Cəmiyyət Manşet

Haqqında ən çox narazılıq olan 5 icra başçısı kimdir? – SİYAHI

Son illərdə xeyli sayda icra başçıları vəzifələrindən uzaqlaşdırılıb. Bir qismi isə fəaliyyətlərindəki qanunsuzluqlara görə azadlıqlarından məhrum edilib.

Lakin vəzifələrini davam etdirən bir sıra icra başçıları ilə bağlı da kifayət qədər narazılığa rast gəlmək mümkündür. Xüsusən də, müvafiq rayonların əhalisinin şikayətlərinin cavabsız qalması, şəhid ailələrinə və qazilərə qarşı lazımi diqqətin göstərilməməsi ən çox ifadə olunan narazılıqlar kimi diqqət çəkir.

Təsadüfi deyil ki, Prezident İlham Əliyev də iyulun 25-də üç rayona yeni təyin olunan icra başçılarının qəbulu zamanı şəhid ailələrinə və müharibə iştirakçılarına xüsusi diqqət yetirilməli olduğunu qeyd edib:

“Əsas odur ki, yerlərdə də bu kateqoriyadan olan insanlara diqqət göstərilsin. Rayon icra orqanlarının nümayəndələri onlara biganə qalmasınlar, əksinə, daim onların yaşayışı ilə maraqlansınlar, onların məşğulluğu ilə maraqlansınlar”.

Lakin təəssüflər olsun ki, bir sıra icra başçılarının adı şəhid ailələri və qazilərlə bağlı problemlərdə mənfi mənada hallanıb.   Bizim.Media haqqında ən çox narazılıqlar və şikayətlər olan icra başçılarını araşdırıb:

1. Taleh Qaraşov

Lənkəran şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov ən uzunömürlü icra başçılarındandır. O, 1996-cı ildən bu günədək Kürdəmir, Cəlilabad, Astara, Neftçala rayonlarında icra başçısı olub. 2012-ci ilin aprelindən isə Lənkəran şəhər İcra Hakimiyyətinin başçısıdır. Onun şəhid ailələrinə və qazilərə laqeyid münasibəti ilə bağlı məlumatlara KİV-də tez-tez rast gəlmək mümkündür. Onun fəaliyyəti ilə bağlı digər narazılıq və şikayətlərin sayı da kifayət qədərdir.

Son günlərsə Taleh Qaraşovun adı daha çox müavini Rasilə Əliyevanın qanunsuz əməllərilə hallanır. Qaraşovun ən yaxın adamı olduğu iddia edilən Əliyevanın məktəbli qızı döyməsilə bağlı faktlar aşkar edildikdən sonra, onun haqqında daha onlarca şikayətlər səsləndirildi. Belə ki, R. Əliyevanın erkən nigaha razılıq vermək üçün rüşvət aldığı, xidməti otağında dövlət rəsmisinə zor tətbiq etdiyi ilə bağlı məlumatlar üzə çıxdı.

2. Əhəd Abıyev

Əhəd Abıyev 2011-ci ilin fevral ayından etibarən, artıq 11 ildən çoxdur ki, Daşkəsən şəhər İcra Hakimiyyəti başçısı vəzifəsini icra edir. Son illərdə onun adı bir çox qalmaqallarda hallanıb. Xüsusən də, bir neçə aydır ki, zaman-zaman gündəmə gələn Şıxiyevlər ailəsi məsələsində. Belə ki, rayonun Dəstəfur kəndindən olan şəhid ailəsilə Daşkəsən İH arasında mübahisələr hələ də bitməyib. Hətta iddialara görə, Əhəd Abıyev tərəfindən şəhid anası Sevda Şıxiyevaya zorakılıq da tətbiq olunub.

Yerli KİV-də Daşkəsən fermer və sahibkarları tərəfindən də icra başçısı ilə bağlı xoşagəlməz şikayətlərə, mənfi rəylərə rast gəlmək mümkündür.

3. Vidadi İsayev

Vidadi İsayev 2005–2011-ci illərdə Tərtər, 2011-ci ildən isə Bərdə Rayon İcra Hakimiyyətinin başçısıdır.

Vidadi İsayev də qazi və şəhid ailələrinə, məcburi köçkünlərə kobud münasibəti ilə gündəmə gəlib. Hətta başçının Laçından olan şəhid ailəsini qəbulundan qovması və sonra onları təhdid etməsi məsələsi də gündəmə gəlib. Bundan əlavə, yük vaqonunda yaşayan Qarabağ qazisi Sadiq Əliyevin problemlərinə laqeyid yanaşması ölkə mətbuatında geniş işıqlandırılıb.

4. Elxan Usubov

2011-ci ildən Şəkiyə rəhbərlik edən Elxan Usubov daha əvvəl 4 il Ağstafada icra başçısı işləyib. Yerli mətbuatda şəhid anası Məfkürə Əbdürrəhimovanın ev təminatında yaradılan maneələr səbəbindən Şəki Rayon İcra Hakimiyyətindən şikayətinə də rast gəlmək mümkündür. Bundan əlavə yazılanlara görə, yerli sakinlərin, qazilərin və şəhid ailələrinin problemlərinə olduqca biganə olan icra başçısı günün çoxunu təbiət qoynunda istirahət etməklə keçirir.

E. Usubovla bağlı əsas narazılıqlar isə vətəndaş şikayətlərinə qarşı laqeyd yanaşmasıyla bağlıdır. Şikayətçilərin sözlərinə görə, başçı problemlərin həlli ilə özü maraqlanmaq yerinə, onları müavininin üzərinə atmaqla kifayətlənir.

5. Süleyman Mikayılov

Süleyman Mikayılov 12 ildir ki, Qaradağ rayon İcra Hakimiyyətinin başçısıdır. Bundan əvvəlsə o, Yardımlı və Lənkəran rayonlarında eyni vəzifəni tutub.

Adı bir sıra qalmaqallarda hallanan Süleyman Mikayılovun şəhid ailələrinə və qazilərə qarşı rəftarilə bağlı da şikayətlərin sayı az deyil. Hətta o şəhid ailələrinin əmlakına da göz dikdiyi gəzən söz-söhbətlər arasındadır. Şəhid anası Durna Kərimova iddia edir ki, onun qanunu torpağı İcra başçısının sərəncamı ilə başqa adama satılıb.

Eyni zamanda Qaradağda yerləşən və Şəhid Zaur Qurbanovun adını daşıyan Mədəniyyət Evinin məişət tullantılarının əsirinə çevrilməsi məsələsi də bu il martında S. Mikayılovu ciddi tənqid hədəfinə çevirib.

Bizim.Media

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir