Siyasət

44 GÜNLÜK MÜHARİBƏNİN CƏNUBİ QAFQAZ GEOSİYASƏTİNƏ TƏSİRİ: QAZANILAN ZƏFƏRİN PERSPEKTİVLƏRİ

Açar sözlər: 44 günlük müharibə, Cənubi Qafqaz, region, iqtisadi.

Key words: the 44-day war, South Caucasus, region, economical.

Ключевые слова: 44-дневная война, Южный Кавказ, регион, экономический.

“Hər kəs bizim gücümüzü gördü, hər kəs bizim dəmir yumruğumuz nədir, anladı”.

                                                         İLHAM ƏLİYEV

Bildiyimiz kimi, Ermənistan – Azərbaycan münaqişəsi Cənubi Qafqazda sülh, təhlükəsizlik və sabitlik üçün əsas təhdid mənbəyi idi. Bu münaqişə regionda yaşayan xalqların əziyyət çəkməsinə, infrastrukturun iflic vəziyyətə düşməsinə, region ölkələri arasında iqtisadi və siyasi əlaqələrin pozulmasına səbəb olan əsas amil idi.

ABŞ, Fransa və Rusiyanın həmsədrlik etdiyi ATƏT-in Minsk Qrupunun səmərəsizliyi, BMT Təhlükəsizlik Şurasının Azərbaycanın ərazi bütövlüyünü tanıyan qətnamələrinin (822, 853, 874 və 884) yerinə yetirilməməsi nəticəsində Azərbaycan beynəlxalq aləmə inamını itirmişdi. Minsk qrupunun həmsədr ölkələrinin vasitəçiliyi ilə münaqişənin həllinə kömək məqsədilə 2007-ci ildə tərtib edilən 2009-cu ildə yenilənən Madrid Prinsiplərinin həyata keçiriləcəyinə 2018-ci ildə Ermənistanda hakimiyyət dəyişikliyindən sonra yaranmış ümid Ermənistanın Baş Nazirinin 2020-ci ilin əvvəlində Madrid Prinsiplərini şübhə altına almasından sonra yox oldu, Ermənistan Baş Naziri Nikol Paşinyanın başçılıq etdiyi qondarma “inqilabi hökumət”in Azərbaycana qarşı siyasi və hərbi təxribatları, onilliklər ərzində əldə edilmiş razılaşmaları və prinsipləri rədd etməsi ilə ATƏT-in Minsk Qrupunun apardığı danışıqlar prosesi dalana dirəndi. Beynəlxalq ictimaiyyətin, eyni zamanda Minsk qrupunun həmsədr ölkələrinin acizliyi sülh prosesini çıxılmaz vəziyyətə saldı [7].

Ardıcıl təxribatlar, xüsusən də 2020-ci ilin iyulunda Azərbaycanın Tovuz rayonu istiqamətində sərhəddə baş verən toqquşmalar bölgədəki bütün sülh səylərinə zərbə vurdu. Bildiyimiz kimi, Tovuz rayonu Azərbaycanın mühüm nəqliyyat və enerji marşrutlarını dünya bazarlarına birləşdirən strateji rayondur. Məsələn, Bakı – Tbilisi – Ceyhan (BTC) neft kəməri, Cənubi Qafqaz təbii qaz boru kəməri (SCP) və Bakı – Tbilisi – Qars (BTK) dəmir yolu Tovuz rayonundan keçir. Paşinyan hökümətinin dövründə gərginliyin artması və düşmənçilik Azərbaycanın tarixə 44 günlük müharibə kimi daxil olan genişmiqyaslı hərbi əks-hücum əməliyyatlarına başlaması ilə nəticələndi.

Ermənistan ordusunun 27 sentyabr 2020-ci ildə Azərbaycana qarşı genişmiqyaslı hərbi təxribatları münaqişənin 1990-cı illərdən bəri ən böyük və ciddi eskalasiyasına səbəb oldu. Cəbhə boyu məğlub olan düşmən ordusu mülkü yaşayış obyektlərini hədəf götürməkdən çəkinmirdi.

Müharibə 2020-ci il noyabrın 10-da, Azərbaycan, Ermənistan və Rusiyanın Üçtərəfli Bəyanat imzalaması ilə başa çatdı [6, s, 315]. Razılaşmaya əsasən, Ağdam rayonunda atəşkəsin icrasına nəzarət etmək üçün Atəşkəsə nəzarət üzrə Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzi yaradıldı. Qeyd etmək lazımdır ki, bölgədə davamlı sülh üçün Türkiyənin bu prosesində iştirakı çox vacibdir və üçtərəfli bəyannamə hərbi əməliyyatları dayandıran əhəmiyyətli bir sənəd oldu. 10 noyabr Üçtərəfli Bəyanata əsasən, Ermənistan Ağdam, Kəlbəcər və Laçın rayonlarını Azərbaycanın nəzarətinə qaytarır, Azərbaycan tərəfi isə Ermənistanla Qarabağda yaşayan ermənilər arasında humanitar əlaqə olaraq istifadə ediləcək Laçın Dəhlizinin təhlükəsizliyinə zəmanət verir. 10 noyabr 2020-ci il tarixli müqavilənin 9-cu maddəsində Azərbaycanla Naxçıvan bölgəsi arasında əlaqə də daxil olmaqla, bölgədəki bütün kommunikasiyaların blokadadan çıxarılacağı açıq şəkildə bildirilir. 9-cu maddənin dəqiq ifadəsi belədir: “Bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələri bərpa ediləcək [3, s.165]. Ermənistan Respublikası hər iki istiqamətdə vətəndaşların, nəqliyyat vasitələrinin, malların maneəsiz hərəkətini təşkil etmək üçün Azərbaycan Respublikasının qərb bölgələri ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqələrinin təhlükəsizliyinə zəmanət verir”. Qeyd edək ki, Zəngəzur bölgəsi (ermənilər “Syunik adlandırırlar) regional iqtisadi inteqrasiya baxımından çox əhəmiyyətlidir və Üçtərəfli Bəyanatın bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələr bərpa edilməsini nəzərdə tutan 9-cu maddəsi yuxarıda qeyd edildiyi kimi 10 noyabr 9-cu maddəsinə əsasən Ermənistan – İran sərhədini qoruyan rus sərhədçiləri Azərbaycanın qərb bölgələri ilə Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqələrinin təhlükəsizliyini təmin edəcəkdi. Bu isə onilliklər ərzində bağlanmış Zəngəzur Dəhlizi vasitəsilə köhnə nəqliyyat yolunun bərpası və bu dəhliz vasitəsi ilə iqtisadi inteqrasiyanın və region ölkələrinin iqtisadi inkişafının sürətlənməsi demək idi.

Demək olar ki, Azərbaycan artıq işğaldan azad edilmiş torpaqların bərpası və regionda infrastrukturun inkişafı ilə bağlı genişmiqyaslı proqrama başlayıb və bu prosesdə bir çox beynəlxalq şirkətlər iştirak edir. İqtisadi inteqrasiyanın əsas elementləri olan zəruri avtomobil yollarının, dəmir yollarının və digər infrastrukturların yenidən qurulması üçün Türkiyə və İtaliya şirkətləri ilə müqavilələr imzalanıb. Bununla belə, 10 noyabr tarixli Üçtərəfli Bəyannamənin bütün müddəalarının, o cümlədən təhlükəsizlik və iqtisadi əməkdaşlıq üçün vacib olan 4 və 9-cu maddələrin həyata keçirilməsində hələ də çətinliklər mövcuddur.

44 günlük Vətən Müharibəsi Cənubi Qafqaz regionunun geosiyasətində ciddi dəyişikliyə səbəb oldu, ənənəvi qüvvələr balansını dəyişdi, regional sülh və təhlükəsizlik üçün yeni imkanlar və çağırışlar yaratdı. 44 günlük Müharibə İkinci Dünya Müharibəsindən sonra yaradılmış beynəlxalq hüquqi nizamın, beynəlxalq problemlərin çoxtərəfli həlli prinsiplərinin iflasa uğradığının daha bir sübutudur. Döyüş təyyarələri kimi müasir texnologiyalardan istifadə edilən hərbi əməliyyatlar müasir müharibə konsepsiyasına təsir göstərsə də və bir çox dövlətləri müdafiə strategiyalarına yenidən baxmağa məcbur etsə də, bu müharibənin region üçün birbaşa və potensial nəticələri xarici müşahidəçilər tərəfindən geniş şəkildə araşdırılmasına baxmayaraq müharibənin daha geniş mənada beynəlxalq münasibətlərə təsiri az tədqiq edilib. Lakin bu hadisə gələcək dövlətlərarası münasibətlərə və daxili təhdidlərə təsir potensialına görə daha çox diqqətə layiqdir.

2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək davam edən 44 günlük Müharibə Cənubi Qafqaz regionunda təhlükəsizlik arxitekturasını kökündən dəyişdirdi. Azərbaycan öz ərazi bütövlüyünü bərpa etməklə Cənubi Qafqazda yeni eranın, sülh və inkişaf üçün fürsətlər əsrinin başlamasında əsas rol oynadı. Bununla belə, 44 günlük müharibənin nəticələri şübhəsiz ki, Cənubi Qafqazın sərhədlərini aşır və alınan dərslər beynəlxalq ictimaiyyətə də aiddir. Regionda yaranmış yeni vəziyyət və bəzi böyük dövlətlərin ciddi təzyiqlərinə baxmayaraq, deyə bilərik ki, Azərbaycanın hərbi uğurları digər regionlardakı kiçik dövlətləri daha böyük dövlətlərlə qarşıdurmalarda cəsarətləndirdi. İkinci Qarabağ müharibəsinin kiçik dövlətlərin böyük dövlətlərə qarşı milli maraqlarını müdafiə etməkdə güclənmək potensialına təsiri danılmazdır. Bu yeni vəziyyət nəinki kiçik ölkələrin müdafiə qabiliyyətini artıracaq, həm də böyük dövlətləri müdafiə xərclərini azaltmağa və danışıqlar yolu ilə həll yolu axtarmağa sövq edəcək. Digər tərəfdən, Zənzəgur dəhlizi vasitəsilə Türkiyə Gürcüstan və İrandan keçmədən Azərbaycana birbaşa çıxış əldə edəcək və daha qısa göndərmə məsafələri və daha aşağı daşıma xərcləri Azərbaycan və Türkiyə arasında ikitərəfli ticarəti artıracaq. Yeni dəhliz iki ölkə arasında turizm əlaqələrinə də müsbət təsir göstərəcək, çünki ziyarətçilərin daha təhlükəsiz və rahat hərəkət etməsinə şərait yaradacaq. Bu dəhliz Türkiyənin Orta Asiyada türk dünyası ilə əlaqə qurması üçün daha qısa yoldur. Beləliklə, Azərbaycanın əzəli torpaqlarının işğaldan azad edilməsi və kommunikasiyanın bərpası türk ölkələri arasında yeni inkişaf perspektivləri açacaq. Türkiyə yükdaşımalarını genişləndirmək və Bakı-Tbilisi-Qars dəmir yolunun ötürmə qabiliyyətini artırmaq üçün Naxçıvana yeni dəmir yolu çəkməyi də planlaşdırır. Uzunluğu 230 km olan yeni dəmir yolunun Türkiyənin Qars şəhərindən Naxçıvan Muxtar Respublikasına qədər uzanması planlaşdırılır. Oradan xətt İran, Əfqanıstan və Pakistanın dəmir yolu xətlərinə və Zəngəzur dəhlizi ilə Azərbaycan dəmir yolu şəbəkəsinə qoşula bilər. Məlum olduğu kimi, Rusiyanın Avropa enerji bazarında payının saxlanılması və artırılması ən əsas strateji hədəflərdəndir [2, s.211]. Bununla belə, Aİ və Türkiyənin ümumi qaz istehlakında Rusiya qazının payı getdikcə azalır, çünki Aİ bazarı yavaş-yavaş alternativ enerji mənbələrinə üz tutur, COVID19 pandemiyası Yaxın Şərqdən LNG(mayeləşdirilmiş təbii qaz) baxımından enerji istehlakını və əlavə qaz tədarükünü məhdudlaşdırır. Bundan başqa, Azərbaycan qazının Bolqarıstan, İtaliya və Yunanıstan bazarlarına çıxması Aİ ölkələrinin Rusiya qazından asılılığını daha da azaldacaq. Eyni zamanda, Türkiyə LNG mənbələrinə müraciət edərək qaz tədarükünü şaxələndirdiyi və bununla da Rusiya təbii qazından asılılığını azaltdığı üçün Rusiya qazını birbaşa Türkiyəyə nəql edən “Mavi Axın” boru kəməri 2020-ci ilin may ayından etibarən istismardan çıxıb [4, s. 105]. Azərbaycan isə Türkiyə bazarında öz payını artırmağı bacardı və tədricən Rusiyanı sıradan çıxarmağa başladı. Xarici siyasətində Cənubi Qafqaz regionuna böyük önəm verən Rusiya regionda kommunikasiyanın açılmasından xeyli faydalanacaq. Rusiya üçün Zəngəzur dəhlizi region ölkələrinə alternativ quru yolu yaradır. Azərbaycan dəmir yollarından istifadə edən Rusiya qatarları yeni dəhlizlə Naxçıvan Muxtar Respublikasına, oradan isə Türkiyə, İran və Ermənistan xətlərinə rahatlıqla keçə bilər. Rusiya həmçinin Zəngəzur dəhlizi vasitəsilə Yaxın Şərq bazarlarına alternativ marşruta malik olacaq və yeni dəhlizdən və digər marşrutlardan istifadə etməklə Ermənistana birbaşa çıxış əldə edəcək. Bütün bu üstünlüklər Rusiyanın Türkiyə, İran, Ermənistan və Yaxın Şərqlə iqtisadi əlaqələrinə müsbət təsir göstərəcək. Əgər Ermənistan qonşularına qarşı təcavüzkar siyasətindən əl çəkib sülh və əməkdaşlıq siyasətini seçərsə, bütün yolların bərpası və Zəngəzur dəhlizinin yaradılması bu ölkəyə ciddi iqtisadi səmərə verəcək. Zəngəzur dəhlizindən və digər ənənəvi marşrutlardan istifadə etməklə Ermənistan iqtisadi izolyasiyaya son qoya və regional nəqliyyat layihələrində iştirak edə bilər [8]. Kommunikasiyaların bərpası həm də Ermənistanın əsas iqtisadi problemlərindən biri – Avrasiya İqtisadi İttifaqı (Aİİ) bazarları ilə quru əlaqələrinin olmaması problemini həll edə bilər. Beləliklə, Ermənistan Aİ, o cümlədən Rusiya ilə ticarət əlaqələrini gücləndirmək, İranla iqtisadi əlaqələri inkişaf etdirmək şansı əldə edəcək. Vətən Müharibəsindəki qələbəmiz sayəsində Ermənistan Azərbaycandan keçən və ölkəni İranla birləşdirən dəmiryoluna çıxışını itirdi və Ermənistandan İrana alternativ dəmir yolu çəkmək cəhdləri uğursuz oldu. İndi bu dəmir yolunun bərpası Ermənistan və İran arasında ikitərəfli münasibətlərə müsbət təsir göstərəcək. Qeyd etdiyimiz bütün amillər onu göstərir ki, 44 günlük müharibə və Ermənistan-Azərbaycan münaqişəsinin sona çatması Cənubi Qafqaz və onun ətrafı üçün mühüm iqtisadi təsirlərə malikdir. Bölgə ölkələri arasında münaqişə səbəbindən dayandırılmış kommunikasiya və iqtisadi əlaqələrin bərpası regionun son 30 ildə formalaşmış geoiqtisadi xəritəsini dəyişəcək. Bu isə beynəlxalq Qərb-Şərq və Şimal-Cənub nəqliyyat dəhlizlərində Cənubi Qafqaz ölkələrinin mövqeyini gücləndirəcək. Regionda davamlı sülhün bərqərar olması biznes mühitinə də müsbət təsir göstərəcək və region ölkələrinə daha çox investisiya cəlb edəcək.

Nəticə. Cənubi Qafqaz regionunda sülhün, təhlükəsizliyin və əməkdaşlığın təmin edilməsi üçün məsələyə bir-biri ilə əlaqəli üç paradiqmadan baxmaq olar:

– Regional problemlərin həlli, təhlükəsizlik sisteminin yaradılması, əməkdaşlığın sürətləndirilməsi,

– Cəmiyyətin şüurunda əməkdaşlıq dəyərlərinin bərqərar olmasına çalışmaq, qarşılıqlı inam və reputasiya yaratmaq, qorumaq və inkişaf etdirmək,

– Regional və beynəlxalq güclərin regionda maraqlarını və qloballaşan dünyada Cənubi Qafqazın yeri və rolunu müəyyən etmək.

Lakin regional problemlərə belə yanaşma özlüyündə həll yolu ola bilməz. Məlumdur ki, bu cür yanaşma region dövlətləri və xalqları tərəfindən qəbul edilmir. Burada önəmli olan region dövlətlərinin yaşadıqları problemlərə sakit baxmaması və Cənubi Qafqazı bütövlükdə görməmələridir. Digər səbəb isə regionda müxtəlif iqtisadi, siyasi, hərbi və mədəni dəyərlərin reallaşması eyni zamanda, böyük dövlətlərin fərqli regional siyasətidir. Bütün bunlara baxmayaraq, 44 günlük müharibənin Cənubi Qafqazda təhlükəsizliyi təmin etmək üçün yaratdığı şərait region ölkələri və regionda maraqları olan dövlətlər tərəfindən təklif olunan müxtəlif təhlükəsizlik modelləri bir daha yada salır [1, s.26]:

-Qafqaz modeli: Cənubi Qafqazın üç ölkəsi arasında təhlükəsizlik sahəsində əməkdaşlıq;

-Azərbaycanın “3+3+2 planı” təklifi: üç Cənubi Qafqaz ölkəsi, qonşu dövlətlər (Rusiya, İran və Türkiyə), Avropa və ABŞ arasında əməkdaşlıq;

-Bir tərəfdən, üç Cənubi Qafqaz ölkəsi digər tərəfdən Türkiyə və Rusiya arasında regional əməkdaşlıq çərçivəsində Türkiyənin təklif etdiyi “3+2 nizamı”;

-Tehranın təklif etdiyi “3+2” düsturu (3 Cənubi Qafqaz respublikası + Rusiya və İran)

-Moskvanın “3+1” (3 Cənubi Qafqaz ölkəsi+Rusiya) düsturu əsasında təhlükəsizliyi təmin etmək səyləri

-Ermənistanın təklif etdiyi “3+2” düsturu.

Bütün bu düsturlarda görünən odur ki, regionun təhlükəsizliyi üçün üç Cənubi Qafqaz ölkəsinin iqtisadi, siyasi, mədəni və s. sahələrdə əməkdaşlığı başlıca məsələdir. Bu gün isə, nə Ermənistan, nə də Gürcüstan Cənubi Qafqazda kəskin geosiyasi mühitin formalaşması funksiyanı yerinə yetirə bilməzlər. Səbəb bəllidir – onlar geosiyasi seçimdə bəzən ciddi səhvlərə yol veriblər və indi dəqiq mövqelərini müəyyən etməkdə çətinlik çəkirlər. Belə bir funksiyanı yerinə yetirməyi öhdələnən Azərbaycan Respublikasının atdığı addımlar içərisində 44 Günlük Müharibə ən önəmlisi idi.

Nəhayət, 44 günlük müharibə Cənubi Qafqazda davamlı təhlükəsizlik mühiti yaratmaqla yanaşı, regional əməkdaşlığa mane olan əsas problemi də həll etdi.

İstifadə edilmiş ədəbiyyat siyahısı:

1. Avrasya İncelemeleri Merkezi (AVİM) / GÜNEY KAFKASYA BÖLGESİNDE GÜVENLİK SORUNU. № 53, 2016, 26s.

2. Marshall I. Goldman. Petrostate: Putin, Power, and the New Russia. New York: Oxford University Press, 2010, 244 pages.

3. Mehdiyev R. Ə. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi: problemin mənbələri və nizamlanma perspektivləri. Bakı: Elm, 2019, 189 s.

4. Mehmet Efe Biresselioglu. European Energy Security: Turkey’s Future Role and Impact. Palgrave Macmillan, New York, 2011, 208s.

5. Vahap Taştan. Güney Gaz Koridoru: Yeni Enerji Düzeninde Avrupa Enerji Güvenliği, Rusya, Türkiye ve Güney Kafkasya Üzerine Oyun Teorik Uygulama / EY International Congress on Economics I (EYC2013), October 24-25, Ankara, Turkey, 2013, 240s.

6. Zamanov N., Əliyev R., Səlimbəyli Ş. Erməni terroru: Qarabağda müharibənin başlanması: hadisələr, faktlar. I kitab. Bakı, Avropa nəşriyyatı, 2008, 400s.

7. “ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrinin bəyanatı”, ATƏT-in İnternet saytı, 10 iyul 2009, https://www.osce.org/mg/51152

8. Azərbaycan Respublikası Prezidentinin xalqa müraciəti, 10 noyabr 2020, https://president.az/az/articles/view/45924

9. Kafkasyada ulaşım projeleri/analiz, https://avim.org.tr/tr

 

Həsən Qasımov

                                      Bakı Dövlət Universiteti, Maliyyə və menecment kafedrasının müəllimi

 

 

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir