Cəmiyyət Manşet

Dörd vəzifə daşıyan Eldar Quliyevə niyə güzəşt olunub? – AĞSAQQALA CAVAN MƏSLƏHƏTİ…

Bu günlərdə Milli Məclisin deputatı Eldar Quliyevdən müsahibə almaq, onunla gündəmi dəyərləndirmək istədik. Deputatın telefon nömrəsini əldə etmək üçün bir neçə həmkarımıza zəng etdik. Həmkarlarımız əlaqə saxlamağın faydasız olduğunu, deputatın vaxtı olmadığından müsahibəyə razılıq verməyəcəyini bildirdilər. Millət vəkili bizə müsahibə verməkdən imtina edə bilərdi. Amma vaxt məhdudluğu bizə bir az qəribə gəldi. Çünki biz Eldar müəllimin cəmi bir saat vaxtını alacaqdıq. Hər halda millət vəkili işini elə qurmalıdır ki, jurnalistlərə də vaxt tapa bilsin. Nə isə. Açığı həmkarlarımızın bu arqumentinə inanmadım. Bu günlərdə Eldar Quliyevlə zəngləşdik. Ədalət naminə deyək ki, hörmətli millət vəkili bizimlə kifayət qədər nəzakətli formada danışdı. Amma jurnalist dostlarımız haqlı imiş. Millət vəkili vaxtının olmadığını bildirərək müsahibə verməkdən imtina etdi. Deputat bizim informasiya agentliyinə müsahibə vermək istəmədiyini desəydi, anlayışla qarşılayardıq. Amma “vaxtım yoxdur” deyib yola vermək ağsaqqal millət vəkilimizə yaraşan hərəkət deyil.

Bəs Eldar Quliyevin niyə vaxtı yoxdur? Bir az araşdırma apardıqdan sonra aydın oldu ki, bu qədər vəzifə daşıyan adamın vaxt məhdudluğu təbiidir. Gəlin, vaxtı məhdud olan hörmətli millət vəkilimizlə bir daha tanış olaq.

Eldar Quliyev Milli Məclisin deputatı, Kooperasiya Universitetinin rektoru, “Azərittifaq”ın və Azərbaycan Ağsaqqallar Şurasının sədridir. O, 1993-cü ildən Azərbaycan Mərkəzi Kooperativlər İttifaqına, 2011-ci ildən Kooperasiya Universitetinə, 2020-ci ildən Azərbaycan Ağsaqqallar Şurasına rəhbərlik edir, 2000-ci ildən isə Milli Məclisin deputatıdır.

70 yaşını haqlamış Eldar müəllim üçün bu qədər vəzifəni icra etmək yəqin ki, asan deyil. Bu qədər işi fiziki cəhətdən çatdırmaq da mümkün deyil. Çünki “Azərittifaq”dan başqa, digər üç qurum kifayət qədər aktivlik tələb edir.

Milli Məclisin bundan əvvəlki çağırışlarında parlamentdə rektor deputatların sayı çox idi. Azərbaycan Tibb Universitetinin sabiq rektoru Əhliman Əmiraslanov, Azərbaycan Dillər Universitetinin sabiq rektoru Səməd Seyidov, Azərbaycan İqtisad Universitetinin sabiq rektoru Şəmsəddin Hacıyev, Azərbaycan Müəllimlər İnstitutunun sabiq rektoru Aqiyə Naxçıvanlı, Bakı Dövlət Universitetinin sabiq rektoru Abel Məhərrəmov, Bədən Tərbiyəsi və İdman Akademiyasının sabiq rektoru Ağacan Abıyev, Odlar Yurdu Universitetinin rektoru Əhməd Vəliyev, Memarlıq və İnşaat Universitetinin rektoru Gülçöhrə Məmmədova həm də parlamentdə təmsil olunurdular. 2015-ci ilin parlament seçkilərində həmin deputatlara tövsiyə edildi ki, ya deputat seçilməli, ya da rektor olmalıdırlar. Beləliklə, həmin millət vəkillərindən çoxu yenidən Milli Məclisə seçkilərə qatılaraq deputat seçildilər və rektor vəzifəsindən azad olundular. Bəzi millət vəkilləri isə rektor vəzifəsində qalmağa üstünlük verdi. Sonrakı dövrdə həmin şəxslərin bir çoxu yenidən deputat seçilmədi, rektor vəzifəsindən də azad olundu.

Həmin vaxt bu tövsiyəyə yeganə bir deputat – Eldar Quliyev əməl etmədi. Əvvəldə qeyd etdiyimiz kimi, Eldar Quliyev həm Milli Məclisin deputatı, həm də Kooperasiya Universitetinin rektorudur. İndi sual yarana bilər ki, Kooperasiya Universiteti qeyri-dövlət ali təhsil müəssisəsidir. Amma söhbət dövlət və ya özəl ali məktəblərdən getmirdi. Tövsiyə belə idi ki, iki işi eyni vaxtda görmək olmaz. Odlar Yurdu Universiteti də özəl təhsil müəssisəsidir. Rektor Əhməd Vəliyev isə bu tövsiyədən sonra parlament seçkilərinə qatılmamışdı.

Hörmətli oxucularımız yəqin ki, xatırlayırlar. Milli Məclisin əvvəlki çağırışlarında bir sıra şirkət rəhbərləri də deputat idi. Dövlət Neft Şirkətinin sabiq prezidenti Rövnəq Abdullayevi, “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sabiq sədri Cavid Qurbanovu buna misal göstərə bilərik. Onlar da 2020-ci ilin parlament seçkilərində deputatlığa namizədliklərini irəli sürmədilər. Qeyd etdiyimiz kimi, Eldar Quliyev həm də “Azərittifaq”ın sədridir. Görünür, “Azərittifaq”ın sədri olmağı da onun deputat seçilməyinin qarşısını kəsə bilməyib. Bəs Eldar Quliyevə niyə güzəşt olunur? Əlbəttə ki, bu sualın cavabını biz bilmirik. Son illər Azərbaycanda geniş islahatlar aparılır, bəzi suallara cavab tapılır. Azərbaycan ictimaiyyətini maraqlandıran bu sualın da yəqin ki cavabı veriləcəkdir.

Bizim Eldar Quliyevə məsləhət verməyə nə hüquqi cəhətdən ixtiyarımız, nə də mənəvi haqqımız var. Digər üç vəzifəsini bir kənara qoyaq, Azərbaycan Ağsaqqalar Şurasının sədri olmağı bizdən ona hörmətlə yanaşmağı tələb edir. Amma jurnalist və vətəndaş kimi fikirlərimizi demək də bizim haqqımızdır.

Hörmətli Eldar Quliyev!

Estafeti gəncələrə ötürməyin vaxtı çatmayıbmı? Bəlkə icra etdiyiniz vəzifələrin bəzilərindən imtina edəsiniz! O zaman vaxtınız daha çox olar, cəmiyyətin istiqamətləndirilməsində daha fəal iştirak edərsiniz. Fikrimcə, bu barədə düşünməlisiniz. Bir adamın bu qədər vəzifə tutmağı doğru deyil. Gənclərə yol açmaq, yenilik etmək lazımdır. Bunu isə ilk növbədə ölkəmizin ağsaqqallarının başçısı etməlidir. Tutduğunuz vəzifə, sizə tapşırılan mənəvi missiya bunu tələb edir.

P.S. Onu da qeyd edim ki, bu fikirlər təkcə Eldar Quliyevə aid deyil. Bir neçə vəzifə daşıyan digər deputat və məmurlar da bu barədə düşünsə, yaxşı olar.

Tural Səfərov //ovqat.com//

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir