Cəmiyyət Manşet

Deputat oğlunun biznes maxinasiyaları – Ortada “kristal” kimi faktlar var…

Milli Məclisin “Şöhrət” ordenli deputatı Ağalar Vəliyevin şan-şöhrətini görmək üçün medya üzərindən qısa bir araşdırma aparmaq kifayətdir. Millət vəkili adlanan şəxsin indiyə qədər millətdən yana quruca bir çıxışı olmasa da barəsində türlü-türlü informasiyalar verilir. İndiyə qədər bir şəhid, qazi ailəsinə hər hansı yardımı toxunmayan A.Vəliyev Milli Məclisin sabiq sədri Oqtay Əsədova dəyəri milyonlarla ölçülən villa hədiyyə edib. Uçuq-sökük komalarda böyüyən və bu ölkənin zəfər tarixini yazan qəhrəmanlarımızın birinə bir otaq bağışlamayan tikinti maqnatı A.Vəliyev sabiq spikerinə qarşı görəsən nədən belə səxavətli davranıb? Bəlkə 2013-cü ildə bir məclisdə buraxdığı “səhv”inə görə o zamankı MTN şefinin toruna düşən deputat bir daha belə səhvlərə yol vermək istəməyib. Xatırladaq ki, o vaxt Ağalar Vəliyev MTN tərəfindən özünün səs yazısı ilə vurulmuşdu. Belə ki, yaxın ətrafı ilə bir məclisdə hökumətin sahibkarlara olan münasibətindən gileylənən iş adamının səsi yazılıb. Həmin səs yazısında Ağalar Vəliyev sətiraltı ifadələrlə bir sıra tənqidlər səsləndirib. Onu MTN-nə dəvət edərək, həmin səsyazısı qarşısına qoyulub və “müxalifətçi” ittihamı irəli sürülüb. Bu fakt qarşısında təslim olan deputatın 1 milyon pulu əlindən alınıb. Bundan başqa “Kristal Abşeron” yaşayış binalarının aşağı mərtəbəsində bir neçə obyekt yeri və mənzil də MTN rəhbərliyinə “hədiyyə” edilib.

“Kristal Abşeron” demişkən, fəaliyyəti heç də kristal olmayan bu şirkət haqqında da çoxsaylı məlumatlar vardır. Şirkətin qeyri-rəsmi sahibi olan deputatın tikinti sektorunda böyük payı var. İnşa edilən binalarda yol verilən qanunsuzluqlar, alıcılarla yaranan problemlər barəsində isə dastan bağlamaq olar. Deputatın rəhbəri olduğu “Azəraqrartikinti” ASC-də baş verənlər isə xüsusi araşdırma mövzusudur. Qeyri-şəffaf tenderlər, milyonlarla vəsaitin havaya sovrulması, özəlləşdirmə maxinasiyaları və s. Unutmayın ki, bu və sairədən sonra yenə də söhbət milyonların qaranlıq taleyindən keçir. Yoxa çıxan milyonların bir qismi isə deputatın oğlunun ölkədə və xaricdə rəhbərlik etdiyi şirkətlər tərəfindən “yuyularaq” yenidən dövriyəyə daxil olur. Pərviz Vəliyevin biznes şəbəkəsi Türkiyədə, Ukraynada, Gürcüstanda da şaxələnib. Beləcə Azərbaycanda havaya sovrulan milyonlar digər ölkələrdə “ikinci həyat” qazanır. Olmazmı ki, Azərbaycanın millət vəkili adını daşıyan bir şəxs elə biznesini öz ölkəsində çiçəkləndirəydi? Dövlət başçısı xarici sərmayədarları ölkəyə dəvət etdiyi halda “Şöhrət” ordenli deputatın oğlu hansı səbəbdən milyonları xaricdə dövriyəyə sürür? Sizcə də qeyri-anormal deyilmi?

Görünür A.Vəliyev cənabları millət vəkili statusunu daha çox biznes imperiyasının toxunulmazlığı üçün işlədir. Əks təqdirdə onun fəaliyyətindən bu millətə də bir zərrə xeyir toxunardı. Ən azından böyük qələbəmizdən keçən bir ildə bu baş verməyibsə fikirləşməyə dəyər. Ortada “kristal” kimi faktlar var…
Rubrika.Az

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir