Azərbaycan Konstitusiyasının 77-ci madəsinin 14-cü bəndinə əsasən tikinti şirkətləri hər hansı ərazidə, xüsusən 1 hektardan çox olan sahədə tikinti işləri apararkən dərhal Elmlər Akademiyasının müvafiq institutlarına, o cümlədən Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutuna məlumat verilməlidir, əks təqdirdə həmin şirkət məsuliyyət daşıyır. Bu qanun əslində tariximizi, keçmişimizi və gələcəyimizi qoruyur.
Amma tikinti şirkətləri bu tələblərə əməl etmir. Elə bu günlərdə Daşkəsəndə tarixi abidənin qismən dağıdılması da bu məsuliyyətsizliyin ucbatından baş verib.
“Daşkəsən rayonunun Çovdar kəndi ərazisində inşa edilən qızıl mədəninin tikintisi zamanı bir neçə daş qutu qəbirlər ziyan görüb.”. TEREF xəbər verir ki, bu barədə məlumatı Milli Elmlər Akademiyasının Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun şöbə müdiri Qəhrəman Ağayev müxbirimizlə söhbətləşdiyi zaman deyib.
Əldə etdiyimiz məlumata görə, Türkiyənin “Maqro Construction” MMC şirkətinin Azərbaycan nümayəndəliyi Çovdar kəndi ərazisində qızıl mədəninin inşasına start verib, bu məqsədlə şirkət mədənin inşası üçün 20 hektara yaxın ərazidə böyük su anbarı və onun ətrafında tikinti-quraşdırma işləri aparır. Tikinti işləri zamanı buradan bir neçə daş qutu qəbirləri aşkar edilib və bu qəbirlərə qismən ziyan vurulub ancaq şirkət bundan sonra Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutuna məlumat verib.
İnstitut rəhbərliyi də dərhal 5 nəfərlik elmi heyətin Daşkəsən rayonuna göndərilməsini təmin edib.
Qrupun rəhbəri Qəhrəman Ağayev Çovdar kəndi ərazisində qızıl mədəninin inşası zamanı aşkar edilən 3 daş qutu qəbrin qismən zərər gördüyünü qeyd etdi.
Qəhrəman Ağayev deyir ki, orda zərər görmüş 3 qəbirdən başqa, 2 saf qalmış qəbirlərdə aşkar edilib. Onların qrupu bu yaxınlarda bu qəbirləri öyrənmək üçün ora gedəcək və onda zərər görmüş qəbirləridə bərpa edəcəklər.
Sonda arxeoloq-alim həyəcan təbili çalaraq bildirdi ki, Azərbaycanda tikinti şirkətlərinin heç biri Konstitusiyamızın 77-ci madəsinin 14-cü bəndində yazılan maddəyə riayət etmir:
“Bu vaxta qədər aparılan bütün inşaat işlərində şirkətlər ancaq tikinti işlərinə başladıqdan və ərazidə hər hansı tarixi abidəyə zərər vurduqdan sonra bizə müraciət edirlər. Onda isə çox gec olur, biz qazıntı yerində zədələnmiş arxeoloji abidə tapırıq və bu da tariximizi mükəmməl öyrənməkdə, tam tədqiq etməkdə bizə çətinlik yaradır. Axı bu bizim keçmişimiz və həmdə gələcəyimizdir. Buna son qoymaq lazımdır, mən səlahiyyət sahiblərinə müraciət edərək çatdırmaq istəyirəm ki, tariximizə biganə yanaşmasınlar, buradakı hər maddi sübut bizim kimliyimizi, bu torpağa varisliyimizi sübut edir. Düşmən dəyirmanına su töküb, elmimizi bu bilgilərdən məhrum etməsinlər. Baxın indi Bakı – Quba yolunu yenidən inşa edirlər, onlar bizim xəbərimiz olmadan oraları qazır, torpaq daşıyırlar və bu zaman necə necə tarixi abidələrimizi məhv edə biləcəklərini heç fikirləşmirlər!! Axı Prezident dəfələrlə deyib ki, biz tarixi abidələrimizi qorumalıyıq! ”.
Teref.az
Nurəddin Xoca