Cəmiyyət Manşet

Mehriban Əliyeva məktəb və bağçanın açılışında iştirak edib – FOTOLAR

Avqustun 26-da Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva paytaxtın Xəzər rayonunun Binə qəsəbəsində 334 saylı tam orta məktəbin yeni inşa edilmiş binasının açılışında iştirak edib.

Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov Birinci vitse-prezident Mehriban xanım Əliyevaya məktəbin yeni binasında yaradılan şərait barədə məlumat verdi.

Bildirildi ki, Binə qəsəbəsindəki Hövsan tərəvəzçilik-südçülük sovxozunun ərazisi əhalinin sıx məskunlaşdığı yerlərdən biridir. Şagirdlər Binə qəsəbəsindəki mövcud təhsil müəssisəsinə qədər 5 kilometrdən çox məsafə qət etməli olurdular. Mövcud vəziyyət nəzərə alınaraq, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın tapşırığı ilə Fond tərəfindən Binə qəsəbəsində 800 yerlik yeni məktəb binası inşa olunub, yeni tədris ili ərəfəsində müəllim və şagirdlərin istifadəsinə verilib.

Məktəbin üçmərtəbəli binasında sinif, laboratoriya, əmək təlimi otaqları, yeni texnologiyalar və robototexnika üzrə kabinet, informatika sinfi, hərbi hazırlıq otağı, məktəbəqədər hazırlıq sinfi, kitabxana, idman və akt zalları, arxiv otaqları, yeməkxana yaradılıb.

Eyni zamanda, açıq havada futbol meydançası salınıb, istirahət köşkləri quraşdırılıb. Məktəbin ərazisi abadlaşdırılıb və yaşıllıq salınıb.

***

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva avqustun 26-da Bakı şəhəri Suraxanı rayonunun Qaraçuxur qəsəbəsində Heydər Əliyev Fondunun təşəbbüsü ilə 277 saylı körpələr evi-uşaq bağçasının əsaslı şəkildə yenidən qurulan binasının açılışında iştirak edib.

Birinci vitse-prezident körpələr evi-uşaq bağçasında yaradılan şəraitlə tanış oldu.

Körpələr evi-uşaq bağçasının müdiri Aygün Allahverdiyeva məlumat verdi ki, 277 saylı körpələr evi-uşaq bağçasının binası 1993-cü ildə inşa edilib. Binada təmir işlərinə ehtiyac yarandığından Heydər Əliyev Fondunun təşəbbüsü ilə əsaslı təmir işləri aparılıb və körpələr evi-uşaq bağçası müasir tələblərə uyğun yenidən qurulub, zəruri mebel, invertar və avadanlıqla təchiz olunub.

Diqqətə çatdırıldı ki, 220 yerlik körpələr evi-uşaq bağçası iki korpusdan ibarətdir. Uşaq bağçasının həyətyanı sahəsi abadlaşdırılıb, burada əyləncə qurğuları quraşdırılıb.










Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir