ƏVVƏLİ BURADA: Millətin yox… biznesinin vəkili… – İLGİNC İDDİALAR...
DAVAMI:
Bütün yuxarıda sadalananlar o nəticəyə əsas vermir ki, A.Vəliyevin siyasi savadı və natiqlik qabilliyyəti çıxış etməyə imkan vermir. Əsla belə deyil. Məsələ burasındadır ki, biznesmen deputatımızın qalmaqallı çıxışları haqda da ilginc iddialar var. Bununla bağlı cumhuriyyet.az olaraq mediada yer alan və deputatın özü tərəfindən rəsmən təkzib olunmayan məlumatı olduğu kimi diqqətinizə çatdırırıq: “MTN İşi” ilə bağlı prosesə diqqət edəndə Eldar Mahmudovun və dəstəsinin iş adamları, məmurlarla yanaşı hətta Milli Məclis üzvlərini belə şantaj edərək, onların pulunu almaları faktı üzə çıxmaqdadır. Belə deputatlardan biri də iş adamı kimi tanınan Ağalar Vəliyev olub. “Azəraqrartikinti” Səhmdar Cəmiyyətinin idarə heyətinin sədri vəzifəsini tutan, həmçinin, Bakının bir çox məkanlarındakı “Kristal Abşeron” adlandırılan yaşayış binalarını inşa etdirən Ağalar Vəliyev MTN-nin “toruna” 2013-cü ildə düşüb. Saytımızı bilgiləndirən mənbənin sözlərinə görə, Ağalar Vəliyev MTN tərəfindən özünün səsyazı ilə “vurulub”. Belə ki, yaxın ətrafı ilə bir məclisdə hökumətin sahibkarlara olan münasibətindən gileylənən iş adamının səsi yazılıb. Həmin səs yazısında Ağalar Vəliyev sətiraltı ifadələrlə bir sıra tənqidlər səsləndirib. Onu MTN-nə dəvət edərək, həmin səsyazısı qarşısına qoyulub və “müxalifətçi” ittihamı irəli sürülüb. Bu fakt qarşısında təslim olan deputatın 1 milyon pulu əlindən alınıb. Bundan başqa “Kristal Abşeron” yaşayış binalarının aşağı mərtəbəsində bir neçə obyekt yeri və mənzil də MTN rəhbərliyinə “hədiyyə” edilib. Araşdırmamız zamanı Ağalar Vəliyevin MTN-dən zərərçəkən statusu ilə bağlı prokurorluğa şikayət etmədiyi də bəlli olub. Görünür, Ağalar Vəliyev özünün “siyasi səhvi” səbəbindən “ilişdiyindən” bu məsələnin arxasına getməkdən imtina edib.
Deputatın “Kristal Abşeron”unda baş verənlər
Ağalar vəliyevin biznesinə “Kristal Abşeron” MMC də daxildir. Belə ki, bu şirkətin təsisçisi Tovuzdan olan iş adamı Məhayət Nəbiyevdir. Şirkətin qeyri-rəsmi sahibi isə deputat Ağalar Vəliyevdir. Bununla bağlı cumhuriyyet.az bildirir ki, millət vəkilinin “krişalıq” etdiyi sözügedən şirkət Xırdalanda binalar inşa edib. Bu firmadan mənzil alanlar isə sözün əsl mənasında peşman olublar. Çünki alqı-satqı müqaviləsində məzənnəyə uyğun kredit ödənişi edilməsi bəndi yer alıb. Bu da 2015-ci ildəki 2 devalvasiyadan sonra payçıları müflis edib. Onlar dollarla kredit ödəməyə məhkum olunub.
Məsələn, 50 kvadratlıq mənzil 110 min manata başa gələcək. Sakinlərin isə dərdinin üstünə təzə dərd gəlib. Belə ki, “Kristal Abşeron” özəl müəssisə olduğu üçün qazın qiyməti qeyri – əhali kateqoriyası üzrə hesablanır. Şirkət istiliyin qiymətini 40 qəpikdən 70 qəpiyə qaldırıb. Şirkət indiyə qədər qazanxanaları “Azəristiliktəchizat” ASC-yə təhvil verməyib. Bu da azmış kimi, keçən aydan etibarən istilik 70 qəpikdən 80 qəpiyə qaldırılıb. İndi 50 kv mənzili olan sakin hər ay təkcə istiliyə 40 manat ödəniş etməlidir. İsti suyun kubmetri isə 2 manat 30 qəpikdən 3 manat 50 qəpiyə qaldırılıb. Dövlət suyu əhaliyə 50 qəpikdən satır, “Kristal Abşeron” isə od qiymətinə… Sakinlərin dediyinə görə, yaxın günlərdə Prezident Administrasiyasının qarşısına toplaşacaqlar. Onlar şirkətin soyğunçuluğundan şikayət etməyə hazırlaşırlar.
Dəniz kənarında çoxqübbəli villa
A.Bayramov ilə bağlı cummuriyyet.az olaraq media üzərindən apardığımız araşdırmalar zamanı daha bir maraqlı fakta rast gəldik. Belə ki, Ağalar müəllimin bir villasının görüntüləri da yayılıb. Həqiqətən də, Bakının Novxanı kəndi ərazisində ucaldılmış, gozəllikdə tayı-bərabəri olmayan bu çoxqübbəli villanin dəyəri milyonlarla ölçülür. Ümid və inamla ehtimal etmək olar ki, Ağalar Vəliyevin bu sənət əsəri büdcə vəsaitləri hesabına başa gəlməyib. Qeyd edək ki, bu bənzərsiz layihənin özəlliklərindən biri kimi villadan dənizə yeraltı tunel cəkilməsi ehtimalını söyləmişdik. Deyilənə gorə, millət vəkilinin dəniz sahilində yeraltı akvarium yaratmaq istəyi onun uşaqlıq arzusu olub.
Bəzi məlumatlara görə, akvariumda yerləşdirmək üçün dünya okeanında balina və delfin axtarışları gedir. Əldə etdiyimiz bu ilginc informasiya öz-özlüyündə ona görə maraq doğurur ki, “Azəraqrartikinti” ASC son bir neçə ildə büdcə vəsaitləri hesabına daha çox təmir-tikinti işləri aparan təşkilatlardan biri kimi ölkənin ən iri vergi ödəyiciləri sırasında yer alır. Ağalar Vəliyevin ortaqlıq etdiyi tikinti şirkətlərindən bəziləri ilə hesablaşmaqdan imtina etdiyi barədə gəzən söz-söhbətləri də nəzərə alsaq, hörmətli millət vəkilinin çoxqübbəli villasının tikintisinə hansı mənbələrdən vəsait əldə etməsi barədə müəyyən qənaətə gəlmək olar. Milli Məclisə ara-sıra şok hesabatları ilə gundəmdən düşməyən Hasablama Palatası deputat Ağalar Vəliyevin prezident sarayı ilə müqayisə edilə biləcək çoxmilyonluq mülkününün nəyin hesabına başa gəldiyini aşkarlaya biləcəkmi?
“Mənim bütün biznesim qanunidir”
Jurnalistlərin “millət vəkilləri özəl sahibkarlıqla məşğul ola bilməz” replikasına cavab verən Ağalar Vəliyev deyib: “Fəaliyyətim tam qanunidir, qanunsuz heç bir şey yoxdur. Mən Səhmdar Cəmiyyətin təsisçisiyəm. Ora özəl qurumdur. Mən rəhbər yox, təsisçiyəm, oranın icraçı direktoru var, biznes sahəsi ilə məşğul olan adam var, mən sadəcə millət vəkilliyimlə məşğulam”. Ağalar Vəliyevə cumhuriyyet.az olaraq həmin qanunu bur daha xatırladırıq. Azərbaycan Respublikası Konstitusiyasının 85-ci maddəsinin II hissəsi: II. İkili vətəndaşlığı olan, başqa dövlətlər qarşısında öhdəliyi olan, icra və ya məhkəmə hakimiyyəti sistemlərində qulluq edən, elmi, pedaqoji və yaradıcılıq fəaliyyəti istisna olmaqla, başqa ödənişli fəaliyyətlə məşğul olan şəxslər, din xadimləri, fəaliyyət qabiliyyətsizliyi məhkəmə tərəfindən təsdiq edilən, ağır cinayətlərə görə məhkum olunmuş şəxslər, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə azadlıqdan məhrumetmə yerlərində cəza çəkən şəxslər Azərbaycan Respublikasının Milli Məclisinə deputat seçilə bilməzlər. “…elmi, pedaqoji və yaradıcılıq fəaliyyəti istisna olmaqla, başqa ödənişli fəaliyyətlə məşğul olan şəxslər… Azərbaycan Respublikasının Milli Məclisinə deputat seçilə bilməzlər.” // cumhuriyyet.az//
Yuxarıda sadalanan faktlarla bağlı olaraq qarşı tərəfi də dinləməyə hazırıq…