Şahin Məmmədov belə HARA YÜRÜYÜRDÜ: Daha böyük vəzifəyə? – “…qurama oyundur, əsl şoudur”
“Yerlərdəki məmurlar sözün həqiqi mənasında xalqın xidmətçisi olmalıdır. Onlar kabinetlərdə oturub özlərini “rayonun ağası” kimi aparmamalıdırlar”.
Bu barədə “”Sherg.az”a Milli Həmrəylik Partiyasının sədri Əlisahib Hüseynov deyib. Partiya rəhbəri bildirib ki, icra başçıları Prezidentin birbaşa təmsilçiləri kimi hər gün xalqın içində olmalı və qarşıya çıxan cari problemləri yerindəcə həll etməyə çalışmalıdırlar:
“44 günlük Vətən müharibəsində bizim hər birimizə Qələbə sevincini yaşadan şəhidlərimiz və onların ailələri, qazilərimiz də daim icra başçılarının diqqət mərkəzində olmalıdır. Prezident yeni icra başçıları ilə söhbəti zamanı bu məsələni də məxsusi olaraq onların diqqətinə çatdırdı və bildirdi ki, bu kateqoriyadan olan insanlarımız daim dövlətin qayğısını hiss etməlidirlər. Şəhid ailələrinə xüsusi diqqət göstərilməlidir. Dövlət başçısı özü tez-tez şəhid ailələri, müharibə əlilləri, qazilərlə çoxsaylı görüşlər keçirirsə, icra başçıları da bilavasitə dövlət başçısından nümunə götürməlidir. Şəhid ailələrinə, əlillərə, qazilərə isti münasibət göstərməlidirlər. İcra başçıları şəhid ailələrini, qaziləri qapılarda gözlətməməli, get-gələ salmamalı, saymazyanalığa yol verməməlidirlər. Unutmamalıyıq ki, məhz bəzi icra başçılarının yerlərdə bu cür mənfi hərəkətlərinin nəticəsində bir neçə qazi özünə qəsd edib, intihar halları baş verib. Odur ki, yeni icra başçıları bütün bunlardan özləri üçün ciddi nəticələr çıxarmalıdırlar. Onlar bir ali həqiqəti dərk etməlidirlər ki, icra başçısı institutu xalqla dövlət arasında narazılıq, uçurum yaratmaq üçün yox, körpü yaratmaq üçün, dövlət qurumları ilə vətəndaşlar arasında qarşılıqlı etimad mühitini formalaşdırmaq üçün nəzərdə tutulub. Hər bir başçı bilməlidir ki, Prezidentin yürütdüyü daxili siyasəti yerlərdə uğurla həyata keçirmək məhz başçıların fəaliyyətindən asılıdır. Ona görə də başçılar məşhur ifadə ilə desək, özlərini yox, qanunu şah bilməli və ədaləti unutmamalıdırlar. Bunun əksini düşünənlərin icra başçısı olmağa, Prezidenti təmsil etməyə haqqı yoxdur”.
Ə.Hüseynov vurğulayıb ki, Masallının sabiq icra başçısı Şahin Məmmədovun guya, “şəhid ailələri və digər sakinlər” tərəfindən “təntənə” ilə yola salınması olayı da bu fikrimizi təsdiqləyir: “Onun məlum hərəkəti qurama oyundur, əsl şoudur. Bu da onu göstərir ki, dövlət başçısının belə bir azğın və intriqan adamı işdən almağı, vəzifəsiz qoymağı tamamilə düzgün addımdır. Bu cür xırda avantüristlər icra başçısı kimi məsul vəzifələrə yiyələnməməlidirlər. Hər kəsin icra başçısı olmağa mənəvi haqqı çatmır. Yalnız milləti sevən, vətəndaşlara gerçəkdən xidmət etmək istəyən, ölkə üçün faydalı işlər görmək istəyən şəxslər icra başçısı missiyasını daşımağa layiqdirlər. Bəli, söhbət məhz missiyadan gedir. Ümid edək ki, yeni təyin olunan icra başçıları bu missiyanın önəmini dərk edəcək və öz yaxşı əməlləri, uğurlu fəaliyyətləri ilə nümunəvi icra başçısı obrazını yarada biləcəklər. Çünki xalq həqiqətən də icra başçılarından çox şey gözləyir. Prezidentin də onlardan gözləntiləri çoxdur. Baxaq görək yeni icra başçıları Prezidentin etimadını və xalqın ümidlərini doğrulda biləcəklərmi. Təki doğrultsunlar!”.
“”Sherg.az”