Zirə qəsəbəsində yerləşən “Zeytun yağı və süfrəlik zeytun istehsalı zavodu”nun sahibi olan “Zirə Aqropark” MMC (VÖEN – 1503134451) “Azərenerji” ASC-nin prezidenti olan Baba Rzayev ilə qohumluq əlaqələri olan şəxslərə məxsusdur. Düşünülə bilər ki, burada qeyri-adi heç nə yoxdur. DİA.AZ bildirir ki, amma qeyri-adi olanı məhz həmin şirkətin Baba Rzayevin rəhbərliyi altında olan qurum və idarələrdən davamlı olaraq büdcə milyonlarını tender formasında ələ keçirməsi faktlarıdır.
Qeyd edək ki, “Zirə Aqropark” MMC-nin bir il əvvələ qədər qanuni təmsilçisi olan Soltanov Ayaz Üzeyir oğlu eyni zamanda “FF Construston” MMC-nin (VÖEN – 1500616851) qanuni təmsilçisidir. “FF Construston” MMC-nin hüquqi ünvanı isə Baba Rzayevin kürəkəni Fərid Fərhadzadənin qeydiyyatda olduğu – Fətəli xan Xoyski pr., ev 134, m. 28-də yerləşir.
Fərid Fərhadzadə Fövqəladə Hallar Nazirliyi yanında Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin rəisi olan general-mayor Rüfət Fərhadovun oğludur. Baba Rzayevin kürəkəni mətbuatda “Göknur Bakı Ltd” MMC-nin (VÖEN – 1500023181 ) müdiri kimi təqdim olunur. Bu şirkətin qanuni təmsilçisi isə Baba Rzayevin qardaşı Rahib Rzayevdir.
Bundan başqa “Zirə Aqropark” MMC-nin qeydiyyatada olduğu hüquqi ünvanda – Ziya Bünyadov, ev 2071-ci məhəllədə “GBS” QSC adlı (VÖEN-1500855231) şirkət də yerləşir. Bu şirkətə məxsus obyektlər də Zirədəki zeytun zavodu ilə eyni ərazidədir. Həmçinin “GBS” adı ilə başlayan başqa bir şirkətə – “GBS Constrasion Electro Mechanical Systems” MMC-yə (VÖEN – 1501472741 ) Baba Rzayevin digər qardaşı Emin Rzayev rəhbərlik edir.
Hər halda bu faktlar, indi də olmasa… yaxın gələcəkdə – Baba Rzayev silisə çəkiləndə hüquqi araşdırmaçıların işinə yarıyacaq…
Dia.az