Cəmiyyət Manşet

Ermənilər niyə Sarıbabada mövqe tutmaq istəyirdi? – İLGİNC

Xəbər verdiyimiz kimi, Azərbaycan Ordusu ötən gün “Qisas” əməliyyatı keçirərək, qanunsuz erməni silahlılarına ağır zərbə endirib, eyni zamanda düşmənin ələ keçirməyə çalışdığı Qırxqız yüksəkliyini, həmçinin Kiçik Qafqaz dağ silsiləsinin Qarabağ silsiləsi boyu Sarıbaba və bir sıra digər əhəmiyyətli hakim yüksəklikləri nəzarətə götürüb.

Zirveyolu.info axar.az-a istinadla xəbər verir ki, xüsusilə Sarıbaba yüksəkliyi 44 günlük müharibədən sonra qanunsuz erməni silahlı dəstələri və rus sülhməramlılarının xüsusi diqqət mərkəzinə düşmüşdü.

Hələ 2021-ci ilin avqustunda erməni saytlarında Şuşa və Laçın rayonları ərazisindəki Sarıbaba yüksəkliyi haqda məlumat yayılmışdı. İddia edilirdi ki, yüksəklik Azərbaycan Ordusunun nəzarətində deyil.

Azərbaycanın Qarabağ bölgəsinin bir hissəsində yerləşən Rusiya sülhməramlıları isə bu ili əvvəlində Sarıbaba dağının Laçın rayonu ərazisinə düşən hissəsində patrul xidməti həyata keçirməyə başlamışdı.

Yerli saytlar hələ o zaman Rusiya Müdafiə Nazirliyinin Rusiya sülhməramlı kontingentinin məsuliyyət zonası ilə bağlı dərc etdiyi 15-16 fevral tarixli xəritələrdə bu əraziləri də əhatə etdiyini müəyyənləşdirmişdi. Bəhs edilən xəritələrdə Şuşa rayonunun Qaybalı kəndindən Sarıbaba yüksəkliyinə patrul marşrutu qeyd olunurdu.

Halbuki Laçın rayonu ərazisindəki Sarıbaba yüksəkliyi heç bir halda Rusiya sülhməramlı kontingentinin nəzarətində ola bilməz. Çünki bu yüksəklik Laçın yoluna ən azı 5 km məsafədə yerləşir. Rusiya sülhməramlı kontingentinin məsuliyyət zonasına isə 5 km enə malik Laçın yolu həvalə edilib – yəni yolun sağ və sol istiqamətində 2,5 km məsafə rus sülhməramlılarının nəzarət zonasıdır. Bu halda Laçın yolundan 5 km-dən də çox məsafədə yerləşən Sarıbaba yüksəkliyinə rus sülhməramlılarının patrul xidməti təşkil etməsi səlahiyyətlərindən kənara çıxmaq idi.

Moderator.az-ın o vaxt apardığı araşdırmalar zamanı fevralın 8-dən 14-dək Rusiya kontingentin məsuliyyət zonasını əks etdirən xəritələrdəki təxminən eyni koordinatda rus şriftləri ilə “post NK №821” yazıldığının əks olunduğu üzə çıxmışdı. Belə çıxırdı ki, rus sülhməramlıları ərazidən kənara çıxaraq, həmin yüksəklikdə post qurmağa cəhd göstərirlər.

Ermənistan siyasi rəhbərliyinin və Rusiya sülhməramlı kontingentinin Sarıbaba yüksəkliyinə bu qədər diqqət ayırması və onu ələ keçirmək üçün çalışmasının səbəbi nədir? Niyə rus sülhməramlıları Sarıbaba yüksəkliyində post qurmağa çalışırdı?

Xüsusilə Azərbaycanın alternativ yolu hazır edərək, Laçın yolunu tələb etməsi ilə eyni vaxtda qanunsuz erməni silahlılarının aktivləşməsi və Qırxqız və Sarıbaba yüksəkliklərinə nəzarəti ələ keçirməyə, orda mövqe qurmağa çalışması diqqətdən yayınmır.

Məsələ burasındadır ki, Sarıbaba yüksəkliyi olduqca mühüm hərbi-strateji əhəmiyyətə malikdir. Dəniz səviyyəsindən 2295 metr yüksəklikdə yerləşən bu zirvədən Laçın şəhəri, Turşsu qəsəbəsi, Böyük və Kiçik Qaladərəsi kəndləri, Laçın-Gorus, Laçın-Qubadlı yollarını nəzarət altında saxlamaq mümkündür.

Xüsusilə mühüm məqam və görünür, erməni terrorçuların məhz indiki təxribatının əsasında duran məsələ odur ki, Laçın yolunun alternativi olan yol məhz Sarıbaba yüksəkliyinin yaxınlığından keçir. Yəni bu zirvədə olan hərbi qüvvə həmin yola asanlıqla nəzarət edə biləcək.

Laçın yolunun Azərbaycana təhvil verilməsi ilə Şuşa da erməni təxribatından əhəmiyyətli dərəcədə sığortalanmış olacaq.

Artıq separatçı-terrorçu dəstə susduruldu və təxribata imkan verilmədi, Sarıbaba və Qırqız yüksəklikləri, eyni zamanda daha bir neçə adsız yüksəklik və ermənilərin qanunsuz olaraq yaratdıqları “mövqe-postlar” Ordumuzun nəzarəti altındadır.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir