“Şəhid olan əkiz qardaşımla birgə döyüşmüşəm, amma heç bir medal verilməyib” – Daha bir qazi HARAYI
“Vətən müharibəsində əkiz qardaşım Teymur Abdullazadə ilə çiyin-çiyinə döyüşmüşəm. Mən 22 gün döyüşdüm və yaralandım, qardaşım isə şəhid oldu. Lakin indiyə kimi xidmətlərimə görə heç bir medal ala bilməmişəm”.
Zirveyolu.info xəbər verir ki, bu barədə “Qafqazinfo”ya Biləsuvar rayonundan olan qazi Seymur Abdullazadə müraciət edib.
O bildirib ki, müharibə başlayanda əkiz qardaşı Teymur Abdullazadə ilə birgə 16 ayın əsgəri olublar və döyüşə qatılıblar: “Əkiz qardaşımla birgə Suqovuşan, Talışkənd, Ağdərə uğrunda döyüşlərdə iştirak eləmişəm. Qardaşım da yanımda döyüşüb və şəhid olub. Ona da cəmi 3 medal verilib.
Mən oktyabrın 16-da başımdan və ayağımdan yaralandım, qardaşım isə şəhid oldu. Ondan sonra məni cəbhə xəttindən çıxararaq xəstəxanaya yerləşdirdilər. Bir müddət Bakıda hərbi hospitalda müalicə aldım. Ciddi psixoloji problemlərim yaranmışdı. Elə indi də müalicə alıram. Ona görə də heç maraqlana bilməmişəm, gözlədim ki, yəqin medal verilər. Amma iki il keçib, mənimlə eyni xidmətdə olanlar alsa da, mənə heç bir medal verilməyib. Necə lazımdırsa, döyüşmüşəm, bunu hamı bilir…”
T. Abdullazadə həmçinin veteranlıq statusu ala bilmədiyini deyir. Qaziyə döyüşlərən sonra üçüncü qrup əlillik dərəcəsi təyin olunub və buna görə pensiya alır.
Şikayətlə bağlı Müdafiə Nazirliyinə sorğu ünvanladıq. Qurumdan müraciətimizə belə cavab verildi: “Vətəndaş Abdullazadə Seymur Faiq oğlu ilə bağlı bildiririk ki, Müdafiə Nazirliyinin müvafiq komissiyası tərəfindən onun sənədlərinə baxılıb, zəruri dəqiqləşdirmələr aparılıb”.
Nazirlikdən həmçinin qeyd edilib ki, S.Abdullazadəyə “Müharibə veteranı” adının verilməsi və adının “Zəfər” altsisteminə daxil edilməsi üçün sənədləri müvafiq komissiyaya təqdim edilib.
Qeyd edək ki, Seymur və Teymur Abdullazadələr 2001-ci il iyunun 24-də Biləsuvar rayonunun Günəşli kəndində anadan olublar. T. Abdullazadə oktyabrın 8-də Ağdərədə şəhid olub, doğulduğu Biləsuvar rayonunda dəfn edilib. O, Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Prezidentin sərəncamları ilə “Vətən uğrunda”, “Cəsur döyüşçü” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.