Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 2019-cu il 18 iyun tarixli 1265 nömrəli Sərəncamı ilə 2019-cu ilin 1 sentyabr tarixindən respublikamızda minimum aylıq əməkhaqqının məbləği artırılaraq 180 manatdan 250 manata çatdırılacaq.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən məlumata görə, sərəncamın icrası olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 7 avqust tarixli 345 nömrəli qərarı ilə əmək haqları Vahid Tarif Cədvəli (VTC) əsasında ödənilən işçilərin tarif (vəzifə) maaşları orta hesabla 40%-dək artırılaraq həmin işçilər üçün yeni VTC təsdiq edilib.
Yeni VTC-də tarif (vəzifə) maaaşları əməyin ödənilməsinin 1-19-cu dərəcələri üzrə 250-906 manat intervalında müəyyən edilib və bu VTC-nin tətbiqinə 1 sentyabr 2019-cu il tarixindən başlanacaq.
Dövlət başçısının qeyd edilən Sərəncamının icrası olaraq, Nazirlər Kabinetinin 2019-cu il 7 avqust tarixli 346 nömrəli qərarı ilə büdcədən maliyyələşdirilən müəssisə, idarə və təşkilatlarda tədris məşğələlərinin aparılmasına cəlb edilən işçilərin əməyinin saathesabı ödənilməsi məbləğləri də orta hesabla 40% artırılıb.
Təhsilverənlərin və təhsilalanların kateqoriyasından asılı olaraq müəyyən edilmiş saathesabı ödəniş məbləğlərinin tətbiqi 1 sentyabr 2019-cu il tarixindən həyata keçiriləcək.
Həmçinin Sərəncamın icrası olaraq, dövlət orqanlarında çalışan, lakin dövlət qulluqçusu olmayan işçilərin (xadimə, dalandar, bağban, gözətçi və s.) aylıq vəzifə maaşları orta hesabla 40%-dən çox artırılaraq dövlət orqanlarının kateqoriyaları üzrə 260-310 manat intervalında müəyyən edilib.