“Azərsu” ASC tərəfindən keçirilən tender müsabiqəsinin (Açıq tender) qalibi “Kaspi-Yıldız” MMC (VÖEN-1600582521) olub.
Zirveyolu.info yeniavaz.com-a istinadla xəbər verir ki, “Kaspi-Yıldız” MMC “Azərsu” ASC-yə 43 min 801 manat 60 qəpik dəyərində yüksək təzyiqli şlanqlar satacaq.
Məlumat üçün bildirək ki, nizamnamə kapitalı 10 manat olan “Kaspi-Yıldız” MMC 07.09.2005-ci ildə dövlət qeydiyyaytına alınıb. Qanuni təmsilçisi Əliyev Cəmaləddin Məzahir oğlu olan “Kaspi-Yıldız” MMC-nin hüquqi ünvanı “Nizami rayon, Özbəkistan, ev 24”-də yerləşir.
Onu da qeyd edək ki, 1996-cı ildə “Nizami rayon, Özbəkistan, ev 24E” ünvanında bənzər adda daha bir şirkət – “Kaspi Yıldız” Azərbaycan-Türkiyə Müştərək Müəssisəsi də dövlət qeydiyyatına alınıb. Bu şirkətin təsisçisi 78 saylı Lerik seçki dairəsindən millət vəkili seçilən İqbal Məmmədovdur. Nizamnamə kapitalı 45 000 dollar olan MMC-nin qanuni təmsilçisi isə Məmmədov Ramiz Fərman oğludur.
2019-cu ildə mətbuata verdiyi açıqlamada İqbal Məmmədov bildirib ki, o, 2010-cu ildə deputat seçildikdən sonra müəssisəyə rəhbərliyi qardaşına həvalə edib. Bir müddət “Kaspi Yıldız” Azərbaycan-Türkiyə Müştərək Müəssisəsinə rəhbərlik edən İqbal Məmmədovun qardaşı Asif Məmmədov isə 2006-2013-cü illərdə Balakən və Şamaxı rayonlarının İcra Hakimiyyətinin başçısı vəzifəsində işləyib.
Onu da bildirək ki, bu ilin yanvar ayında “Kaspi Yıldız” Azərbaycan-Türkiyə Müştərək Müəssisəsinin Türkiyə vətəndaşı olan təsisçilərindən biri Rafet Ekmekçioğlu özünə məxsus 50% payı İqbal Məmmədova verib. Nəticədə “Kaspi Yıldız” Azərbaycan-Türkiyə Müştərək Müəssisəsinin təsisçisi 100% pay ilə millət vəkili İqbal Məmmədov olub.
İqbal Məmmədovun təsis etdiyi şirkət uzun zamandır dövlət büdcəsinə olan böyük miqdarda vergi borcuna görə mətbuatda müzakirə olunur. Hazırda “Kaspi Yıldız” Azərbaycan-Türkiyə Müştərək Müəssisəsinin dövlət büdcəsinə 9 milyon 399 min 623 manat 41 qəpik vergi borcu var.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti də ötən ilin fevral ayında “Kaspi Yıldız” Azərbaycan-Türkiyə Müştərək Müəssisəsinə qarşı məhkəmə iddiası qaldırıb. Amma görünən odur ki, müəssisənin vergi borcu bu günə kimi ödənilməyib.
“Azərsu” ASC-nin tenderində qalib olan “Kaspi Yıldız” MMC isə ötən il “Azel Group” MMC tərəfindən məhkəməyə verilib.
Bundan başqa ötən il Azərbaycanın ən böyük bankı hesab olunan “Kapital Bank” da (Səhmlərinin 99,87%-i “Paşa Holdinq”ə məxsusdur) borc müqaviləsi üzrə mübahisələrlə əlaqəli olaraq millət vəkili İqbal Məmmədova, həmçinin Məmmədov Nəriman Qədir oğluna (deputatın atası), Məmmədov Çingiz Nəriman oğluna (deputatın qardaşı) və “Kaspi Yıldız” Azərbaycan-Türkiyə Birgə Müəssisəsinə qarşı məhkəmə iddiası qaldırıb.
Xatırladaq ki, İqbal Məmmədov 1982-88-ci illərdə Xalq Təsərrüfatı İnstitutunda İqtisadiyyat nazirinin müavini, SOCAR-ın sabiq prezidenti Rövnəq Abdullayev və “Azərsu” ASC-nin sabiq sədri Qorxmaz Hüseynovla birgə təhsil alıb.