Cəmiyyət Manşet

Rəhimovun işçilərinə qanun KAR ELƏMİR? – NARAZILIQ VAR!

Bakı Dövlət Universitetinin tarix fakültəsinin IV kurs tələbəsi İlham Əhmədov möhlət hüququ olsa da, hərbi xidmətə çağrılıb.

Halbuki, tələbə təhsilinin davam etdirilməsi üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Masallı rayon şöbəsinə ərizə təqdim edib.

Bu barədə Meydan TV-yə danışan İlham Əhmədovun sözlərinə görə, o, Bakı Dövlət Universitetindən təhsilini bitirmədiyinə dair arayışı Masallı şöbəsinə versə də, sənədlərini qəbul etməyiblər:

“Mənim məsələmdə mübahisəli məqam odur ki, komissarlığın tibbi yoxlanışında ayağımda problemin olduğu deyildi. İkincisi, universitet arayışı gecikdirmişdi, hüquqşünas Səməd Rəhimlinin köməyi ilə onu da aldım. Amma arayışı yerli komissarlığa təqdim etsəm də, imtina cavabı aldım”.

Tələbə deyir ki, rayon komissarlığının bu münasibəti məqsədlidir:

“Ərizəni niyə qəbul etmədiklərinə dair açıqlama belə vermədən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Masallı rayon şöbəsinin adını unutduğum rəisi, polkovnik-leytenant mənimlə kobud davrandı. Zabit məni hərbi xidmətdən yayınmaqda ittiham etdikdə, belə bir niyyətimin olmadığını və möhlət hüququmu əsaslandıran sənədi göstərdim. Ona deyəndə ki, təhsilimi bitirib hərbi xidmətə gedəcəm, “sən uşaqsan, beynini də yuyurlar, get xidmət elə” söyləyib həbslə hədələdi”.

İlham Əhmədov komissarlıqda möhlət hüququnun davam etdirilməsi üçün qanuni əsaslarının olduğunu da xatırladıb:

“Mən “Hərbi vəzifə və hərbi xidmət” haqqında qanunun 21.1.4-cü maddəsinə əsasən təhslimi bitirməliyəm. Qanunda yazılıb ki, əyani təhsilalma formasında bakalavriatda, magistraturada, doktoranturada (adyunkturada), əsas (baza ali) tibb təhsili və rezidenturada təhsil alanlara hərbi xidmətdən möhlət verilir. Yəni möhlət hüququ yalnız bir dəfə təhsilini bitirənədək verilir”.

İlham Əhmədovun etibarnamə ilə təmsilçisi, hüquqşünas Səməd Rəhimli Meydan TV-yə bildirib ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə elektron və poçtla müraciət göndərib:

“Müraciətə universitetin arayışı da əlavə edilib. Ancaq qurumun Masallı rayon şöbəsi müraciətimizi rədd etdi. Bundan əvvəl də tələbəni həbslə hədələyərək qanunun verdiyi möhlət hüququna zidd olaraq hərbi xidmətə gedəcəyini deyiblər. Amma Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ilə iyulun 22-də əlaqə saxladım, ərizəni istədilər və rəhbərliyə məruzə edəcəklərini söylədilər”.

İyulun 25-də Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən cavab alacaqlarını deyən hüquqşünasın sözlərinə görə, cavabdan asılı olaraq addım atacaqlar:

“Əgər rədd cavabı gəlsə, gələn həftənin sonunda Şirvan Rayon İnzibati Məhkəməsinə müraciət edəcəyik. Çağırışın dayandırılması ilə bağlı əlavə ərizə də verəcəyik. Ümid edirik ki, məhkəmə ərizəyə tez baxıb qərardad qəbul edər ki, mübahisə yekunlaşana qədər tələbə İlham Əhmədovun çağırışı dayandırılsın. Azərbaycanda məhkəmələrin vəziyyətini bilirik, amma bütün halda tələbənin təhsilini bitirməmiş hərbi xidmətə çağrılması qanunsuzdur”.

Meydan TV

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir