy-göyərtini yığ, gətir. Mən də elə başa düşdüm ki, pulu çantaya qoyandan sonra üstünə göyərtini ona görə yığdırır ki, kənardan baxan çantada göy-göyərti olduğunu zənn etsin. Belə də eləmişdim, 300 min pulu çantaya qoydum, üstünə də göyərti yığıb aparıb ona verdim. O zaman Vüsal pulu alanda güldü, dedi ki, göy-göyərti deyəndə dollar nəzərdə tutub. Yerdə qalan 200 min dolları da şəxsən Mövlam Şıxəliyevə verdim”.

Hüseyn Səfərov deyir ki, Mövlam Şıxəliyevə verilən ittihamlar onun kim olduğunu ortaya qoyur: “Mövlam Şıxəliyevə Cinayət Məcəlləsinin 182.3.1, 182.3.2 (külli miqdarda əmlak əldə etmək məqsədi ilə mütəşəkkil dəstə tərəfindən hədə qorxu ilə tələb etmə), 294.3 (sübutları saxtalaşdırma), 311.3.1 (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən rüşvət alma) və başqa maddələrlə ittiham verilib. İttiham aktında da biz zərərçəkənlərə qarşı Mövlam Şıxəliyev və onun quldur dəstə üzvlərinin törətdiyi cinayətləri isbatlayan kifayət qədər sübut-dəlillər var. Mövlam Şıxəliyev nağılları gedib ətrafına danışsın!”

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir