Cəmiyyət Manşet

3 saylı CƏZAÇƏKMƏ müəssisəsi yox… ƏZABÇƏKMƏ müəssisəsi… – GİLEY

Almaniyadan readmissiya ilə Azərbaycana göndəriləndən sonra həbs olunan Mütəllim Orucov 3 saylı təcridxanada saxlanma şəraitindən narazıdır.

Bu barədə onun yaxınları məlumat verib.

Onların sözlərinə görə, Mütəlllim Orucovun saxlandığı otaq səkkiz nəfərlik olsa da, orada on dörd nəfərlə saxlanılır:

“Məhbuslar məcburiyyətdən növbə ilə yatırlar. Otaqda dustaqlar siqaret çəkir deyə çox tüstülü olur. Mütəllim bəyin isə sağlamlığında, konkret olaraq tənəffüs orqanlarında problem var deyə, vəziyyəti getdikcə pisləşir”.

Məsələ ilə bağlı Penitensiar Xidmətindən münasibət öyrənmək mümkün olmayıb.

Mütəllim Orucov ötən ilin iyunun 1-də Almaniyadan readmissiya edilib.

Oktyabrda onun barəsində həbs qətimkan tədbiri seçilib.

Orucova qarşı Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi (Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldəetmə, saxlama, daşıma, göndərmə və ya satma) ilə ittiham irəli sürülüb.

Bu ittihamla şəxsə 12 ilə qədər həbs cəzası verilə bilər. O, ittihami qəbul etmir.

Xatırlatma

Azərbaycanla “Avropa İttifaqı arasında icazəsiz yaşayan şəxslərin readmissiyası haqqında” Saziş 2014-cü ildə imzalanıb.

Readmissiya dedikdə, saziş üzrə razılığa gələn dövlətlərdən birinin ərazisində qeyri-qanuni yaşadığı aşkarlanan şəxslərin (mənşə dövlətin öz vətəndaşları, üçüncü ölkə vətəndaşları və ya vətəndaşlığı olmayan şəxslər) ötürülməsi və mənşə dövlət tərəfindən qəbulu nəzərdə tutulur.

Son illər Almaniyadan readmissiya olunan şəxslərdən Azərbaycanda 5 nəfər həbs edilib.Onlardan bir neçəsinə məhz narkotik ittihamı verilib.

Həbs edilənlərin yaxınları ittihamları qəbul etmir və bunu siyasi həbslər sayırlar.

Amma Azərbaycan rəsmiləri ölkədə siyasi həbslərin olması fikrini qəbul etmirlər.

AzadlıqRadiosu

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir