Məcid Əliyev Şəki xəstəxanasının baş həkimliyindən niyə çıxarılmışdı və həmin vəzifəyə necə qayıtdı – İLGİNC FAKTLAR
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin İdarə Heyəti sədrinin vəzifəsini icra edən Vüqar Qurbanovun əmri ilə Zaqatala rayon Mərkəzi Xəstəxanasına yeni direktor təyin edilməsi barədə avqustun 2-də dövrü mətbutda məlumat yayıldı. Məlumatda Xəstəxananın direktoru vəzifəsinə Tamara Nurəliyevanın təyin olunduğu qeyd edilir.
Bu məlumat dərhal bizə son bir ayda elektron kütləvi informasiya vasitələrində Zaqatala rayon Mərkəzi Xəstəxanasında baş verənlərlə bağlı yayılan silsilə yazıları xatırlatdı. TƏBİB sədrinin vəzifəsini icra edən Vüqar Qurbanovun sözügedən xəstəxananın direktoru barədə yazılanlara belə tez reaksiya verməsinə deyil, əvvəlki direktor Məcid Əliyev tezliklə Bakıdakı xəstəxanaların birinə baş həkim gedəcəyi barədə iddialarına təəccübləndik. Yəni. Məcid Əliyev o qədərmi güclü, arxalı bir adamdır, deyə.
Xatırladaq ki, bir müddət əvvəl dövrü mətbuatda Zaqatala ziyalıları adından yayılmış müraciətlərin birində Zaqatala rayon Mərkəzi Xəstəxanasına Məcid Əliyevin baş həkim təyin olunduğu gündən sonra sözügedən səhiyyə ocağında əxlaqsızlığın baş alıb getdiyi, rüşvətxorluğun tüğyan etdiyini bildirirlər. Qeyd edirlər ki, bu gün elə bir tibb işçisi yoxdur ki, baş həkimə rüşvət vermək üçün Kapital Banka müraciət etməsin. Əgər doğrudan da dövlət qurumları və qanunları işləyirsə buyurun yoxlayın Məcid doktor rayona baş həkim gəldiyi gündən neçə nəfər tibb işçisi bankdan nə qədər kredit götürüb, miqdar isə onun tələb etdiyi qədərdir. Bu rəqəm 3000 – 5000 azn arasıdır.
Daha bir müraciətdə isə Zaqatala sakinləri xəstəxanada elektrik generatorunun işləmədiyini, bunun üçün direktor Məcid Əliyev cərrahlardan pul yığmağı tələb etdiyini yazmışdılar. Sanitar qovşaqda olan nasazlığı aradan qaldırmaq və tualet kağızı almaq üçün hazırda orta tibb işçiləri pul yığmaqdadır. Yazırlar ki, xəstəxanada bu gün həkimlər tibbi əlcəkləri bellə yaxınlıqdakı aptekdən pulla alırlar. Maraqlıdır, onda dövlətin xəstəxanaya ayırdığı yüz minlərlə vəsait haralara xərclənib? Xəstəxananın keçmiş direktoru Məcid Əliyevin narazı tibb işçilərinə dediyinə görə, ayrılan vəsaiti yuxarıdan silirlər.
Bütün bu yuxarıda göstərilənlər Məcid Əliyevin Zaqatala rayon Mərkəzi Xəstəxanasına rəhbərlik etdiyi dönəmdə dövrü mətbutda işıqlandırılanların cüzi bir hissəsidir. Amma bu talançı idarəetməyə baxmayaraq TƏBİB İdarə Heyəti sədrinin vəzifəsini icra edən Vüqar Qurbanovun başqa bir əmri ilə Məcid Əliyev Şəki rayon Mərkəzi Xəstəxanasına direktor təyin edilib. Maraqlıdır ki, avqustun 2-də Zaqatala rayon Mərkəzi Xəstəxanasına yeni direktor təyin edilməsi barədə məlumat verilsə də, Şəki rayon Mərkəzi Xəstəxanasına yeni direktorun təyin edilməsi barədə heç bir məlumat verilməmişdir. Niyə?
Çünki, Məcid Əliyev hələ 2012-2018-ci iilərdə Şəki rayon Mərkəzi Xəstəxanasının baş həkimi vəzifəsində çalışıb və sözügedən rayonda da yaxşı iz qoymayıb. Onun hansı xidmətlərinə görə yenidən Şəki xəstəxanasına baş həkim təyin olunması Vüqar Qurbanovun soruşula bilər axı…
Qeyd edək ki, Məcid Əliyev Şəki rayon Mərkəzi Xəstəxanasında çalışdığı müddətdə yol verdiyi ciddi qanunsuzluqlara və külli miqdarda dövlət vəsitini mənimsədiyinə görə tutduğu vəzifədən kənarlaşdırılıb. Belə ki, verilən məlumata görə, Şəki RMX-nin baş həkimi olarkən Baş prokurorluq yanında Korupsiyaya qarş Mübarizə Baş İdarəsi tərəfindən aparılan yoxlamalar zamanı külli miqdarda yeyintilər aşkarlanıb. Bundan sonra Məcid Əliyevin karyerasına davam edib, etməməsi sual altında qalıb. Lakin bunlara baxmayaraq Məcid Əliyev sabiq nazir Oqtay Şirəliyevə yaxın şəxslərin vasitəsi ilə nəinki, vəziyyətdən çıxa bilib, hətta Zaqatala kimi nisbətən kiçik bir xəstəxananın direktoru vəzifəsinə də təyinat alıb. Göründüyü kimi Məcid Əliyev Şəkidəki əməllərinə Zaqatalada da davam etdirib. Əvəzində isə nisbətən daha böyük bir rayonun, daha böyük bir xəstəxanasının baş həkimi vəzifəsinə yüksəldilib.
Aktualinfo.org hələ iyul ayında Zaqatala rayon Mərkəzi Xəstəxanasında TƏBİB-in İdarə Heyəti sədri vəzifəsini icra edən Vüqar Qurbanova arxalanıb bir çox işlər çevirənlər barədə məlumat vermişdi. Göründüyü kimi, deyilənlər əbəs yerə söylənmirmiş. Zaqatala rayon Mərkəzi Xəstəxanasında baş verənlərin arxasında Məcid Əliyev, onun arxasında isə TƏBİB sədrinin vəzifəsini icra edən Vüqar Qurbanovun durduğu da yalan deyilmiş.
Aktualinfo.org
P.S. Məcid Əliyevin Şəki rayon Mərkəzi Xəstəxanasına direktor təyin edilməsi barədə məlumatlar redaksiyamıza dünəndən verilmişdi. Onun TƏBİB-in İdarə Heyəti sədrinin vəzifəsini icra edən Vüqar Qurbanov əmr ilə Şəki rayon Mərkəzi Xəstəxanasına yeni direktor təyin edilməsi barədə rəsmi məlumat isə bir neçə saat öncə yayıldı.