Cəmiyyət Manşet

`Binə`də Azərbaycan qanunları KEÇƏRLİ DEYİLMİ? – İLGİNC İDDİALAR…

«Arazavia» MMC-nin Qaradağ rayonu ərazısındə inşa etdiyi «Binə» Ticarət Mərkəzindəki mağazaların sahibləri və icarədarlar işıq puluna görə əlavə ödənişə vadar edilir. Belə ki, sayğac quraşdırılsa da, yenə hər bir mağazadan kvadratmetrinə görə əlavə işıq pulu yığılır.

Hələlik adının çəkilməsini məqsədəuyğun hesab etmədiyimiz ticarətçilərdən biri «Dəryaz»a deyir: “Elektrik enerjisinin hər kilovatı 7 qəpiyə olanda standart ölçülü (təxminən 40 kv/m) dükanda 10 lampa işlədəndən 65 manat, 1 kondisioner işlədildiyinə görə 50 manat pul yığır, qəbz də vermirdilər. Sonralar qiymət artanda bunlar da “müvafiq” surətdə 82 və 60 manata qaldırdılar, elədi cəmi 142 manat. Lampalar da hamısı qənaətcil lampalardı, nəzərə alanda ki, iş səhər saat 8-də başlayıb, axşamüstü 4-5 radələrində qurtarır, hərəsi ayda uzağı 1, lap olsun 2 manatlıq enerji sərf edər. İyun ayında Kəbirə xanımın övladlığa götürdüyü qardaşı qızının “xınayaxdı” mərasimində iştirakçılar arasından kimlərsə sərxoş olub dava salıblar. Məsələyə polis qarışıb, kimisə həbs ediblər. Nəticədə məclisin maliyyə nəticələri məclis sahibinin gözlədiyi kimi olmayıb. Yəqin, ona görədir ki, həmin tələbi 142 manatdan 190 manata qaldırdılar. Daha sonra biri 5-6 manat olan (indi 8-9 manata qalxıb) elektrik sayğaclarını gətirib bizə 60 manatdan sırıdılar. Cihazları baha versələr də, yenə sevindik ki, ayda nə yandıracağıq, ona uyğun da pul ödəyəcəyik. Amma sevincimiz uzun sürmədi. İyul ayının elektrik sərfiyyatına görə bildirişlər gələndə məlum oldu ki, ayda 20-40 manat sərfiyyatı olan hər dükandan daha 190 manat yığa bilməyəcəklər, Bu da onlara sərf eləmədi, ona görə elan elədilər ki, yenə əvvəlki qayda ilə 190 manat ödəyəcəksiniz”

Başqa bir məsələ də budur ki, ticarət mərkəzinin rəhbərliyi eyni tələbi ilin bütün aylarına tətbiq edir. Halbuki, havaların mülayim keçdiyi yaz və payız fəsillərində kondisionerlərin işləməsinə ehtiyac duyulmur. Ticarətçilərin sözlərinə görə, bunu xatırladanda Kəbirə Məmmədova və Dilşad Əmirova cütlüyü deyirlər ki, istəmirsən, kondisioneri sökdür. Ticarətçilər də ildə iki dəfə söküb-quraşdırmaq üçün 4 dəfə usta çağırmağı, hər dəfə də dükanın fəaliyyətinin məhdudlaşmasını nəzərə alıb ağır şərtlərə boyun əymək məcburiyyətində qalırlar.

Maraqlıdır, onlar hər bir dükan üçün elektrik enerjisi pulunu hansı meyar üzrə, nəyə əsasən müəyyənləşdirirlər? Sadəcə, ticarət mərkəzinin rəhbərliyi öz maraqlarına və istəklərinə uyğun pul yığmaqla məşğuldur. Ticarət obyektlərinin sahibləri qeyd ediblər ki, bugünkü iqtisadi böhran şəraitində bazardakı bu vəziyyət sahibkarların ağır durumunu bir az da ağırlaşdırır: «Gün-gündən qeyri-qanuni yığımların artımı müşahidə edilir. Bir müddət əvvəl sıralara görə rüsumlar artırıldı. Bundan əlavə Binə Ticarət Mərkəzində mağazalarda kassa aparatları yox idi. Sonradan 40-50 manatlıq aparatları gətizdirib hərəyə 400-450 manata “sırıdılar”. Sonradan yenə sadələşdirilmiş vergi tətbiq edildi və hərədən aylıq 250 manat sabit məbləğdə vergi yığıldı. Karqo anbarları vergidən yayınırlar. İndi Binə bazarının rəhbərliyi istifadə olunmayan kassa aparatlarının təmiri üçün də, mühafizəsi adı ilə də pullar yığır. Təbii ki, burda da heç bir qəbzdən söhbət belə getmir. Sahibkara birinci haqsızlıq orda başlayıb ki, işləyənlərin böyük əksəriyyətinə həmin dükanlar satılıb. Dükanlar satılandan sonra sahibkara alqı-satqı yox, icarə müqaviləsi verilib. Həmin obyektlərin kvadratından asılı olaraq aylıq ödəməsi var. Əgər kənardan kimsə gəlib obyekt icarəyə götürübsə, sahibkar sıradan asılı olaraq həm bazara (haradasa 1000 manat), həm də dükan sahibinə 500 manatdan 3000 manatadək) aylıq icarə haqqı ödəməlidir”.

Bütün bunlardan başqa, qonşu “Sədərək” ticarət mərkəzində şəhid ailələri üzvləri və qazi olan ticarətçilərə icarə haqqı və digər tələblərdə ciddi güzəştlər tətbiq olunsa da, Kəbirə Məmmədova və Dilşad Əmirovanın idarə etdiyi bazarda bu məsələdə humanizmdən söhbət gedə bilməz.

Bütün bu və digər məsələlər barədə suallarımıza cavab tapmaq üçün «Arazavia» MMC-nin direktoru Dilşad Əmirovanın telefonuna zəng vurduq. Dəstəyi qaldıran şəxs özünü onun köməkçisi İsmixan Mehdiyev kimi təqdim etdi və bildirdi ki, Dilşad xanım bir neçə gün olmayacaq. Köməkçi dedi: “Həmin şikayətlənən ticarətçilər dediyiniz adamlar qoy sizinlə birgə gəlsinlər, bizim yanımızda şikayətlərini təkrar etsinlər. Min dənə dükan var, nə bilim hansıdı. Kənardan çoxları çox söz deyə bilər. O ki qaldı şəhid ailələrinə, biz onlar üçün ümumi məbləğ köçürürük aidiyyəti fondlara. Bəyəm dövlət şəhid ailələrindən işıq, qaz, su pulu almır? Bir də ki, “Sədərək” başqa, “Binə” başqa!”

Digər suallarımıza isə məlumatlı olmadığını bildirərək cavab verməkdən imtina etdi.

Mövzuya qayıdacağıq.

Deryaz.az

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir