44 Günlük Vətən savaşının iştirakçısı Quliyev Samit Samir oğlu sosial problemlər ucbatından Bakı şəhərində dilənir.
Zirveyolu.info bildirir ki, Gununsesi.info-nun xəbərinə görə, paytaxt küçələrinin birində əlil arabasında oturan qazi bacısı ilə birlikdə yol kənarında dayanaraq insanlardan kömək istəyir.
Onların sözlərinə görə, Ağdaş Rayon İcra Hakimiyyətinin başçısı və digər aidiyyatı orqanlardan heç biri onlarla maraqlanmayıb, problemlərini öyrənməyib. Müharibədən sonra ayaqlarında ciddi problemlər olan Samit bildirib ki, əksər zamanlar əlil arabasında hərəkət edir. Onu bu vəziyyətdə görən sakinlər qaziyə maddi yardım ediblər.
Gununsesi.info olaraq, dövlətimiz adına utanc gətirən bu hadisəni ictimailəşdirməyi özümüzə borc bildik.
Ümid edirik, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Müdafiə Nazirliyi və digər aidiyyati orqanlar qazimizin problemi ilə məşğul olacaq.
Onu da bildirək ki, Samit Quliyev Prezident İlham Əliyev tərəfindən Xocavəndin azad olunmasına görə medalı ilə təltif olunub.